Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:01

Berlin və Parisin Putinlə sammit təklifi Avropada ixtilaf yaradır


Angela Merkel (solda) Emmanuel Makron və Vladimir Putin Yelisey sarayında keçirilən Ukrayna sammitində (2019)
Angela Merkel (solda) Emmanuel Makron və Vladimir Putin Yelisey sarayında keçirilən Ukrayna sammitində (2019)

Almaniya və Fransanın Avropa İttifaqı ilə Rusiya prezidenti Vladimir Putin arasında birbaşa sammit keçirilməsinə dair təklifi Avropa liderləri arasında qızğın mübahisəyə səbəb olub.

Financial Times qəzeti yazır ki, bu təklifin əleyhinə çıxanlar onu Kremllə münasibətlərrin pisləşdiyi bir vaxtda “müftə güzəşt” adlandırıblar.

Latviyanın baş naziri Krisyanis Karins Avropa İttifaqı liderlərinin görüşündən əvvəl Fransa-Almaniyanın bu “sürpriz təklifi” barədə xəbərdarlıq edərək deyib ki, o Putinə bu qədər güzəştə gedilməsinə qarşıdır.

Polşanın baş naziri Mateuş Moravetski isə bəyan edib ki, dialoq yalnız münasibətlərdəki gərginliyin real de-eskalasiyandan sonra mümkün ola bilər.

Niderlandın baş naziri Mark Rutte isə bu qənaətdədir ki, Putinlə hər hansı mümkün görüş yalnız Avropa Komissiyası və Avropa Şurası başçılarının iştirakilə məhdudlaşlmalıdır.

“Kreml yalnız zor siyasətini başa düşür”

Litvanın xarici işlər naziri Qabrielus Landsbergis Financial Times qəzetinə Putinlə sammit təklifinin məsuliyyətsizlik və “siyasi uzaqgörməzlik” olduğunu deyib.

Qəzet yazır ki, Berlin və Parisin sammit ərəfəsində irəli sürdükləri bu təklif blok liderlərinin qanqaraçılığına səbəb olub.

Məqalədə deyilir ki, Fransa-Almaniya təklifi ötən həftə ABŞ prezidenti Co Baydenin Putinlə keçirdiyi sammitdən sonra ortaya çıxıb.

İyunun 24-də sammitə gələn Karins deyib ki, “o dialoqa ikiəlli tərəfdardır”, amma 2014-cü ildə Krımı ilhaq etməsi və Ukraynaya təcavüzü nəzərə alınmaqla bu dialoq Rusiyaya ucuz başa gəlməməlidir:

“Kreml yalnız zor siyasətini başa düşür. Kreml müftə güzəştləri gücün əlaməti kimi qəbul etmir”.

FT yazır ki, Avropa İttifaqı ilə Rusiya arasında sammitlər Krım ilhaq ediləndən bəri dayandırılıb.

Son sammit Putinlə Avropa Komissiyasının və Avropa Şurasının ovaxtkı başçıları arasında keçirilmişdi.

Avstriya kansleri də məmnundur

İyunun 24-də Bundestaqda çıxış edən kansler Angela Merkel demişdi ki, Avropa İttifaqı Rusiya ilə Baydenin etdiyi kimi “birbaşa təmasa” getməlidir:

“ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti ilə söhbəti kifayət deyil. Mən bu görüşü alqışlayıram, amma Avropa İttifaqı dialoqlar üçün öz formatını yaratmalıdır. Başqa cür biz münaqişələri çözə bilməyəcəyik”.

Fransa prezidenti Emmanuel Makron isə daha sonra demişdi ki, o Rusiya ilə Avropa İttifaqının koordinasiyası əsasında “tələbkar və ambisiyalı” dialoqun keçirilməsinə ümid edir.

O əlavə etmişdi ki, Rusiya ilə dialoq “sırf qarşıdurmma” tonunda olmamalıdır.

Avstriya kansleri Sebastian Kurts da Merkel və Makronun Putinlə birbaşa dialoq təklifindən məmnun olduğunu deyib:

“Biz Rusiyaya coğrafi baxımdan ABŞ-dan yaxınıq və ABŞ və Rusiya arasında dialoqa sadəcə seyrçi ola bilmərik. Burada Ukrayna kimi məsələlər var ki, bizim üçün ABŞ-a olduğundan daha əhəmiyyətlidir”.

Putinin sözçüsü Dmitri Peskov Kremlin bu təklifə müsbət baxdığını və Avropa İttifaqının 27 üzvünün buna razılaşacağını gözlədiyini deyib.

Eyni tələyə hər dəfə düşmək

Lakin Landsbergis Financial Times qəzetinə deyib ki, “Moskvanın Sovet İttifaqının totalitarizminə ən yaxın olduğu bir vaxtda Rusiya ilə danışıqlara başlamaq məsuliyyətsizlikdir”.

Litva xarici işlər naziri deyib:

“Eyni tələyə bir dəfə, iki dəfə düşməyi bədbəxtçilik kimi qəbul etmək oalr, amma bunu onillikdən onilliyə təkrar-təkrar etmək siyasi korluqdur”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Avropa İttifaqındakı fikir ayrılığı nəzərə alınarsa, belə bir sammit heç vaxt baş verməyəcək.

Rutte isə deyib ki, Putinlə yalnız Avropa Komissiyası və Avropa Şurası prezidentlərinin görüşməsi ixtilafdan çıxış yolu ola bilər.

Rutte bildirib ki, şəxsən o belə bir dialoqda iştirak etməyəcək.

Brüssel sammiti habelə Fransa və Almaniyanın Rusiya ilə müəyyən sahələr üzrə “seçənəkli” danışıqlar təklifini müzakirə edəcək.

Bundestaqda kansler kimi son çıxışında Merkel deyib ki, Avropa İttifaqı Ukrayna, Belarus və Balkanlara görə xüsusi məsuliyyət daşıyır və buna görə də Rusiyanın bu yerlərdəki fəallığına reaksiya verilməlidir.

XS
SM
MD
LG