Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:44

Mehman Hüseynov azad olundu: 'Başıma torba keçirdilər...'


Mehman Hüseynov azad olunub. 10yan2017
Mehman Hüseynov azad olunub. 10yan2017

Bloqqerə işgəncə verilib-verilmədiyi araşdırılacaq

Mehman Hüseynova işgəncə verilib-verilmədiyini Nəsimi Rayon Prokurorluğu araşdıracaq.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb:

“Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib 200 manat cərimə olundu.

Eyni zamanda, məhkəmə qərar verdi ki, Mehman Hüseynova işgəncə verilməsi şikayəti ilə bağlı Nəsimi rayon prokurorluğu araşdırma aparsın” - deyə vəkil bildirir.

* * *

Mehman Hüseynov deyib ki, onu Nəsimi Rayon Polis İdarəsinin rəis müavinin yanına gətiriblər. Orada deməsinə görə, ürəyi gedib:

“Mən özümdən getmişəm. Birdə hiss etdim ki, əlimi qaldırıb hansısa sənədə qol çəkdirirlər. Bunlar bu vəziyyətdən istifadə ediblər”

Mehman Hüseynov deyib ki, onun üstünə təcili yardım çağırıblar.

Bloqqer məhkəməyə də toxunub.

“Hakim özü mənə ittihamın qurama olduğunu gördü. 200 manat cərimə edildim. O cəriməni də ödəməyəcəyəm”

Buna da bax:​ Bloqçu: 'Gördülər 'ağıllanan' deyiləm buraxdılar'

M.Hüseynovun vəkili Elçin Sadıqov məhkəmədən sonra qərarla razılaşmadıqlarını, apelyasiya şikayəti verib onun ləğv edilməsini tələb edəcəklərini bildirib.

* * *

Nəsimi Rayon Məhkəməsi Mehman Hüseynovu sərbəst buraxıb.

Mehman Hüseynov: “Mən sınmamışam”

“Mən sınmamışam”

Bunu azadlığa çıxan kimi Mehman Hüseynov deyib.

O qeyd edib ki, yanvarın 9-u axşam saatlarında saxlanarkən başına torba keçiriblər. Mehman Hüseynov qeyd edib ki, maşına mindirilərkən fiziki zorakılıqla üzləşib:

“Mən 3 saat başımda torba, üzü aşağı saxladilar. Vurdular, hiss edirdim ki, burnumdan qan gəlir. Mən dözürdüm. Nəfəsim kəsilirdi. Məni sözlə təhqir edirdilər”

* * *

«Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılır. Ondan guya bir nəfər şikayət edib. Həmin adam deyib ki, «Torqovı»da işə düzəlməyə gedərkən, yolda Mehman ona çiyni ilə toxunub. Bunun səbəbini soruşduqda onu söyüb. Sonra polis çağırıblar».

Buna da bax: Deputat Mehman Hüseynovun videosu haqda danışır

Bunu jurnalistlərə vəkil Elçin Sadıqov deyib. O bildirib ki, hələ Mehman Hüseynovla görüşə bilməyib: «Hakim polisə dedi ki, Mehman Hüseynovu vəkillə görüşdürün. Ancaq polis şərait yaratmadı».

Vəkil deyib ki, həmin maddə ilə Mehman Hüseynovu 30 sutka inzibati həbs və ya cərimə gözləyir.

'Dövlət qurumları cinayət şəbəkəsi kimi fəaliyyət göstərir'

«Səbəb nə göstərilir, göstərilsin, Mehman Hüseynov bloqqer fəaliyyətinə görə saxlanılıb». Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli belə deyir. «Mehman sıradan bir adam deyil, ictimai rəyə təsir edən bloqqerdir, onun hər videosu son aylarda ictimai rəy yaradıb. İri məmurlar, nazirlərlə bağlı korrupsiya faktlarını açıqlayıb, amma bunların böyük hissəsi araşdırılmayıb», – hüquqşünas söyləyir.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

O hesab edir ki, bu hadisə idarəetmədə və təhlükəsizliklə bağlı ciddi problemlər olduğunu göstərir: «Bir ölkədə Daxili İşlər Nazirliyinə müraciət edilir və onun mətbuat xidməti «Biz də axtarırıq» deyirsə, bu, ciddi problemdir. Vətəndaşın təhlükəsizliyi dövlətə əmanətdir, o məsuliyyət daşıyır».

Buna da bax:​ Parlamentdə 'Meydan TV', 'Sancaq' söhbəti-[video]

Hüquqşünasın sözlərinə görə, Mehman Hüseynovun 14-15 saatdan sonra polisdə olmasının üzə çıxması da yaxşı hal deyil: «BMT-nin 2006-cı ildə qəbul edilmiş məcburi yoxaçıxmalarla bağlı konvensiyası var, orda dövlət orqanlarının bu tip insanları oğurlayıb xəbər verməməsi cinayət əməli sayılır. Azərbaycan da BMT üzvü olduğu üçün bu konvensiyaya hörmətlə yanaşmalıdır. Yəni, Mehman Hüseynovun polis tərəfindən saxlanılmasının sonradan üzə çıxması dövlət qurumlarının cinayət şəbəkəsi kimi fəaliyyət göstərməsinin sübutu olacaq».

Bloqqer polisə müqavimətdə günahlandırılır

Mehman Hüseynov polisə müqavimətdə günahlandırılır.

Bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

«Mehman Hüseynov hal-hazırda Nəsimi Rayon Məhkəməsindədir. İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi-polisin qanuni əmrinə tabe olmamağa görə tutulub. İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov baxacaq»,-deyə vəkil yazır.

Buna da bax: '12 jurnalist, bloqçu ifadə azadlığına görə həbsdədir'

Məhkəməyə aparılıb

Bloqqer Mehman Hüseynovu 22-ci polis bölməsinin saxladığı bildirilir.

Bu barədə vəkil Elçin Sadıqov özünün Facebook səhifəsində yazıb. «Nəsimi polisindən dedilər ki, indi Nəsimi Rayon Məhkəməsinə aparıblar. Gedirəm ora»,-deyə vəkil yazır.

DİN araşdırır

Daxili İşlər Nazirliyi (DİN) bloqqer Mehman Hüseynovun saxlanıb-saxlanmadığını araşdırır.

Bu haqda Modern.az-a DİN-nin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O deyib ki, məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlama veriləcək.

Buna da bax:​ Mehman Hüseynov: 'Əminiydilər ki, villanı çəkməmişəm'

Bloqqerdən, hələ ki, xəbər yoxdur

«Bloqqer Mehman Hüseynovla bağlı axtarışlara başlamışam». Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

O, yanvarın 10-u səhər saatlarında ilk olaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdiyini deyir. Vəkilin bildirməsinə görə, amma orada ona hər hansı məlumat verilməyib: «Orada məlumat vermədilər. Növbətçi hissədən dedilər ki, kim tutduğunu deməsəniz (əməliyyatının və ya müstəntiqin adını), biz sizə bir söz deyə bilmərik».

E.Sadıqov daha sonra Bakı şəhər Baş Polis İdarəsinə yollanıb. Oradan da bloqqerlə bağlı hər hansı məlumat almayıb.

Vəkil qeyd edir ki, Mehman Hüseynovun axtarışını davam etdirəcək.

«Oğurlayıblar...»

Bloqqer Mehman Hüseynovun yaxınları onun oğurlandığını düşünür.

NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli Facebook sosial şəbəkəsində yazıb ki, artıq bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.

Buna da bax-Bloqqer: 'Paltarımın ciblərini çölə çıxarmışam, başqa yolum yoxdu'

«Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülkigeyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür», – Ü.Həsənli yazır.

M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin «Sancaq» səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb:

«Bu gün (9 yanvar) Həzi Aslanov küçəsi ilə Qoqol küçəsinin kəsişməsində kafedən çıxarkən 5-6 naməlum şəxs tərəfindən zorla tutulub və naməlum istiqamətə aparılıb. Saxlanılarkən iki nəfər ağzını tutub və səs-küy salmasına imkan verməyib».

Buna da bax-Təxribatla üzləşən bloqqer: 'Məsuliyyəti hakimiyyət daşıyır'

Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazır: «Ancaq Azərbaycanda adam itkin düşəndən sonra polis idarələrində tapıla bilər. Mehman Huseynov haradasan? 102-yə zəng etdim ki, müvəkkilimi oğurlayıblar. Onlardan cavab gözləyirəm... Sübh tezdən axtarışları davam etdirəcəm».

Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb.

Son vaxtlar bloqqer öz səhifəsində bir neçə villanın görüntülərini yayıb. O, həmin villaların nazirlərə, deputatlara məxsus olduğunu açıqlayıb. M.Hüseynovu daha öncə Bakı polisinə çağıraraq, ona sosial şəbəkələrdəki statusları ilə bağlı iradlar bildirilmişdi.

Buna da bax:

Bloqqer polisə tabe olmamada ittiham olunur
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

XS
SM
MD
LG