Bu gün, yanvarın 30-da yaxınları 1 saylı Bakı İstintaq Təcridxanasında bloger Mehman Hüseynova baş çəkiblər. Bu, ona qarşı qaldırılan yeni cinayət işinə xitam verildikdən sonra blogerin özdoğmaları ilə ilk görüşü olub.
Mehman Hüseynovun qardaşı, hazırda mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov bildirib ki, aclıq aksiyasından sonra bloqerin səhhəti tədricən düzəlib. “Mehman 33 gündən sonra azadlığa çıxacağı günü səbirsizliklə gözləyir. Azadlığa çıxdıqdan sonra ilk işi səhhətini tam bərpa etmək və sonra gündəlik işinə başlamaqdır”, - qardaşı qeyd edib.
Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Mehman Hüseynov dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloger ittihamı qurama sayırdı. O, həbsdə aclıq aksiyasına başladığını açıqlamışdı və bununla bağlı onun səhhətinin pisləşdiyi bildirilirdi. Ancaq penitensiar xidmət isə blogerin yalnız bir gün aclıq etdiyini vurğulayaraq onun səhhətində problem yaşanmadığını açıqlamışdı.
Azərbaycanda və ondan kənarda bloqerin müdafiəsi ilə bağlı bir çox aksiyalar keçirilmişdi. Hətta Avropa Parlamenti bu günlər qətnamə qəbul edərək Azərbaycan hökumətini Mehman Hüseynov və başqa siyasi məhbus sayılan şəxsləri dərhal azadlığa buraxmağa səsləmişdi.
Yanvarın 22-də Baş Prokurorluq bloger barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb.
Buna səbəb kimi isə blogerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da öz növbəsində bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.
Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.