Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:48

İçməli su kanalizasiya sularına qarışıb


Kanalizasiya
Kanalizasiya

«İçməyə su tapmırıq, binanın zirzəmisində isə içməli su nəcisə, sidiyə qarışıb».

Bunu AzadlıqRadiosuna Mingəçevir sakinləri deyir.

«İÇƏRİSİNƏ AYRILAN PULLARI MƏNİMSƏYİRLƏR»

Şəhərin Nizami küçəsindəki beşmərtəbəli binada yaşayanlar xeyli müddətdir ki, zirzəmidəki tullantı sularını təmizləməklə məşğuldurlar. Ancaq demələrinə görə, problem köklü həll olunmadığından çabaları da faydasızdır.

Məsələ ondadır ki, bir aydan çoxdur kanalizasiya suları və binaya istifadə üçün verilən içməli su çürümüş borularla zirzəmiyə axır. Nəticədə bina sakinləri həm içməli sudan məhrum olublar, həm də kanalizasiya sularının zirzəmidən kənara yayılan üfunətini ciyərlərinə çəkmək məcburiyyətində qalıblar.

***Buna da bax-Köçkün: 'Başımıza sidik axıdılır'

Bina sakini Nəzakət Məlikova hesab edir ki, binaların təmirinə ayrılan pul vəsaitləri düzgün xərclənsə, heç bir binada belə vəziyyət yaranmaz:

«Sovet vaxtı çəkilən su və kanalizasiya xətləri sıradan çıxıb. Binaların üzlüklərini dəyişirlər, ancaq içərisindəki kommunal xətlər bərbad vəziyyətdə qalır. Halbuki, bildiyimizə görə, büdcədən pul binalardakı əsaslı təmirə görə ayrılır. Əsaslı təmir o deməkdir ki, həm içərisi, həm də çölü təmir olunmalıdır. Çölünü düzəldirlər, içərisinə ayrılan pulları mənimsəyirlər».

«USTA GEDƏNDƏ DEYİR, YENƏ DEŞİLƏCƏK»

Sakinlər özləri bir neçə dəfə su və kanalizasiya xətlərini təmir etdiriblər. Ancaq nə faydası... Bina sakini Nemət Sadıqov deyir, binanın bütün kommunikasiya xətləri yerli-dibli dəyişdirilməlidir:

«Boru deşilir, pul yığırıq, usta çağırırıq, düzəldir, gedəndə deyir, çürük borular təzyiqlə gələn suyun qarşısında tab gətirmir, yenə deşiləcək. Bir neçə gün keçir, bir də baxırıq ki, üfunət aləmi bürüyüb, gedib görürük, binanın zirzəmisi yenə dizəcən su ilə dolub. Elə vaxt olur ki, çirkab sular daşır, zirzəmidən ətrafa yayılır. Bütün yayı binaya girəndə ağız-burnumuzu şərflə, dəsmalla bağlayıb keçmişik».

***Buna da bax-Abid Şərifov: 'Kanalizasiya sistemində 12 layihə icra olunur'

Zirzəminin çirkab sularla dolması təkcə gigiyenik baxımdan yox, həm də binanın sıradan çıxması baxımından təhlükəlidir. Artıq binanın divarlarında çatlar əmələ gəlməyə başlayıb.

«İLAN DA ÖLDÜRMÜŞÜK»

Sakin Nəsimi Abdullayev:

«O zirzəmidən ilan da tutub öldürmüşük, qurbağa da çıxır, yarasa da doludur, artıq mənzillərə daraşıb, başqa həşəratlar da evlərimizə dolub. Bir tərəfdən də zirzəminin nəmişliyi ciyərlərimizi, böyrəklərimizi sıradan çıxarıb, binadakı uşaqların çoxu ağciyər problemi ilə doğulur. Üstəlik də, binanın divarları çat verməyə başlayıb. Aşağı mərtəbələrdə vəziyyət daha pisdir».

Mingəçevir Şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, qurum məsələdən xəbərsizdir:

«Elə bu gün bu məsələ nəzarətə götürülər. Mingəçevir su-kanal idarəsinə də məlumat verərik, yəqin ki, gün ərzində zirzəmiyə və binaya baxış keçirilər».

Qurumdan bildirilib ki, bina qəzalı deyil və yaşamağa tam yararlıdır. Zirzəmiyə dolan suyun çəkilməsi və problemin köklü həll olunması üçün aidiyyəti qurumlara müraciət olunacaq.

Sakinlərsə bildirirlər ki, indiyədək problemi aidiyyəti üzrə qurumlar qarşısında dəfələrlə qaldırsalar da, nəticəsi olmayıb.

XS
SM
MD
LG