Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:56

Mirzoyan müxalifətə: 'Siz müharibə, azı 4000 qurban istəyirsiniz?'


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 4-də bəyan edib ki, Ermənistan konstitusiyasının dəyişdirilməsi iki ölkə arasında davam edən sülh danışıqlarının gündəliyində yoxdur.

Prezident İlham Əliyev fevralın 1-də demişdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Onun sözlərinə görə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Mirzoyan etiraf edib ki, istər Yerevan, istərsə də Bakı bir-birinin konstitusiyalarında davamlı sülhə maneələri görürlər:

“Amma bu qətiyyən o demək deyildir ki, Ermənistan konstitusiyasına dəyişiklik edilməsi Ermənistan və Azərbaycan arasında gedən danışıqların gündəliyindədir. Belə bir şey yoxdur”.

Müxalifət iqtidarı Bakıya boyun əyməkdə ittiham edir

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, baş nazir Nikol Paşinyan Ermənistanın hazırkı konstitusiyasının Bakının tələbi ilə dəyişdirilməsini istədiyini inkar etmişdi.

Bununla yanaş o demişdi ki, konstitusiyada 1990-cı il bəyannaməsinə istinad qaldıqca Azərbaycanla sülh mümkün olmayacaq.

Azatutyun yazır ki, Paşinyanın Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması qərarı da müxalifəti hiddətləndirib.

Müxalifət iddia edir ki, Bakının tələblərinə boyun əyilməsi Azərbaycanın iddialarını daha da artıracaq.

Ararat Mirzoyan parlamentdə etdiyi çıxışda habelə müxalif deputat Armen Rustamyanın hökumətin guya Azərbaycanın tələblərinin icrası üçün büdcədə xüsusi bənd açmaq planına dair iddiasını “yanlış” adlandırıb.

Rustamyan demişdi ki, iki ölkə arasında sərhədin demarkasiyası təkcə beynəlxalq təcrübəyə yox, həm də Azərbaycanın tələblərinə uyğun aparılır.

“Qarabağa qayıtmaq deyəndə nəyi nəzərdə tutursunuz?”

Azatutyun yazır ki, Ermənistan parlamentində büdcəyə dair müzakirələrdə Qarabağ ermənilərinin yurdlarına qaytarılması məsələsinə də toxunulub.

Bu məsələni keçmiş prezident Robert Koçaryanın fraksiyasından deputat Artsvik Minasyan qaldırıb.

O soruşub ki, Ermənistan Xarici İşlər Nazirliyi bu istiqamətdə nə işlər görür?

Ararat Mirzoyan bu suala belə cavab verib:

"Siz Qarabağa qayıtmaq deyəndə, zəhmət olmasa nəyi nəzərdə tutduğunuzu izah edin. Bu rəsmi Bakının təklif etdiyi variantdırmı? Yəni Dağlıq Qarabağdakı ermənilər də Azərbaycanın başqa yerlərində yaşayan azərbaycanlılar kimi eyni qanunlara tabe olsunlar, eyni hüquqlara malik olsunlar? Yoxsa siz Azərbaycanın tərkibində muxtariyyəti və ya müstəqil Dağlıq Qarabağı nəzərdə tutursunuz? Siz nə təklif edirsiniz? Əgər bu Dağlıq Qarabağda 2019-cu ildə mövcud olmuş status quo-dursa, siz bunu azı 4000 qurban bahasına etməyə hazırsınızmı? Siz müharibə təklif edirsiniz, yoxsa baş nazirliyə gələcək namizədiniz demişkən əsgərlərin ölməli olduqlarını deyirsiniz?”

Keşiş Qalstanyan müxalifətdən narazıdır

Bundan bir gün əvvəl baş nazir Nikol Paşinyanın administrasiyasının rəhbəri Arayik Arutyunyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərakatn getdikcə zəifləməkdə olduğunu demişdi.

Azatutyun yazdığına görə Qalstanyanın özü də siyasi qüvvələri hökumətə qarşı mübarizədə ya “gözə görünməyə”, ya da bu hərəkatla bağlılıqlarının olmadığını açıq bəyan etməyə çağırmışdı.

Azatutyun ehtimal etdiyini yazırdı ki, arxiyepiskop böyük bir ehtimalla keçmiş prezidnetlər Robert Koçaryan və Serj Sarkisyanın hərəkta kifatyət qədər dəstək vermədiyindən gileylənirdi:

Arxiyepiskop gileylənib ki, o həm parlament, həm də qeyri-parlament müxalifətinin liderləri ilə dəfələrlə görüşüb və onlar hərəkatla həmrəylik bildiriblər:

"Onların hamısı hərəkatla həmrəy olduğunu bildirmişdi, elə deyilmi? İndi mən soruşuram: nə dərəcədə həmrəydirlər? Bu sadə bir sualdır. Bu necə olur ki, mən həmrəylik bildirirəm, həm də bura (etiraz aksiyasına-red) gəlmirəm?”

Bundan əvvəl demək olar bütün müxalifət partiyaları arxiyepiskopun hərəkatına dəstək bildirmişdilər. Qalstanyan şikayətlənmişdi ki, müxalifət konkret hərəkətlərdə iştirak etmir:

"Bunlar guya iştirakçıdırlar? Onlar küçələri bağlamaq istəmirlərsə, qoy onda başqa bir iş görsünlər...Onlar baş verən qanunsuzluğu görürlər. Heç olmasa polis zorakılığına reaksiya versinlər, bu hərəkətləri pisləsinlər”.

Arxiyepiskop Baqrat Qalstanyan
Arxiyepiskop Baqrat Qalstanyan

Bundan əvvəl

Mayın 15-də Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən edilməsi və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının doqquzuncu görüşü keçirilib.

Görüşün yekunu olaraq müvafiq protokol imzalandığı qeyd olunurdu.

Daha sonra bu razılaşmaya əsasən sərhədin delimitasiyasına və sərhəd dirəklərinin basdırılmasına başlanıb.

Razılaşmaya uyğun olaraq Ermənistan silahlı qüvvələri Qazax rayonunun işğal olunmuş dörd kəndindən geri çəkilib və onların mövqelərini Azərbaycan sərhədçiləri tutub.

Erməni Kilsəsi və onun başçısı – katolikos II Qaregin mayın 7-də baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlara rəsmən xeyir-dua verib.

Bu etiraz Azərbaycanla həmsərhəd Tavuş mərzindən başlanıb. Buradakı bir neçə sərhədyanı kənd – xüsusilə də Kirants kəndinin bəzi sakinləri Azərbaycan-Ermənistan sərhədinin demarkasiyasına və nəticədə Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Bakının nəzarətinə qaytarılmasına etiraz edirdilər.

Erməni Kilsəsinin ruhaniləri və müxalifət nümayəndələri etirazçılara qoşulmuşdular.

Parlamentdəki müxalifət Nikol Paşinyanın impiçmenti proseduruna hazırlıq görüldüyünü bildirmişdi. Amma onların bu prosedura başlamaq üçün parlamentdə kifayət qədər mandatı yoxdur.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG