Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:38

Rusiyada miqrant uşaqlarını orduya hazırlamaq təklif olunub


Rusiyada "Gənc ordu"nun reklam lövhəsi
Rusiyada "Gənc ordu"nun reklam lövhəsi

Novosibirsk vilayətinin vitse-qubernatoru Andrey Klyuzov miqrant övladlarının Rusiya cəmiyyətinə inteqrasiyası üçün onları “Gənc orduya” göndərməyi təklif edib.

O Xilok bazarının yaxınlığındakı 66 nömrəli məktəbi misal gətirib. Burada təhsil alanların əksəriyyəti miqrant uşaqlarıdır. Vitse-qubernator “Sibir mərdlik ərazisidir” devizli mətbuat konfransında deyib:

“Bu məktəbdə yaxın xaricdən çox sayda uçaq oxuyur. Onlar rusca pis bilirlər. Bu səbəbdən Novosibirsk ailələri uşaqlarını bu məktəbdən çıxarıb başqa məktəblərə aparırlar”.

Klyuzovun sözlərinə görə miqrant uşaqlarının ictimai-mədəni adaptasiyasının ən yaxşı yolu onların “Gənc ordu”ya yazdırılması və hamı üçün icbari və kütləvi hərbi-vətənpərvərlik tərbiyəsi olardı.

Bəlalı 66 saylı məktəb

AzadlqıRadiosunun Rus xidməti xatırladır ki, Andrey Klyuzov 66 saylı məktəbdən əvvəllər də söz salıb və miqrantların vətənpərvərlik ruhunda tərbiyələndirilməsinə çağırıb.

O 2023-cü ilin dekabrında bildirmişdi ki, yerli deputatlar bu məktəbdə hərbi-vətənpərvərlik klubu yaradırlar.

66 saylı orta məktəb Novosibirskin ən qədim məktəblərindən biridir. Hazırda burada təhsil alanların 75 faizi miqrant uşaqlardır.

Məktəbin rus dili müəllimi Svetlana Qavrilenko NGS.RU saytına demişdi ki, əgər uşaq məktəbə sıfır dil biliyi ilə qəbul olunursa da, Yeni ilədək rus dilini başa düşür.

Uşaqlarını gətirməsinlər

Bundan əvvəl Rusiya Dövlət Dumasına bütün əməkçi miqrant uşaqlarının orta məktəblərə qəbulu zamanı icbari rus dili imtahanının verilməsini nəzərdə tutan qanun layihəsi təklif olunmuşdu.

Rusiya Elmlər Akademiyasının apardığı sosioloji tədqiqata görə Rusiyada rəyi soruşulan müəllimlərin 53 faizi miqrant uşaqlarının rus dili və ümumtəhsil fənləri ilə bağlı problemlərinin olduğunu bildirib.

Rusiya Liberal-Demokrat Partiyası Dövlət Dumasına başqa qanun layihəsi təklif etmişdi. Bu qanun layihəsinə görə miqrantlara uşaqlarını özləri ilə Rusiyaya gətirmək qadağan olunmalıydı.

LDPR-in lideri Leonid Slutski demişdi:

"Bir qayda olaraq ailə üzvləri ya işləmirlər, ya da qanunsuz işləyirlər. Bizim dilimizi bilmirlər və öyrənmək istəmirlər. Anklavlar yaradaraq evləri və hətta bütöv mikrorayonları məskunlaşdırırlar. Onlar bizim ölkəmizdə doğur, müxtəlif ödənişlər alırlar. Miqrant uşaqları bağçalarda və məktəblərdə yer tuturlar. Halbuki bunlar vətəndaşlarımızın vergisi ilə yaradılır və saxlanır”.

XS
SM
MD
LG