Aprelin 24-də ermənilər Osmanlı imperiyası dövründə əcdadlarının kütləvi öldürülməsinin ildönümünü anırlar. Bir gün öncə isə ölkəyə uzun illər rəhbərik etmiş Serzh Sarkisian küçə etirazları nəticəsində baş nazir postundan istefa verib.
Ermənistanın “soyqırımı” adlandırdığı qətllərin ildönümü tədbirləri ölkədən kənarda da keçirilir.
11 günlük etirazlara rəhbərlik etmiş, Sarkisian-ı istefaya çağırmış müxalifətçi deputat Nikol Pashinian tərəfdarları ilə birlikdə bu gün Yerevandakı xatirə kompleksinə yürüş edəcək.
Ermənistan 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərin qətlini soyqırımı kimi tanıtdırmağa çalışır. Türkiyə bunun soyqırımı olduğunu qəbul etmir.
***
Aprelin 23-də axşam Səhiyyə Nazirliyi bildirib ki, Yerevandakı şənliklərdə 36 yaşlı bir kişi ürək çatışmazlığından dünyasını dəyişib. Xəbəri “Frans Pres” agentliyi yayıb.
***
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanla həmrəylik ifadə edib.
“Tarixlərinin ən çətin məqamlarında belə bir-birinə sayqını saxlayan, parçalanmayan xalq güclü xalqdır”, – qurumun sözçüsü Maria Zakharova “Facebook”da yazıb.
“Ermənistan, Rusiya daim sizinlə olacaq”, – o, sözlərinə əlavə edib.
Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini-nin sözçüsü Maja Kocijancic isə bildirib ki, hazırkı durumun tezliklə və dinc yolla həllindən ötrü Ermənistanda bütün siyasi tərəflərin iştirakıyla milli dialoq “vacib”dir.
Azad Avropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent ötən həftəsonu Yerevanda radionun üç jurnalistinə hücumları “qəbuledilməz” adlandırıb, məsuliyyət daşıyanların cəzalandırılmasından ötrü dərhal uyğun addımlar atmağa çağırıb.
“Həmin şəxslər arasında polisin də olması, yaxud hücum edənləri təhrik etməsi özəlliklə narahatlıq yaradır”, – Kent bəyanatında vurğulayıb.
***
On minlərlə erməni, on il prezident olmuş baş nazir Serj Sarkisyanın istefasını bayram etmək üçün Yerevanın keçələrinə çıxıb.
Sarkisyanın istefasını tələb edən etiraz hərəkatının başçısı, millət vəkili Nikol Paşinyan aprelin 23-də tərəfdarlarına müraciətlə deyib: “Ermənistan Respublikasının məğrur vətəndaşları, siz qalib gəldiniz!”
Paşinyan bir daha vurğulayıb ki, etiraz hərəkatında heç bir xarici ölkənin iştirakı olmayıb və bu “xalis erməni məxməri inqilabıdır”.
Yerevanda son bir neçə gündə davam edən dramatik hadisələrin nəticəsində əvvəlcə müxalifətlə dialoqu rədd, sonra isə qəbul edən Sarkisyan nəhayət aprelin 23-də istefasını bəyan edib.
11 gün davam edən etirazların sonunda Sarkisyan bildirib ki, o, Paşinyanın çağırışına əməl etmək qərarına gəlib:
"Küçə hərəkatı mənim baş nazirliyimə qarşı idi. Mən sizin tələbinizə tabe oluram. Nikol Paşinyan haqlı idi, mən yox. Yaranmış vəziyyətdə bir neçə həll yolu vardı, amma mən bunlardan heç birini seçmədim. Bunlar mənim stilim deyil. Mən ölkə rəhbərliyini və Ermənistanın baş naziri postunu tərk edirəm”.
Hökumət Sarkisyanın mütəfiqi olmuş keçmiş baş nazir Karen Karapetyanı baş naziri əvəzi təyin edib.
Ermənistanın mövcud Konstitusiyası yeni baş nazirin namizədliyini irəli sürmək üçün parlamentdəki siyasi fraksiyalara 7 gün vaxt verir.
Yerevanın Respublika meydanında çıxış edən Paşinyan deyib ki, “inqilab” Sarkisyanın istefası ilə başa çatmamalı, “son qələbəyə” qədər davam etməlidir.
Paşinyan bildirib ki, “hakimiyyətin dinc keçidi” üçün Karapetyanla aprelin 25-də görüşəcək.
O əlavə edib ki, erkən parlament seçkiləri ağlabatan müddət ərzində keçiriləcək:
“Mən ümid edirəm ki, hakim Respublikaçı Partiya yekdilliklə və qeyd-şərtsiz xalqın qeyri-zorakı, məxməri inqilabının qələbəsini tanıyacaq”.
Paşinyan bildirib ki, nümayişlərin gedişində həbs edilmiş bütün etirazçılar günün sonunadək azad olunacaqlar.