Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

'Mehmana azadlıq!' yürüşünə görə həbs cəzası alanlar var


Aksiya. 3 yanvar 2019
Aksiya. 3 yanvar 2019

Bir gün öncə Bakıda metronun «Neftçilər» stansiyası yaxınlığında «Mehman Hüseynova azadlıq!» və başqa şüarlarla keçirilən aksiyada saxlanılan şəxslər yanvarın 4-də məhkəmə qarşısına çıxarılıb. Nizami Rayon Məhkəməsinin qərarıyla saxlanılan xanımlar - Mətanət MahmırzayevaFatimə Mövlamlının hər biri 300 manat cərimələnib. Onlar İnzibati Xətalar Məcəlləsinin 513.2 (yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlərin təşkili, keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib. Eyni maddə ilə ittiham olunan bloqqer Fərid Abdinova isə 400 manat cərimə kəsilib.

«Kanal 13» internet televiziyasının əməkdaşı Nurlan Libre (Qəhrəmanlı), Səxavət Nəbiyev Elmixan Ağayevə 20-25 günlük inzibati həbs cəzası verilib.

Azel.tv saytının baş redaktoru Əfqan Sadıqlıya 22 sutka həbs, Pərvin Abışovaya isə 300 manat cərimə kəsilib.

Cərimələnən şəxslərdən M.Mahmırzayeva AzadlıqRadiosuna bildirib ki, haqqındakı qərar əsassız və ədalətsizdir: «Mən neyləmişəm ki? Sadəcə, konstitusion hüququmdan istifadə edib, Mehman Hüseynova qarşı haqsızlığa etirazımı bildirmişəm. Haqsız tutulmuşam. Əgər deyildiyi kimi, biz müstəqil, azad ölkədə yaşayırıqsa, deməli, etirazımızı ifadə etmək hüququmuz da olmalıdır. Mehman 7-8 gündür acdır, buna necə biganə qalaq?».

M.Mahmırzayeva onu da bildirib ki, polis bölməsində onun haqqında imzalanan inzibati xətaya dair protokolu imzalamaqdan imtina edib: «Çünki mən heç bir inzibati xəta törətməmişəm».

F.Mövlamlı AzadlıqRadiosuna bildirib ki, ona kəsilən 300 manatlıq cəriməni nə ödəmək niyyətindədir, nə də buna imkanı var: «Birincisi, qanunsuz qərardır. İkincisi də necə ödəyim? Bundan əvvəl 17 noyabrda – Milli Dirçəliş Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etdiyimə görə Səbail Rayon Məhkəməsi 500 manat cərimələmişdi».

Həbs cəzası verilən fəallardan S.Nəbiyevin həm saxlanılarkən, həm də ondan sonra polis bölməsində döyüldüyü bildirilir. M.Mahmırzayevanın bildirdiyinə görə, onun üzərində xəsarətlər var: «Səxavət bəyi çox pis döymüşdülər, bəlkə də ona görə 20 sutka həbs verdilər ki, bu müddətdə xəsarətlər sağalsın».

Aksiya zamanı saxlanılan jurnalistlərdən Sevinc Vaqifqızı da polislərin kobud rəftar etdiyini bildirir: «Polisə düşəndə saat 14:30 idi, polisdən çıxanda 22:40. Bu müddətdə saxlanılan 15 nəfərə valideynləri, dostları ilə əlaqə saxlayıb harada olduqlarını deməyə imkan vermədilər. Uşağı bağçada olan və onu götürməsi gərəkən Gülnarə Akifqızına bağça ilə əlaqə saxlamağa icazə vermədilər. Uşağı evdə tək qalan Pərvin Abışovaya imkan vermədilər ki, uşağının yanına adam göndərsin. 54 yaşlı Elmixan Ağayevin qolunu burmuşdular, tərpədə bilmirdi. Gülnarənin gödəkcəsini cırmışdılar. Pərvin tutulan zaman başı yerə dəymişdi və polis bölməsində iki dəfə huşunu itirib yerə yıxıldı. Səxavət Nəbiyev və Fatimə Mövlamlı polis maşınında döyülüb və təhqir olunub. Polislər də deyirdi ki, qadınsınız, gedin evdə yeməyinizi bişirin, sizin aksiyada nə işiniz var? Xanımlar da dedi, Mehman 8 gündür acdır, ona görə boğazlarından yemək keçmir. Etiraz etmək isə onların təbii haqqıdır».

Bu deyilənlərə qarşı tərəfin mövqeyini almaq mümkün olmayıb.

Xatırlatma

Yanvarın 3-də bir qrup ictimai fəal 2 illik həbs cəzasının başa çatmasına bir neçə ay qalmış əlavə ittihamla üzləşən bloqqer Mehman Hüseynovun azadlığa buraxılması tələbiylə Bakıda aksiya keçiriblər. Onlar əllərində Mehman Hüseynovun plakatlarını tutaraq «Mehmana azadlıq», «Azadlıq» şüarları səsləndiriblər.

Aksiya iştirakçılarına polis müdaxiləsi olub. Onlardan bəziləri məcburi qaydada polis maşınına mindirilərək aparılıblar.

Rəsmi məlumata görə, M.Hüseynov bir həftə öncə, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs gözləyə bilər.

Vəkillərinin bildirməsinə görə, M.Hüseynovun özü ittihamı qurama sayır. Ailəsinin bildirməsinə görə, o, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başlayıb. Bloqqerin yaxınları bu üzdən onun səhhətinin ağırlaşdığını bildirmişdilər.

Ancaq Penitensiar Xidmətdən yanvarın 1-də bildiriblər ki, M.Hüseynov yemək qəbul edir.

XS
SM
MD
LG