Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:13

Mehman Əliyev: 'Mehriban Əliyevanın başqa işi olmayıb'


Mehriban Əliyeva birinci vitse-prezident oldu
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00

Mehriban Əliyeva birinci vitse-prezident oldu

Birinci ledi Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsindən bir il ötür. Onun birillik fəaliyyətini kim necə dəyərləndirir?

AzadlıqRadiosuna danışan siyasətçilər, ekspertlər yalnız bunu deyirlər ki, bir ildə o, daha çox komandasını formalaşdırmaqla məşğul olub. Onların əksəriyyəti bu fikirdədir ki, M.Əliyeva məhz 2018-ci ilin növbədənkənar prezident seçkisindən sonra özünü göstərmək imkanı əldə edəcək.

M.Əliyev
M.Əliyev

Mehman Əliyev: «Başqa işi olmayıb»

«Turan» xəbər agentliyinin direktoru Mehman Əliyev deyir ki, bir ildə «müəyyən dərəcədə» Birinci vitse-prezidentin komandasının formalaşması gedib, ancaq «başqa işi olmayıb»:

«Əslində, ona sosial-iqtisadi blok həvalə edilmişdi. Ancaq o, sosial-iqtisadi blokla məşğul olmayıb».

M.Əliyev hesab edir ki, Birinci vitse-prezidentin vəzifədə özünü göstərə bilməsi üçün ilk növbədə bu bir ildə struktur dəyişiklikləri baş verməliydi, vəzifə bölgüsü aparılmalıydı və o da fəaliyyətə başlamalı idi.

«Düzdür, keçən il ölkədə müəyyən struktur dəyişiklikləri oldu, yeni dövlət strukturlarının yaradılması və ya birləşdirilməsi, bəzi şəxslərin vəzifədən getməsi, azca da olsa, baş verdi. Görünən budur ki, hər şey 2018-ci ilə saxlanılıb. Ona görə də tələsik seçkilər keçirilir, məqsəd prosesə seçkilərdən sonra start verməkdir. Ona görə də nəsə baş verəcəksə, bu il olacaq. Yəni komandada böyük dəyişikliklər, eləcə də struktur dəyişikliyinin sürətlənməsi və yeni gedişlər ediləcəyi gözlənilir», – M.Əliyev belə düşünür.

A.Qasımlı
A.Qasımlı

Azər Qasımlı: «Niyə təyin olundu, nə etdi?»

Hakimiyyətə müxalifətdə olan REAL-ın siyasi məsələlər üzrə katibi Azər Qasımlı isə təmsil etdiyi qurumun və şəxsən özünün M.Əliyevadan heç bir gözləntisi olmadığını bildirir.

«Biz əvvəlcədən demişdik ki, bu, yanlış qərardır. Yəni Konstitusiyanın dəyişdirilməsi ilə vitse-prezidentlik institutunun gətirilməsi doğru addım deyil. Bu, idarəçilik strukturunda paralellik yaradacaqdı. Yaratdı da. Bir çoxlarının gözləntisi vardı ki, Prezident Administrasiyası ilə vitse-prezidentin yaradacağı struktur arasında gərginlik olacaq. Amma açıq müstəvidə belə bir gərginliyi müşahidə etmədik», – Əliyevanın bir illik fəaliyyəti barədə müşahidələrini bölüşən REAL təmsilçisi belə söyləyir.

O bu vaxt ərzində M.Əliyevanın öz strukturunu yaratmağa cəhd göstərdiyini qeyd etsə də, çoxlu sualların yarandığını da qeyd edir: «Bu struktur nədən ibarətdir, vitse-prezidentin işi, funksiyaları nədən ibarətdir, hansı sahələrə cavabdehdir, hansı işi görür?.. Bu haqda nəsə deyə bilmərəm. Bu haqda ictimaiyyətdə heç bir məlumat yoxdur. Sadəcə, bir il əvvəl Birinci vitse-prezident təyin edildi, amma ortada iş görmürük. Niyə təyin olundu, nə etdi?.. Ortada effektiv nəticə yoxdur. Bir qərar idi, verildi. Bu qərarın arxasında nə durur, nə etdi, nə edəcəyi barədə cəmiyyət heç nə bilmir».

Şikayətinizi Mehriban Əliyevaya, yoxsa dövlət qurumuna edərsiz?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

YAP-çı: «Kaş elə...»

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) geniş şərh almaq mümkün olmayıb. Bu partiyadan deputat seçilən Rafiq Məmmədhəsənov AzadlıqRadiosuna M.Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətini müsbət yüksək qiymətləndirdiyini bildirir. O, xanım Əliyevanın bütün ümidləri doğrultduğunu deyir və bir istəyini də səsləndirir: «Kaş, elə bütün xanımlar onun kimi olaydı».

YAP icra katibinin müavini Siyavuş Novruzov isə sualı dinlədikdən sonra iclasda olduğundan danışa bilmədiyini söyləməklə söhbətə son verir.

«Bir il bəs deyil»

Deputat Fəzail İbrahimlinin qənaətincə, bir il M.Əliyevanın fəaliyyətini qiymətləndirmək üçün bəs deyil. «Buna kifayət qədər vaxt lazımdır» söyləyən deputat əlavə edir ki, M.Əliyeva sadəcə Birinci vitse-prezidentdir, ölkənin iqtisadi, siyasi, mənəvi durumu isə bir fərdin fəaliyyəti ilə ölçülmür: «Nəticələr, uğurlar, uğursuzluqlar ümumi komandanın işidir».

Deputat onun fəaliyyətinə xeyriyyəçilik, təhsil, mədəniyyət və başqa sahələrdəki uğurları müstəvisində yanaşaraq «məqbul» sayır.

«İnşallah, növbəti illərdə vitse-prezident kimi fəaliyyətinə qiymət vermək mümkün olacaq. Hələlik, o, komanda formalaşdırır», - İbrahimli bildirir.

R.Mirqədirov
R.Mirqədirov

«Bu, imic məsələsi idi»

«Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması imiclə bağlı məsələydi, onun rəsmi statusu müəyyənləşdirilməli idi. İkincisi də, bu addım fors-major situasiyalarda müdaxilə imkanlarının olması üçün vacib idi».

Avropada yaşayan siyasi şərhçi Rauf Mirqədirov belə düşünür. Onun sözlərinə görə, ilk Konstitusiyaya görə, ölkədəki hər hansı fors-major situasiyalarda nəzarət parlamentə keçirdisə, 2002-ci il dəyişikliklərindən sonra hökumətin başçısı – Nazirlər Kabinetinin sədri bu imkanı əldə edirdi. Amma parlament onu istefaya göndərə bilərdi. Birinci vitse-prezident isə parlamentə tabe deyil.

R.Mirqədirov sıravi vətəndaşlar arasında M.Əliyevaya bağlanan ümidlərlə bağlı deyir ki, köklü islahat aparılmadan bir nəfərin idarəçiliyi ilə 180 dərəcə dəyişiklik gözləmək sadəlövhlük olardı: «Bu baxımdan, Azərbaycanda kiminsə vəzifəyə təyinatı onun təsir imkanlarını nə daraldır, nə də genişləndirir. Mühüm olan hakim elitada yer tutmaqdır».

R.Mirqədirov Birinci ledinin elə Birinci vitse-prezident postunda da əvvəl hansı işləri görübsə, yenə onu gördüyünü, bacardığını etdiyini deyir.

XS
SM
MD
LG