Daha 7 gəncə Yasamal Rayon Məhkəməsində 8 sutka inzibati həbs cəzası verilib. Onlar da polisə müqavimətdə ittiham edilir.
Bundan əvvəl isə gənclərdən 4-nə eyni ittihamla 8 sutka inzibati həbs verilmişdi. Bir nəfər isə sərbəst buraxılmışdı.
Qalan 2 gəncə yaxın bir saatda hökm oxunmalıdır.
Bir gənc buraxıldı
Gənclərdən biri - Emin Maniyev Yasamal rayon 29 saylı Polis Bölməsindən sərbəst buraxılıb. Onun işinin məhkəməyə göndərilmədiyi bildirilir.
8 sutka
Bu gün - sentyabrın 19-u Yasamal Rayon Məhkəməsi Milli Şuranın aksiyasından sonra tutulan gənclərdən 4-nə 8 sutka inzibati həbs verib.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, onlar Toğrul İbrahim, Məcnun Pirəliyev, Ülfət Həsənqarayev və Orxan Carçıdır.
Gənclər polisə müqavimət göstərməkdə təqsirli bilinir.
Milli Şuranın sentyabrın 17-də keçirilən referendum əleyhinə aksiyasında ümumilikdə 14 gəncin saxlandığı bildirilir. Yaxın dəqiqələrdə digər saxlananlarla da bağlı hökm veriləcəyi gözlənir.
Şahidlərin sözlərinə görə, Milli Şuranın sentyabrın 17-də keçirilən mitinqdən sonra polis aksiyaçılara hücum edərək, onları əvvəlcədən gətirdikləri avtobuslara doldurub. 40-dan artıq aksiyaçı tutulub. Polis müdaxiləsindən öncə gənclərdən metronun «İnşaatçılar» stansiyasına doğru irəliləyərkən müxtəlif şüarlar səsləndirənlər də olub. Saxlananlardan çoxu sonradan sərbəst buraxılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda qeyd edilirdi ki, aksiya iştirakçılarından bəziləri ictimai asayişi pozduqlarına görə saxlanıblar.
Milli Şura Konstitusiyaya dəyişiklik əleyhinə aksiya keçirib.
Buna da bax- 'Monarxiyaya yox!'. Milli Şuranın ikinci mitinqi
Konstitusiyaya dəyişikliklərlə bağlı sentyabrın 26-da referendum olacaq.
Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.