Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:23

Dünyanın mikroçip təlaşı – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

“The Financial Times” hazırda dünyada yarımkeçirici istehsalındakı çaxnaşmadan, bəzi ölkələrin daxili istehsalı gücləndirmək planlarından yazır. Qəzet dünyada iqtisadi millətçiliyin baş qaldırdığı bir dönəmdə Böyük Britaniya hökumətinin daxili çip sənayesini qorumaqla bağlı mövqeyinə yenidən baxdığını qeyd edir.

Britaniyanın ən böyük yarımkeçirici istehsalçısı olan “Newport Wafer Fab” iyulda Çinin “Wingtech Technology” şirkətinin nəzarətində olan Nexperia yarımkeçirici istehsalçısı tərəfindən alınıb. Bu şirkətin taleyi isə ölkədə müzakirələrə yol açıb. Sual olunur ki, ölkənin yarımkeçirici sənayesinin qrantlarla, digər şirkətin nəzarətinə verməklə, yaxud birbaşa investisiya ilə qorunması gərəklidirmi?

Tayvan amili

Koronavirus pandemiyasının qlobal təchizat zəncirində yaratdığı pozuntular, iqtisadi millətçiliyin yenidən baş qaldırdığı bir dönəmdə çip sənayesində geosiyasi tufan yaşanır, bu isə smartfon, avtomobil və kompüter istehsalına təsir göstərir. Silikon çiplər kimi yarımkeçiriciləri Taiwan Semiconductor Manufacturing Co, Cənubi Koreyanın Samsung, ABŞ-ın Intel nəhəng şirkətləri istehsal edir. Digər materiallardan hazırlanan, elektrik maşınları, günəş panellərində istifadə olunan çiplər də var.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu ildə təhlükəsizlik səbəblərini əsas gətirərək Çinin Huawei telekommunikasiya şirkətini qara siyahıya saldı və bu, şirkətə qlobal çip təchizatına qadağayla nəticələndi.

Hazırda dünyanın çip istehsalının 90 faizə yaxını Tayvanın TSMC şirkətinin payına düşür. Bu ay Çinin ada ətrafında hərbi təlimlərə başlaması dünyanın qalan hissəsinin də Asiyadakı istehsalçılardan asılılığını diqqət mərkəzinə gətirdi.

Milyardlarla ölçülən planlar

“FT” qərb ölkələrinin yerli yarımkeçirici istehsalını gücləndirməyə çalışdığını yazır. İyulda ABŞ-da qəbul olunmuş Çip və Elm Aktında müasir çip istehsalı, tədqiqat və inkişafına 52 milyard dollarlıq qrant nəzərdə tutulub. Aİ-nin də Çip Aktı var – ticarət zonasında çip istehsalına subsidiya məqsədilə 43 milyard dollar ayrılması planlaşdırılır.

Britaniya parlamentində komitə sədri Tom Tuqendhat yeni çinli sahiblərin “Newport Wafer Fab” şirkətini bağlaya biləcəyini qeyd edib. Ancaq Mançesterdə yarımkeçirici zavodu işlədən Nexperia ölkədən getmək fikri olmadığını açıqlayıb.

Tuqendhat qəzetə deyib ki, yerli mikroçip qabiliyyətini yaratmaq üçün hardansa başlamaq lazımdır: “18 yaşlı cütlük və bir vedrə qumla da başlaya bilərsən, əlində olanla da”.

Qəzet “Newport Wafer Fab”in gələcəyi ilə bağlı debatın Britaniyanın digər, beynəlxalq miqyasda tanınan Arm çip dizaynerinin taleyindən narahatlığı gündəmə gətirdiyini yazır.

Arm-ın taleyi

Hələ 2016-cı ildə, Britaniya Aİ-dən çıxmağa səs verəndən bir neçə gün sonra Yaponiyanın SoftBank texnologiya investoru Arm-ı alıb. O zaman Tereza Mey hökuməti bunu post-Breksit Britaniyasına inam kimi dəyərləndirib. Qəzet Britaniya texnologiyası öncüllərinin bu yanaşmanı səhv adlandırdığını yada salır.

İndi isə Britaniya hökuməti bu siyasəti düzəltməyə çalışır. Özü çətinliklərlə üzləşən SoftBank əvvəlcə Arm-ı ABŞ-ın Nvidia şirkətinə satmaq istəyib. Bu təklif rəqabət orqanlarının dirənişilə üzləşib, bu ilin əvvəlində rədd edilib.

Hazırda parlamentin xüsusi komitəsi Britaniyanın yarımkeçirici sənayesi və təchizat zəncirinin güclü və zəif tərəflərini araşdırır, qəzet yazır. Rəqəmsal, Mədəniyyət, Media və İdman Departamenti də sektorun icmalını hazırlayır, bu ilin sonuna dərc edilə bilər. Məqsəd etibarlı çip təchizatını təmin etməyin yollarını müəyyənləşdirməkdir.

Bu ilin mayında İspaniya hökuməti 2027-ci iləcən yarımkeçirici və mikroçip sənayesinə 12.25 milyard avro (13.12 milyard dollar) xərcləmək planını açıqlayıb. Bu vəsaitin 9.3 milyard avrosu zavodların tikilməsinə sərf olunacaq.

XS
SM
MD
LG