Meydan TV-nin həbsdə olan əməkdaşlarından Aysel Umudovanın istintaq müddətində ev dustaqlığında qalması üçün vəkilinin verdiyi şikayətə martın 17-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Jurnalistin ev dustaqlığına buraxılmasından ötrü daha öncə Xətai rayon Məhkəməsinə vəsatət verilsə də, martın 6-da təmin olunmamışdı. Həmin qərardan apellyasiya şikayətinə baxılıb.
Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən məhkəmə prosesində A.Umudovanın vəkili deyib ki, müvəkkilinin həbsdə saxlanması üçün nə maddi, nə də prosessual əsaslar var. Vəkilin sözlərinə görə, A.Umudova valyuta qaçaqmalçılığında suçlansa da, bununla bağlı heç bir sübut ortaya qoyulmadan həbsdə saxlanılır. Müdafiəçi əlavə edib ki, şəxsi həbsdə saxlamadan da istintaq aparıla bilər.
Müstəntiq jurnalistin ev dustaqlığına buraxılmasına etiraz edib.
Hakimlər də şikayəti təmin etməyib.
MeydanTV-nin əməkdaşları – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Natiq Cavadlı, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva və Ramin Cəbrayılzadə (Deko) dekabrın 6-dan həbsdədirlər. Həmin gün onlarla yanaşı, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov da həbs olunub. Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Öncə barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilsə də, bugünlərdə müddət daha 3 ay uzadılıb.
Adları çəkilən jurnalistlərdən başqa, fevralda daha üç nəfər də "Meydan TV" ilə bağlı cinayət işi üzrə həbs olunub. Fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də isə Fatimə Mövlamlı saxlanılıb.
Jurnalistlər özlərini təqsirli bilmir, qaçaqmalçılıq ittihamının saxta olduğunu, peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.
Xatırlatma
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var.
Rəsmilərsə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.