«Mənim bu həftə ərzində Avropa Parlamentində, Avropa Şurasında və bir sıra beynəlxalq təşkilatlarla görüşlərim nəzərdə tutulub. Həm də cərrahiyyə əməliyyatına ehtiyacım var. Azərbaycan səhiyyə sisteminə inanmadığımdan cərrahiyyə əməliyyatının da Avropa ölkələrinin birində keçirilməsini istəyirəm. Aeroportun «pasport kontrol» deyilən ərazisində gömrük işçisi mənə geri qayıtmağımı bildirdi və dedi ki, Baş Prokurorluq ölkədən çıxışıma qadağa qoyub».
Bunu bloqer Mehman Hüseynov deyib. O, Baş Prokurorluğun onun çıxışına qadağa qoymasına inanmır: «Mənim adımı sistemə vurduqda, gömrük işçisinin üzünün ifadəsi dəyişdi. O, harasa zənglər etməyə başladı, sonra 4-5 nəfər əlavə şəxslər bizə yaxınlaşdı. Yenə zənglər, yenə zənglər. Sanki yenə də məni bu ölkədə girov saxlamaq üçün əllərindən gələni edirlər».
M.Hüseynov artıq səkkizinci ildir ki, ölkədən xaricə buraxılmadığını bildirib: «Mən artıq hüquqi prosedurlardan bezmişəm. Nə qədər şikayət etmək olar?! Həbsdən əvvəl mənə sənədlərimi vermirdilər. Ona görə bu işləri hüquqi yolla nizama salmağa çalışırdıq. İndi cəzamı çəkmişəm, yeni cinayət işinə xitam verilib. Həbsdən sonra arxivim təmiz idi. Yəni heç bir əngəl olmamalı idi. Bütün rəsmi sənədlərimi almışam. Xarici pasportu çox rahatçılıqla almışdım. Mən artıq bu hüquqi prosedurlardan bezmişəm. Yenə də harasa şikayət edim? Görünür bunlar mənim ailəmə yenə nifrətlə yanaşırlar və məni girov kimi saxlamaq istəyirlər».
M.Hüseynov ölkəni daimi tərk etmək fikrində olmadığını bildirib: «Sizin vasitənizlə də bildirirəm ki, mənim elə bir planım yoxdur. Mən ölkəmizi daha inkişafda görmək üçün mübarizəmi daxildə davam etdirmək istəyirəm».
Bloqer həmçinin bildirib ki, sağlamlığı ilə bağlı çox ciddi problemləri var.
«Ayağımda olan problemlər məni çox narahat edir. Ağrılara demək olar ki, dözmək olmur», - o qeyd edib.
M.Hüseynovun bu açıqlamasına, hələlik, Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Mehman Hüseynovu ölkədən buraxmayıblar
Ötən ay azadlığa çıxan bloqer Mehman Hüseynovun aprelin 9-da ölkədən çıxışına icazə verilmədiyi bildirilir.
Bu barədə M.Hüseynovun mühacirətdə olan qardaşı, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov bildirib. Onun deməsinə görə, M.Hüseynov Avropada bir sıra beynəlxalq tədbirlərdə iştirak etmək niyyətində olub.
Qardaşının vurğulamasına görə, Berlinə uçmaq istəyən M.Hüseynova sərhəd yoxlamasında bildiriblər ki, Azərbaycanın Baş Prokurorluğu onun ölkədən çıxışına qadağa qoyub. E.Hüseynov qeyd edib ki, bununla bağlı M.Hüseynova hər hansı səbəb göstərilməyib.
Qardaşının sözlərinə görə, bloqerin ölkədən çıxışına imkan verməməkdən ötrü hər hansı hüquqi əsas yoxdur. «İkiillik həbs cəzasını sonuna kimi çəkib, azadlığa çıxdıqdan sonra xarici pasport alıb», - o vurğulayıb.
Qardaşının deməsinə görə, M.Hüseynov elə bu gün, aprelin 9-da Berlindən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi məsələlər və insan haqları ilə bağlı konfranslarında iştirak etməkdən ötrü Strasburqa getməli idi. «Çərşənbə günü, yəni, aprelin 10-da M.Hüseynov RATİ-nin də üzv olduğu Jurnalist Təşkilatlarının Beynəlxalq Şəbəkəsi təşkilatının illik konfransında iştirak etməyi planlaşdırırdı», - E.Hüseynov deyib.
Bu açıqlamaya, hələlik, Baş Prokurorluq və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Bloqer Mehman Hüseynov bu il martın 2-də azadlığa çıxıb. O, 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilmişdi.
Bloqer həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer ittihamı qurama sayırdı.
Yanvarın 22-də isə Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlamışdı.
Martın 2-də onun həbs müddəti başa çatırdı.