Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 03:12

Mirzoyan Bayramovla Qazaxıstanda görüşməyə hazırdır


Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belə görünür, Qazaxıstanın Azərbaycan-Ermənistan sülh müqaviləsi danışıqlarına ev sahibliyi etmək təklifini qəbul edib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev belə bir görüş üçün “platforma” verə biləcəyini ötən həftə Yerevana səfəri zamanı bildirmişdi.

Azərbaycan prezidenti İlham Əliyev daha sonra dəqiqləşdirmişdi ki, Astana Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Qazaxıstanda görüşdürmək təklifi ilə çıxış edib. O demişdi ki, Bakı bu təşəbbüsü dəstəkləyir.

Ermənistan Xarici İşlər Nazirliyi aprelin 26-da bəyan edib ki, Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla Qazaxıstanda görüşməyə hazırdır. Bununla belə Ermənistan XİN bu görüşün dəqiq tarixinin hələ ki, məlum olmadığnı bildirib:

“Ermənistan Cənubi Qafqazda həqiqətən də davamlı sülhə nail olunması, habelə Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması, təməl prinsiplər və 1991-ci il Almatı Bəyannaməsi də daxil qarşılıqlı razılaşdırılmış sənədlər əsasında sərhədin delimitasiya üçün vasitəçilik səylərinə və danışıqlar platformalarının təklif olunmasına müsbət yanaşır”.

Yerevanın narazılığı

Azatutyun yazır ki, Mirzoyanla Bayramov arasında son görüş fevral ayında Berlində keçirilib.

Bu da qeyd olunur ki, həmin görüşdə Ermənistan-Azərbaycan sülh müqaviləsinin əldə olunması istiqamətində əhəmiyyətli irəliləyiş olmamışdı.

Ararat Mirzoyan daha sonra gileylənmişdi ki, Bakı Ermənistanın ərazi bütövlüyünü rəsmən tanımaqdan yayınır, habelə Azərbaycan və Naxçıvan arasında dəhliz açılması tələbini irəli sürməkdə davam edir.

Azatutyun qeyd edir ki, Əliyev dəhliz tələbini iki gün bundan əvvəl bir də səsləndirib.

O habelə bəyan edib ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir.

Əliyevin tələbləri davam edir

Azatutyun diqqəti belə bir məqama çəkir ki, Azərbaycan lideri bu tələbləri Ermənistan baş naziri Nikol Paşinyanın hökumətini Azərbaycanın dörd kəndinin qaytarılmasına məcbur etdikdən sonra da irəli sürməkdə davam edib.

Ötən həftə Bakı və Yerevan iki ölkə arasında sərhədin Qazax-Tavuş sektorunda ilkin delimitasiyası barədə razılaşma əldə etdiklərini bəyan ediblər.

Bundan sonra iki ölkə arasında ilk sərhəd dirəklərinin vurulması barədə xəbərlər yayılıb. Bakı sərhədin 10-12 kilometrinin artıq demarkasiya edilmiş sayıldığını bildirib.

Ermənistan müxalifəti və Paşinyan hökumətinin başqa tənqidçiləri dörd kəndin Azərbaycana qaytarılmasına razılıq verilməsini tənqid ediblər.

Son bir həftə ərzində Ermənistanın Tavuş rayonunda və paytaxt Yerevanda sərhədin delimitasiyasına qarşı etiraz aksiyaları keçirilir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG