Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:19

Merkel və Putin Suriyadakı səylərini koordinasiya etmək razılığına gəliblər


Almaniya kansleri Angela Merkel (solda) və Rusiya prezidenti Vladimir Putin. Foto arxivdəndir
Almaniya kansleri Angela Merkel (solda) və Rusiya prezidenti Vladimir Putin. Foto arxivdəndir

Kremldən alınan xəbərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel telefon söhbəti zamanı Suriyada sülhün əldə olunması istiqamətində səylərini koordinasiya etmək barədə razılığa gəliblər.

Kremlin yanvarın 9-da yaydığı bəyanatda deyilir ki, “iki liderin söhbətində Suriyadakı böhranın uzunmüddətli həlli üçün siyasi prosesləri BMT ilə əlaqədə irəlilətmək istəyi ifadə olunub”.

Bu da xəbər verilir ki, Merkel və Putin Suriya üçün konstitusiya komitəsinin formalaşdırılması məsələsini də müzakirə ediblər. Bu komitə Suriyanın yeni konstitusiyasının tərtibi ilə məşğul olmalıdır. İki lider oktyabr ayında İstanbulda Rusiya, Almaniya, Türkiyə və Fransa arasında keçirilmiş sammitin nəticələrindən irəli gələn məsələləri də müzakirə ediblər.

Putin və Merkel arasında telefon söhbəti Birləşmiş Ştatların Suriyadakı qoşunlarını oradan çıxarmaq niyyətini bildirməsi ilə bağlı çaşqınlığın yarandığı bir zamana təsadüf edib.

Suriyadakı ABŞ qoşunları həm İslam Dövləti ekstremist qruplaşmasına qarşı döyüşən kürd qüvvələrini, həm də anti-Assad qiyamçıları dəstəkləyir.

ABŞ prezidenti Donald Trump dekabrın 19-da elan edib ki, “İD üzərində tarixi qələbədən sonra bütün ABŞ əsgərləri vətənə qaytarılır”.

Trump-ın bu bəyanatı ABŞ millət vəkillərini və Vaşinqtonun beynəlxalq müttəfiqlərini şoka salmışdı. Onlar deyirdilər ki, ABŞ qoşunlarının Suriyadan vaxtından əvvəl çıxarılması Rusiya və İrana sərf edir, habelə ABŞ-ın müttəfiqi sayılan kürd qüvvələrinin taleyini Türkiyənin ixtiyarına buraxır.

Bu tənqidlərdən sonra, yanvarın 6-da Trump-ın milli təhlükəsizlik müşaviri John Bolton bəyan edib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması üçün şərt Türkiyənin Suriyadakı kürdlərin təhlükəsizliyinə təminat verməsidir.

Yanvarın 9-da İraqa əvvəlcədən elan edilməmiş səfəri zamanı dövlət katibi Mike Pompeo Suriyadakı kürdləri əmin etməyə çalışıb ki, ABŞ qoşunları Suriyadan çıxarıldıqdan sonra da onların təhlükəsizliyi təmin ediləcək.

Suriyadakı kürd qüvvələrini separatçı PKK-nın bir qolu hesab edən Türkiyə isə bildirib ki, Suriyadakı 2000 ABŞ əsgəri oradan çıxarıldıqdan sonra şimali Suriyanı kürd döyüşçülərdən “təmizləyəcək”.

XS
SM
MD
LG