Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:17

Prezident Mehman Hüseynovla bağlı baş prokurora tövsiyə verib


Mehman Hüseynov
Mehman Hüseynov

Azərbaycan prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Mehman Hüseynovla bağlı AZƏRTAC-a açıqlama verib.

Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov 2019-cu il yanvarın 20-də Azərbaycan prezidentinə müraciət edib.

Rəsmi agentlikdə yer alan məlumata görə, müraciətdə o, barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi və ədalətli qərar qəbul olunmasından ötrü Azərbaycan prezidentinin müdaxilə etməsini xahiş edib.

Açıqlamada vurğulanıb ki, bundan öncə Mehman Hüseynovun məsələsi ilə əlaqədar bir qrup hüquq müdafiəçisi də Azərbaycan prezidentinə müraciət ünvanlayıb.

Hüquq müdafiəçiləri baş vermiş insidentlə əlaqədar süni şəkildə ajiotaj yaradıldığını, yalan məlumatların yayıldığını, yanlış ictimai rəy formalaşdırmağa cəhdlər edildiyini qeyd ediblər:

“Azərbaycan prezidentinin yüksək humanizm prinsipinə daim sadiqliyini xüsusi vurğulayaraq, Mehman Hüseynovun barəsində də mərhəmət göstərilməsini xahiş etmişlər.”

Fuad Ələsgərov habelə qeyd edib ki, müraciətlər Azərbaycan prezidentinin diqqətinə çatdırılıb:

“Cənab prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini,... nəzərə alaraq,Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib”, Fuad Ələsgərov vurğulayıb.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, həbsdə olan bloqqer Mehman Hüseynovun yanvarın 20-də prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Bloqqerin olduğu qeyd edilən məktubun mətnini “Report” agentliyi yayıb.

“Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Lakin keçən il 26 dekabrda cəza çəkdiyim müəssisədə insident baş verdi və bu hadisəyə görə mən günahlandırılmışam. Hadisə barədə geniş yazıb vaxtınızı almaq istəməzdim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam”

Məktubda daha sonra bu cümlələrin yer aldığı bildirilir:

“2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mən əvvəllər də dediyim kimi kiminsə hərəkətinə görə məsuliyyət daşımıram. Amma kiminsə mənim vəziyyətimdən özü üçün istifadə etməsini də istəmirəm. Məni yalnız bir şey maraqlandırır. Azadlığa çıxmaq. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir. Sizdən xahiş edirəm araşdırmanın düzgün aparılmasına göstəriş verəsiniz. Sizin müdaxiləniz olsa, əminəm ki, mənim işim üzrə qərar ədalətli olacaq”

Məsələ ilə bağlı Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov da “ Turan “ agentliyinə bunları deyib:

“Mehman Hüseynov həqiqətən prezident İlham Əliyevə müraciət edib. Onun müraciəti saxlanıldığı təcridxananın rəhbərliyi vasitəsi ilə ünvanına göndərilib. Hüseynov həmçinin, müraciətini media orqanlarına ünvanlayıb,”

Emin Hüseynov: “Bütün siyasi məhbusların məsələsi həll edilməlidir”

Amma bloqqerin vəkilləri bu müraciətdən xəbərsiz olduqlarını bildiriblər.

Mehman Hüseynovun hazırda mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov isə deyib ki, əgər belə bir müraciət olubsa, bunu normal qarşılayır. Onun fikrincə, təkcə Mehman Hüseynovun yox, bütün siyasi məhbusların məsələsi həll olunmalıdır.

Eyni zamanda Emin Hüseynov vurğulayıb ki, 2019-cu il yanvarın 18-də Mehman Hüseynov təzyiq altında olduğunu bildirib, onun adından yazılan heç nəyə inanmamağı söyləyib.

Emin Hüseynovun bu dediklərinə isə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Bloqqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.

Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla ona əlavə olaraq 7 il həbs cəzası verilə bilər. Bloqqer ittihamı qurama sayır.

Bu günlər ölkə daxilində və ondan kənarda Mehman Hüseynovun müdafiəsi ilə bağlı bir çox aksiyalar keçirilib.

Ölkə daxilində keçirilən aksiylarda saxlanan şəxslərdən 10-a yaxını kütləvi aksiyaların keçirilməsi qaydasını pozmaqda günahlandırılaraq inzibati qaydada 20-25 gün arası həbs ediliblər. Müxalifət partiyalarının iddiasına görə, həmin aksiylar ərəfəsində də təşkilatçılardan onlarla şəxs də saxlanıb. Onlardan da 10-dan çoxunun inzibati qaydada həbs edildiyi bildirilir.

4 gün əvvəl, yanvarın 17-də isə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan hökümətindən Mehman Hüseynov və başqa siyasi məhbus sayılan şəxslərin dərhal azadlığa buraxılması istənilirdi.

Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, ölkədə 150 civarında siyasi məhbus var.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Rəsmilərin bildirməsinə görə, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikıləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG