Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:09

Ukrayna müharibənin ilk ilində moskvalı kino maqnatının şirkətinə lisenziyalar verib


Pol Het (solda) və Mixail Şlixt
Pol Het (solda) və Mixail Şlixt

Ukraynanın “UFD” film distribüşn şirkətinin sahiblərindən biri “Stalinqrad” və “Batalyon” kimi vətənpərvər Rusiya filmlərini çəkən prodüserdir. Şirkət Rusiyanın Ukraynada apardığı tammiqyaslı müharibənin ilk ilində filmlərin distribüşnı və satışı üçün lisenziyalar ala bilib.

Lisenziyalardan 35-i qanuni olsa da, Ukrayna Dövlət Kino Agentliyinin onları verməsi Ukraynanın hətta müharibə zamanı belə Rusiyanın kino istehsalı sektorundan qopmasının nə qədər çətin olduğunu ortaya qoyub.

“Variety” saytı 2015-ci ildə “UFD”-nin həmtəsisçisi Mixail Şlixti “Rusiyanın aparıcı film menecerlərindən biri” adlandırıb. Daha öncə “20th Century Fox” studiyasının MDB-dəki fəaliyyətinə rəhbərlik edən Şlixt sonradan “Sony Pictures”in Rusiyadakı işinə başçılıq edib.

Şlixt UFD-yə sərmayəni dayandırıb

Şərqi Almaniyada doğulan 67-yaşlı Şlixt Rusiyada iki film istehsalı şirkətinin sahiblərindən biridir. “Monumental Vision” və “United Filmmakers” adlı bu şirkətlərin digər sahibləri Rusiya Federal Dövlət Əmlak Agentliyinin keçmiş rəhbəri Dmitriy Pristanskov və kino sahəsində çalışan amerikalı iş adamı Pol Hetdir (Paul Heth).

Pristanskov keçmişdə Rusiyanın “Norilsk Nikel” adlı iri mədən şirkətinin vitse-prezidenti və azı iki müdafiə sənayesi şirkətinin idarə heyətinin üzvü olub.

AzadlıqRadiosunun Ukrayna Xidmətinin araşdırma qrupu “Schemes” (“Sxemlər”) UFD-nin 2022-ci il fevralın 24-dən 2023-cü il martın 13-dək 35 film lisenziyası aldığını müəyyən edib. Martın 13-də Şlixt UFD-dəki sərmayəsini rəsmən dayandırıb.

Göstərilən dövrdə Ukrayna Dövlət Kino Agentliyinin (“Derjkino”) UFD-yə verdiyi lisenziyalar arasında Rusiyada çəkilmiş hər hansı filmin adı yoxdur. Siyahıda əsas yeri ABŞ filmləri tutur.

Qeydiyyat ünvanı Moskvadadır

Ukrayna qanununa görə, hökumət “iştirakçılardan” birini milli təhlükəsizliyə təhdid kimi gördüyü halda filmlər yasaqlana bilər. Şlixt barəsində belə bir qərar yoxdur.

"Derjkino”nun müdir müavini Yuliya Şevçuk “Schemes”ə yazıb ki, qurum “işğalçı dövlətin fiziki və hüquqi şəxslərinin istehsal etdiyi filmlərə” lisenziya verməyəcək.

Qurum iyunun 27-də yaydığı açıqlamada Şlixtin qeydiyyat ünvanının Moskvada olmasından xəbərsiz olduğunu bildirib. Halbuki Ukraynanın biznes reyestrində prodüserin ünvanı – Rusiya paytaxtında bir küçə şirkətin bir hissəsinin (Ukrayna Film Distribüşn) qeydiyyat ünvanı kimi yazılıb. UFD-nin əsas ünvanı kimi isə Berlin göstərilib.

AzadlıqRadiosunun çoxsaylı mesajlarına cavab verməyən Şlixtin Rusiya Prodüserlər Gildiyasının saytındakı bioqrafiyasında onun SSRİ-nin dağıldığı 1991-ci ildən bəri Rusiyada çalışdığı göstərilir.

Şlixtin iki filminə Ukraynada qadağa qoyulub

Son bir neçə il ərzində UFD Şlixtin prodüserlik etdiyi hər hansı film üçün lisenziya almağa çalışmayıb. Bununla yanaşı, onun ən azı iki filminin Ukraynada göstərilməsinə və distribüşnına qadağa qoyulub.

2015-ci ildə “Derjkino” Şlixtin prodüserlik etdiyi “Stalingrad” filminə qadağa qoyub. Bundan öncə isə Ukrayna hökuməti filmin rejissoru, Rusiyanın hakim “Vahid Rusiya” partiyasının yüksək vəzifəli üzvü Fyodor Bondarçuka qarşı sanksiya tətbiq etmişdi. Səbəb rejissorun 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı aqressiyası və Ukraynanın Krım bölgəsinin ilhaqını dəstəkləməsi idi.

2014-cü ildən sonra Ukraynada Rusiya filmlərinin yayılması və göstərilməsi qadağan edildiyi üçün Şlixtin prodüserlik etdiyi, 2015-ci ildə çəkilmiş “Batalyon” filminə də qadağa qoyulub.

UFD Şlixt ilə əlaqəsi olmadığını göstərsə də...

Bütün bunlara baxmayaraq, “Derjkino” UFD-yə verilən lisenziyalara blok qoymaq üçün səbəbin olmadığını deyir. UFD isə əvvəllər özünün əsas investoru olan Şlixtlə əlaqəsi olmadığını göstərməyə çalışır.

Bu ilin martında UFD ilə əlaqəsini rəsmən kəsən Şlixtin qızı Polina Şlixt mayda UFD-ni Kann Film Festivalında təmsil edib. Bu məlumatı festivalın əməkdaşı Aleksandra Zaxarçenko verib. Polina Şlixt sonradan “Schemes”ə UFD ilə hər hansı əlaqəsinin olmadığını deyib.

UFD-nin rəhbəri Andriy Dyaçenko isə Şlixtin şirkəti Kannda təmsil etdiyini inkar edib. Sübut göstərildikdə isə “Schemes”i “birtərəfli” olmaqda günahlandırıb. O, şirkətin Rusiya ilə bağlarının ukraynalıları narahat etməli olmadığını deyib.

"Bizim prezidentimiz Rusiyada işləyib, Mədəniyyət Naziri Tkaçenko da Rusiyada işləyib. İndi biz nə etməliyik?”, – Dyaçenko söyləyib.

XS
SM
MD
LG