Evləri plana düşmüş «Sovetski» sakinlərinin bir hissəsi məhkəmə yollarında qalıb. Bəziləri kompensasiyanın azlığı məsələsini mübahisələndirir, bir qisim evlərinin zorla sökülməsinin qarşısını almaqdan ötrü məhkəmələrdən kömək istəyir. Bir neçə nəfər də var ki, onların dərdi tamam başqadır – verilən kompensasiyaya daha ucuz qiymətə ev almaq istəyiblər, nəticədə pul da gedib, ev də...
Əvvəllər hüquqşünas olaraq məhkəmələrdə mülki işlərdə nümayəndə qismində adamların hüquqlarını müdafiə edən İradə Cəfərli indi özü dəmir barmaqlıqlar arxasındadır. Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə proses başlayıb. İradə Cəfərli adamlara 700 min manata yaxın ziyan vurmaqla dələduzluqda suçlanır.
İttihama görə, İradə Cəfərli evləri plana düşən «Sovetski» sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq. Bu işdə 12 nəfər zərərçəkən kimi tanınıb. Amma onların hamısı ev almaq istəyənlər deyil. Aralarında müharibədə həlak olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən anadan tutmuş, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyənlərə qədər bir xeyli adamlar var.
Cinayət işinin materiallarına görə, Samirə Həsənova banklarda girov olan evlərdən ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verib. Başqa bir zərərçəkən Rüfət Tağıyevdən metronun «Qara Qarayev» stansiyası yaxınlığında yerləşən və bankda girov olan binadan evlər almaqdan ötrü bir neçə dəfəyə 80 min alınıb. Fəxriyyə Məmmədova adlı zərərçəkmiş «Qara Qarayev»dəki binada 2 otağı 14 minə, Yasamalda ATV-nin yaxınlığındakı binada isə 3 otağı 38 minə almaq üçün 38 min manatından keçib, ümumilikdə 52 min ziyana düşüb. Bacısı Mehriban Məmmədova isə Mərdəkanda iki bağ evindən ötrü 80 min pul verdiyini deyir. Onların bacısı qızı Gülnar Əliyeva «Nəsimi bazarı» yaxınlığında ev almaq istədiyini, nəticədə 68 min 500 manat aldadıldığını iddia edir.
«O QƏDƏR PULLARI VAR İDİSƏ, QANLI, GÖZÜYAŞLI EVLƏRİ NİYƏ İSTƏYİRDİLƏR?»
Bunlar mənimsənildiyi iddia olunan pulların bir hissəsidir. Amma İradə Cəfərli ittihamlarla razı deyil. Deyir ki, məbləğlər çox şişirdilib, pulların verilmə səbəbləri haqda deyilənlər də yalandır. Etiraf edir ki, banklardakı girov evlərdən almaq məqsədilə verilən pullar da olub. Məsələn, Rəhimə Quliyevanın həyat yoldaşından bu məqsədlə 42 min (ittihamda isə 80 min göstərilib-red.) aldığını, amma bankların bəziləri bağlandığına görə verdiyi vədi yerinə yetirə bilmədiyini deyir.
«Çimnaz Həsənova qızı Samirə ilə birlikdə mənə notarial qaydada 50 min verdiyi halda, istintaq onların hər ikisini zərərçəkən kimi tanıyıb, ayrı-ayrılıqda biri 100 min, o biri də 120 min pul tələb edirlər. Onlar «Sovetski»dəki evlərinə görə dövlətdən rəsmən 53 min pul alıblar, bundan sonra mənzil axtarışına çıxıblar. İstintaq maraqlanmayıb ki, bu ana və qızına 220 min pul haradandır, bu qədər pulları vardısa, niyə öz seçimləri ilə ev almırdılar, bankda girov qalan ev istəyirdilər?
Yaxud da Rüfət Tağıyev. O, anası ilə birlikdə «Sovetski»dəki evə görə dövlətdən cəmi 51 min pul alıb. Onları mənim yanıma Yeganə Məmmədova gətirmişdi, dedi ki, əllərində cəmi 51 min pulları var. Amma istintaq Rüfət Tağıyevdən 80 min aldığımı yazıb. Əllərində bu qədər pulları vardısa, niyə Rüfət Tağıyev hərraca qoyulmuş qanlı, gözüyaşlı, mübahisəli ev alqı-satqısına qoşulmuşdu? Mən Rüfətdən 20 min pul almışam, yarısını da Yeganə Məmmədovaya vermişəm. O puldan 1 il 6 ay şəhərin mərkəzində Rüfətgilə aya 500 manatlıq ev kirayələnib», – İradə Cəfərlinin sözləridir.
