Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 12:30

Mirzoyan: Gündəlikdə Dağlıq Qarabağın statusu məsələsi də olmalıdır


Ararat Mirzoyan
Ararat Mirzoyan

Ermənistanın xarici işlər naziri Azərbaycanı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərini pozmaqda ittiham edib

Ermənistanın yeni təyin olunmuş xarici işlər naziri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra bir sıra bəyanatlar verib.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, nazir Azərbaycan və Ermənistan arasında mümkün sülh danışıqlarına münasibət bildirib:

“Hazırkı vaxtda sülh sazişi ətrafında heç bir danışıqlar aparılmır. Əgər Ermənistan və Azərbaycan hansısa məqamda sülh razılaşmasına dair danışıqlara başlasalar, bu danışıqların gündəliyində ATƏT-in Minsk qrupu həmsədrlərinin təsdiqlədikləri prinsiplər əsasında Dağlıq Qarabağın statusu məsələsi də olmalıdır”.

Özünün ilk xarici səfəri əsnasında Mirzoyan bəyan edib ki, Ermənistanın regiondakı strategiyası sülh və sabitlikdir, amma “Azərbaycanın destruktiv siyasəti” buna mane olur.

Azatutyun yazır ki, Mirzoyan bu fikri Lavrovla danışıqlardan əvvəl və sonra, iki dəfə səsləndirib.

Azərbaycan prezidenti İlham Əliyev Bakının sülh danışıqlarına tərəfdar olduğunu bildirsə də, Qarabağ məsələsinin artıq həll olunduğunu, heç bir status məsələsinin qalmadığını bəyan edib.

Lavrovun izahatı

Ermənistanın xarici işlər naziri Azərbaycanı 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərini pozmaqda, bu sənədin maddələrini istədiyi kimi interpretasiya etməkdə ittiham edib.

Mirzoyan Lavrovla danışıqlarında Azərbaycanda saxlanan erməni əsirlərlə bağlı məsələni qaldırıb.

O Rusiya tərəfinə əsirlərin qismən qaytarılmasındakı səylərinə görə təşəkkürünü bildirib, amma əlavə edib ki, Azərbaycan bütün əsirləri qaytarmalıdır.

Lakin Sergey Lavrov Azərbaycanın üçtərəfli bəyanatın 8-ci bəndini pozmasına dair Mirzoyanın ittihamları ilə bağlı Moskvanın mövqeyini açıqlayıb:

“Üçtərəfli razılaşmanın 8-ci maddəsində söhbət hərbi əməliyyatlar vaxtı əsir götürülən hərbi əsirlərdən gedir, lakin bugün Bakıda hərbi əməliyyatların başa çatmasından sonra əsir götürülənlər saxlanır”.

Lavrov: Həmin erməni hərbçilər atəşkəs bəyannaməsindən sonra saxlanıblar
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG