Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:29

Valideyn: 'Məktəb ləvazimatlarının qiyməti əl yandırır'


"Məktəbli çantalarının qiyməti 20 manatdan başlayır".
"Məktəbli çantalarının qiyməti 20 manatdan başlayır".

Yeni tədris ilinin başlamasına (sentyabrın 15-nə) bir aydan da az qalıb. Artıq valideynlər indidən məktəb ləvazimatları almağa başlayıblar.

Məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazalarla yanaşı, hər il dövlət məktəb yarmarkası da təşkil edir. Amma bəzi valideynlərinin şikayətinə görə, məktəb ləvazimatlarının qiyməti bu il, sözün əsl mənasında, əl yandırır.

İki məktəbli anası Könül Əliyeva AzadlıqRadiosuna bildirib ki, ötən il iki uşağı məktəbə yola salmaq üçün onlara 400 manat bəs edirdisə, (məktəbli forması qarışıq) bu il 500 manat güclə çatır: "Hər şey bahalaşıb. Heç məktəb çantasını demirəm, adi pozanın qiymətində artım var".

"Dəftər, kağız bizə adətən Rusiyadan gəlir…"

Məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazaların satıcıları isə bildirir ki, bu il malların qiymətində 10-15 faiz artım var: "Elə mallar var ki, qiymətlər 40 faiz artıb. Bizə bu il mal baha gəlib, xüsusilə dəftər, kağız ləvazimatları. Dəftər, kağız bizə adətən Rusiyadan gəlir, bu il ən çox bahalaşma bunlardadır. Ümumilikdə isə hər malın qiymətində artım var".

Bu uşaqlar imkansızlıqdan məktəb üzü görməyiblər
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Bir ildə əşyalar nə qədər bahalaşıb…

Satış məntəqələrində ötən il 48-vərəqli dəftərin qiyməti 60-70 qəpik idisə, bu il həmin dəftər 1 manata təklif edilir. Rəngli kağızın qiyməti ötən il 0.9-1 manat idi, bu il 1.5 manata yüksəlib. Keçən il 1.3 manata satılan 24-vərəqli albomun qiyməti isə hazırda 1.7 manatdır.

Satıcılar əlavə edir ki, ötən il 20-30 qəpiyə olan qələmlər bu il 35-40 qəpiyə satılır, pozanların, sadə karandaşların qiyməti isə bu il 60 qəpikdən başlayıb 2-3 manata qədər yüksəlir: "6-dənəli plastilinin qiyməti ötən il 1.2 manat idisə, bu il həmin məhsul 2.5-2.8 manata satılır. 12-dənəli rəngli karandaş ötən il 3.5 manata satılırdısa, bu il qiyməti 5 manat civarındadır. Məktəbli çantalarının qiyməti isə bu il 20 manatdan başlayır".

'Uşaqlarımız cəmi 4 sinif oxuyur, qızlar, demək olar, məktəbə getmir'
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

"Qiymətlərə … nəzarət ediləcək"

Bakı şəhər İcra Hakimiyyətindən "Turan"a təsdiqləyiblər ki, ötən illərdəki kimi, bu il də bəzi metrostansiyaların qarşısında məktəbli yarmarkaları təşkil olunub: "Yarmarkalar vahid mərkəzdən idarə olunacaq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qiymətlərə və xidmətə nəzarət ediləcək".

Qiymətlərə gəlincə, satıcıların sözlərinə görə, qələmlər 10-60 qəpik, 12-vərəqli dəftərlər 20 qəpik, 48-vərəqli 60 qəpik, 60-vərəqli dəftərlər 70 qəpik, pozanlar 20-70 qəpik, plastilin – 2-7 manata, rəngli karandaşlar – 1-7 manata, xətkeşlər – 0.7-2 manata, məktəbli çantaları isə 12-40 manata təklif edilir.

N.Qulamov
N.Qulamov

"... camaatın gözünə kül üfürməkdir"

Təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamov isə AzadlıqRadiosuna bildirib ki, əslində dövlətin borcu vətəndaşların rifahını yüksəltməkdir: "Bu cəhətdən hesab edirəm ki, vətəndaşların rifahı yaxşı olmasa, bir yarmarka ilə bu məsələləri həll etmək mümkün deyil. Biz belə yarmarkaları çox görmüşük. Məsələn, kənd təsərrüfatı yarmarkaları, bal yarmarkaları... Bütün bu yarmarkaların məqsədi camaatın gözünə kül üfürməkdir".

Ekspert hesab edir ki, ucuzlaşma üçün rəqabət olmalıdır: "Ölkədə qələmdən tutmuş, dərmanlara qədər hamısı bir adamın əlində cəmləşir. Bir adamın əlində cəmləşirsə, indiki qiymətlər diktə olunacaq".

N.Qulamovun fikrincə, əsas məsələ məktəb ləvazimatlarının keyfiyyətidir: "Uşaqlar bir qələmi iki gündən artıq işlədə bilmirlər. Bunun da səbəbi odur ki, bizim ölkəyə normal mal idxal olunmur. Harada saxta, ucuz mal var, gətirirlər".

Onun sözlərinə görə, bəzi ölkələrdə şagirdləri dövlət məktəbli ləvazimatları ilə təmin edir: "Azərbaycan dövləti üçün isə bu, nonsens bir şeydir".

XS
SM
MD
LG