O, istintaqın birtərəfli aparılmasından, ifadəsində göstərdiyi məsələlərin araşdırılmamasından gileylənir. Deyir ki, ifadəsində zərərçəkənlərlə onun arasında vasitəçilik etmiş Xədicə Muradxanova, Yeganə Məmmədova, Samirə Həsənovanın adını çəksə də, istintaq bu adamları məsuliyyətdən kənarda saxlayıb. Onun sözlərinə görə, mənzillərin alğı-satqısı üçün əlində cəmi 139 min pul olub. Bu puldan da 4 zərərçəkənə 1 il 6 ay ərzində şəhərin mərkəzində yaxşı şəraitli kirayə ev tutub, 32 mini buna xərcləyib, Çimnaz Həsənovaya gündəlik tələbatlarını ödəmək üçün 6 ay 300 manatdan verib. Tutulmamışdan əvvəl məhkəmələrdən birinin əməkdaşına (ifadəsində adını da çəkib) həbs olunmamaqdan ötrü 21 min 300 manat pul verib.
SIĞORTA PULUNDAN ÖTRÜ ALINAN 1000 MANAT...
Bu cinayət işində diqqətçəkən məqamlardan biri də müharibədə həlak olmuş şəxsə görə dövlətin ödəməli olduğu sığorta pulunun alınmasıyla bağlıdır. Zərərçəkən Fəxriyyə Məmmədova özü ucuz ev almaq üçün 52 min manatla yanaşı, həm də müharibədə həlak olmuş qardaşına görə ödəniləsi 11 min manat sığorta pulundan ötrü də İradə Cəfərliyə pul verdiklərini deyir. Onun sözlərinə görə, hüquqşünas xanım dövlətdən bu pulun alınmasına köməklik göstərəcəyinə söz verib, bundan ötrü onlardan 1000 manat alıb.
İradə Cəfərli 1000 manatı aldığını təsdiqləyir, amma deyir ki, məsələ başqa cür olub: «Fəxriyyə Məmmədova Samirə Həsənovanın xalası qızıdır. Yeganənin xahişi ilə Fəxriyyə və bacısı Mehribanla görüşdüm. Söhbət əsnasında Fəxriyyə dedi ki, qardaşı şəhid olub, sığorta pulunun alınması üçün ona köməklik göstərməyi xahiş elədi. Mən də tələb olunan sənədləri toplayıb, poçt vasitəsilə sığorta şirkətinə göndərdim. Zəhməthaqqı olaraq, Fəxriyyə mənə 1000 manat pul verdi».
MƏHKƏMƏ ZALINDA GƏRGİNLİK
İradə Cəfərlinin hüquqlarını Janna Bağırova müdafiə edir. O, işin məhkəmə baxışına verilməsinin əleyhinədir. Ona görə də, məhkəmənin hazırlıq iclasında işin yenidən istintaqa qaytarılması haqda vəsatət qaldırıb. Vəkil deyir ki, istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları pozulub, bu da işin geri qaytarılması üçün ciddi əsasdır.
Müdafiəçinin sözlərinə görə, müstəntiq qəbul edilən qərarları təqsirləndirilən şəxsə göndərməli olduğu halda, bunu eləməyib, Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasının sorğuya cavabı da bunu təsdiqləyir. Bundan başqa, müstəntiqin əlində köçürmə qərarı olmadan, gecə yarısı İradə Cəfərlini zorla istintaq təcridxanasından çıxarıb aparıblar, yalnız Penitensiar Xidmətin vəzifəli şəxslərindən birinə bu haqda məlumat veriləndən sonra onu geri qaytarıblar.
Məhkəmədə zərərçəkənlər işin istintaqa qaytarılmasına da, vəkilin vəsatəti əsaslandırarkən söylədiyi fikirlərə də etiraz ediblər. Deyiblər ki, İradə Cəfərli də, onu məsuliyyətdən kənarda saxlamağa çalışan vəkili də yalan danışır.
Məhkəmə, hələlik, bu məsələ ilə bağlı qərarını verməyib. Çünki dövlət ittihamçısı vəsatətlə tanış olub fikir bildirmək üçün vaxt istəyib. Məhkəmə də martın 27-nə qədər vaxt verib. Məhkəmə prosesinin uzanması da zərərçəkənləri narazı salıb, nəticədə məhkəmə zalında gərginlik yaranıb.