Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 01:50

'Minsk' – ən ağır layihə


'Minsk' filmindən kadr
'Minsk' filmindən kadr

Boris Qutsun yeni filmi hələ çıxmamış Rusiya və Belarusda qadağan edilib. Film hazırda hər iki ölkədə hakimiyyətdə olan qüvvələr üçün son dərəcə həssas mövzuda çəkilib. Filmin əsas mövzusu hökumət əleyhinə etirazlar, xüsusən də ötən il avqustun 9-da Belarusda prezident seçkisindən sonrakı kütləvi nümayişlərdir.

Rusiyalı rejissor Belarusun paytaxtında yaşayan və dövlətin qəddar təqib maşını ilə üzləşən gənc cütlük haqqında çəkdiyi "Minsk" adlı dram filminin böyük auditoriya toplayacağına ümid edirdi.

"Məqsəd Minskdə yaşayan və bu dəhşəti yaşamalı olan sadə bir cütlüyün həyatının 90 dəqiqəsini göstərmək, tamaşaçıya bircə saniyə də gözünü qırpmağa imkan verməmək, onu [hadisələrin] bir hissəsinə çevirmək idi", – Quts AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində deyib.

Nazirlər filmdən danışıblar?

Ancaq Belarus əsilli Quts tezliklə başa düşüb ki, ən yaxşı tanıdığı bu iki ölkədə tamaşaçıların qəlbini fəth etmək çətin olacaq. Səbəbsə "yuxarı"dan verildiyi iddia olunan qərarlardır.

İyunda "Nexta-Live" Teleqram kanalı Belarusun Xarici İşlər naziri Vladimir Makeyin iyunun 26-da rusiyalı həmkarı Sergey Lavrovla görüşündən çəkildiyi iddia olunan rəsmi reportajın skrinşotlarını paylaşıb. Reportajın əsas hissəsi ticarət və Krımla bağlı diplomatik əməkdaşlığa fokuslanmışdı. Ancaq maraqlıdır ki, burada Qutsun filmindən də söhbət gedirdi.

"Mən Rusiya tərəfinin "Minsk" bədii filmini yasaqlamasına nail oldum. O, tamamilə təxribatçı [xarakter daşıyır] və Belarusda etiraz əhvalının qızışdırılmasına yönəlib", – kanalın yaydığı sənəddə deyilir. Radio özü sənədin dəqiqliyini təsdiqlədə bilməyib.

'Minsk' filminin çəkilişləri
'Minsk' filminin çəkilişləri

Çəkiliş Tallində aparılıb

Quts bu qədər yüksək səviyyədə yoxlanacağını gözləməsə də, Moskvanın cənubunda yerləşən Tula regionunda çəkiliş icazəsi üçün müraciət edərkən çəkiliş qrupunun necə qarşılandığını görəndə hər şeyi anlamışdı.

"Bizə … siyasət, koronavirus və sair kimi müxtəlif bəhanələrlə Rusiyada çəkiliş aparmağı qadağan etdilər", – o deyir.

Nəticədə kinematoqrafçılar çəkilişi Estoniyanın paytaxtı Tallində aparmalı olublar. Bu şəhərin də bəzi hissələri sovet dövründən qalan binaları ilə Minskin ətraflarını xatırladır.

Şərhlər

Filmin iyulda çıxan treyleri YouTube-da 400 min baxış sayı toplayıb. Treyler cütlüyün Minskdəki sakit həyatından romantik səhnələrlə başlayır və çox tez polis dəyənəyi və işgəncə dolu tükürpədici səhnələrə keçir.

Boris Quts
Boris Quts

Quts bu səhnələrin çoxunun ötən yay etirazçıların və vətəndaş jurnalistlərinin onlayn paylaşdığı videolar əsasında rekonstruksiya olunduğunu deyir. Treylerin altındakı şərhlərdə isə filmin Belarusdakı o gərgin günlərin ab-havasını əks etdirməyə müvəffəq olduğu deyilir.

"Mən heç vaxt müharibəni görmüş insanların müharibə haqda filmlərə baxanda özlərini necə hiss etdiklərini təsəvvür edə bilməzdim. Deyəsən, indi bir az anladım", – deyə Sergey Vasilyev adlı bir istifadəçi yazıb.

"Hələ təkcə treyler mənə qəribə hisslər yaşadır. Qorxuram bu filmə baxa bilməyim, çünki o cəhənnəmi yenidən özümə hopdurmaq istəmirəm", – İlya Qubin adlı başqa bir istifadəçi yazıb.

Reallığa çox yaxın təsvir

Quts bu filmin onun emosional baxımından ən ağır layihəsi olduğunu deyib. Aleksandr Lukaşenko rejiminin həbs etdiyi etirazçıların üzləşdiyi dəhşətli şəraitin reallığa çox yaxın təsvirini yaratmaq asan olmayıb. Onun sözlərinə görə, hər səhnənin çəkilişindən sonra aktyorlar, operatorlar, prodüser və rejissor, hər kəs bir-biri ilə qucaqlaşırdı: "Çünki bağlılıq və yaxınlıq olmadan buna dözmək çətin idi".

Qutsun filmin çəkilişlərinə seçkilərin ardınca etiraz dalğasının başlanmasından dərhal sonra başladığını deyir. O, bir dostunun polis nəfərləri tərəfindən zorlandığını, başqa bir dostununsa oğlu ilə meyvə dükanına gedərkən həbs edildiyini öyrənib.

"Bütün bunlar mənə təsir etdi və mən dərhal, nə olursa-olsun, film çəkmək qərarına gəldim. Mən siyasətçi, inqilabçı, yaxud jurnalist deyiləm. Mən rejissoram və bu mənim Belarusdakı dostlarıma kömək etmək üçün edə bildiyim tək şeydir", – o deyir.

XS
SM
MD
LG