Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:40

Məhsul Rusiyaya aparılır, bazar bahalaşır


Pomidor Göyçaydan gətirilir.
Pomidor Göyçaydan gətirilir.

-

Yazın ilk günlərində cənub bölgəsində fasiləsiz yağışların, dolunun kənd təsərrüfatına ziyan vurduğu deyilir. Əsasən pomidor və xiyar sahələrinin sıradan çıxdığı qeyd edilir. Fermerlər bildirir ki, məhsuldarlıq da aşağı düşüb.

Bütün bunlar bazarlara təsirsiz ötüşməyib. Lənkəran bazarında söhbət etdiyimiz alıcılar qiymətlərin qalxması ilə bağlı narazılıqlarını gizlətmirlər.

«Bahaçılıqdır. Mövsüm vaxtıdır. İndi gərək ucuz ola». Bunu Nisə adlı şəhər sakini deyir. Onun bildirməsinə görə, həyətyanı sahədə kənd təsərrüfatı məhsulları əkib. Lakin yağışdan məhsul xarab olub.

POMİDOR, XİYAR, BADIMCAN BAHALAŞIB

Piştaxta arxasında duran yeniyetmə gənc babasını əvəz etdiyini deyir. O, satdığı məhsulların qiymətini bir-bir sadalayır:

«Xiyarın 1 kilosu 80 qəpik, pomidor 1 manat 20 qəpik, kartof 60-70, soğan 50 qəpik, gilas 1 manat 50 qəpik, alma 2-3 manat, kələm 40 qəpik, yerkökü 1 manata satılır. Özümüz əkmirik. Alırıq, satırıq. Yerli pomidor, xiyar yoxdur. Pomidor Göyçaydan gətirilir. Soğan isə Bərdənindir. Yerli kartof da var, başqa rayondan gətirilmə də. Lobya, kələm rayonda yetişdirilib. Mən ötən il də bu məhsullardan satmışam Ötən ilə nisbətən bahadır. Ötən il bu vaxtları badımcanın 3 kilosu 1 manata satılırdı. İndi 1 kilosu 60-70 qəpiyədir. Pomidor da həmçinin».

Xəstəlik hektarlarla pomidor sahələrini məhv edib.
Xəstəlik hektarlarla pomidor sahələrini məhv edib.

Fermerlər də bu il kənd təsərrüfatı məhsullarının az olduğunu deyirlər. Onların bildirməsinə görə, yazın ilk aylarında yağan yağışlar özü ilə xəstəlik də gətirib. Xəstəlik hektarlarla pomidor sahələrini məhv edib.

«XƏSTƏLİK POMİDOR VƏ XİYAR BAĞLARINI MƏHV ETDİ»

Fermer təsərrüfatının başçısı Tarif Hüseynov bir neçə dəfə əkin keçirdiyini deyir:

«5 hektar pomidor, 2.5 hektar xiyar, soğan, kartof əkmişdim. Xəstəlik pomidor və xiyar bağlarını məhv etdi. Yemiş və kartof sahələrində məhsuldarlıq yarıbayarı azalıb. Kim ki, polietilen altında əkmişdi, məhsul oldu. Açıq sahələrdə məhsulu xəstəlik məhv etdi. Yenidən 2 hektara yaxın sahədə pomidor əkmişəm. Görək nə olur».

«SIĞORTALAMAQ İSTƏDİM, ALINMADI»

Fermer qeyd edir ki, ona dəymiş zərər bir neçə min manat olub:

«Pomidor sahələrinə 7 min manata qədər xərc çəkmişdim. Ötən il qazandığımı bu il itirdim. Yetişdirdiyim digər kənd təsərrüfatı məhsullarını yuxarı qiymətə satsam, ziyan azalacaq. Əkin sahələrini sığortalamaq istədim, alınmadı. Yaxına buraxmadılar. Allah Kərimdir».

Tarif Hüseynov bildirir ki, əkin sahələrini sığortalamaqdan ötrü müxtəlif sığorta təşkilatlarına müraciət edib. Lakin deməsinə görə, heç bir təşkilat riskli olan əkin sahələrini sığortalamaq istəməyib.

İsi Hüseynov
İsi Hüseynov

MƏHSUL RUSİYAYA DAŞINIR

Aqronom İsi Hüseynov da deyir ki, ötən ilə nisbətən kənd təsərrüfatı məhsulları azdır. Xəstəlik və havaların əlverişsiz keçməsi açıq sahədə yetişdirilən pomidor və xiyarı sıradan çıxardıb:

«Mövsüm vaxtıdır, amma bazarda pomidorun bir kilosu 1 manatdan aşağı düşmür. Cənub bölgəsinin rayonlarının bazarlarında yerli pomidor yoxdur. Əvvəllər İrandan pomidor gətirərdilər. İndi İranda da bahadır. Bahalığın başqa bir səbəbi kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasıdır. Kənd təsərrüfatı məhsullarının qiyməti aşağı düşməyəcək, qalxacaq».

Fermerlərin şikayətinə aydınlıq gətirmək məqsədilə Dövlət Sığorta Kommersiya şirkətinin Astara filialı ilə əlaqə saxladıq. Filialdan bildirdilər ki, əkin sahələrinin sığorta edilməsi ilə bağlı onlara müraciət edən olmayıb. Oradan həmçinin dedilər ki, sığorta dəqiq statistik rəqəmlər əsasında fermer təsərrüfatı olan hüquqi şəxslərə verilir. Ziyanın 50 faizini şirkət, 50 faizini hüquqi şəxs ödəyir.

XS
SM
MD
LG