Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

Qulağından əriştə asan deputat həm də işğalı dəstəkləyir


Mixail Abdalkin
Mixail Abdalkin

Rusiyanın Samara vilayət Dumasının üzvü Mixail Abdalkinin adı qalmaqallardan əskik olmur. 35-yaşlı kommunist siyasi karyerasına öz seçicilərinin problemlərinə laqeyd saydığı siyasətçiləri duelə çağırmaqla başlayıb.

Onun fevralın 21-də YouTube-da paylaşdığı qısa video isə daha çox diqqət çəkib.

Videoda onun, ofisində əyləşib Prezident Vladimir Putinin illik müraciətinə qulaqlarından əriştə asmaqla baxdığı görünür

Rusca "qulaqdan əriştə asmaq" (“вешать лапшу на уши”) idiomatik ifadəsi yalan danışmaq, aldatmaq mənasını verir. Putinin avtoritar ölkəsində narazılara tarixi divan tutulduğu bir dönəmdə bu, cəsarətli hərəkət sayılır. Moskva ötən ilin fevralında Ukraynaya hərbi təcavüzə başlayandan ölkə daxilində fərqli fikir söyləyənlərə divan tutur.

150 min rubl cərimə

Martın 16-da Moskvadan 1 min km cənub-şərqdə yerləşən, 110 min əhalisi olan Novokuybişevsk şəhərinin məhkəməsi Abdalskini “Rusiya federasiyasının silahlı qüvvələrini nüfuzdan salmaqda” təqsirli bilərək 150 min rubl ($1,975) cərimələyib. Abdalkin hökmü “siyasi motivli” sayır, apelyasiya şikayəti verəcəyini deyir.

“Nə vəkilim, nə də mən ‘nüfuzdan salma’nın nə olduğunu anladıq. Videoda silahlı qüvvələrin heç adı çəkilmir… Ancaq hakim qərar çıxardı ki, ‘nüfuzdan salmağa’ kiməsə inamı azaltmaq, yaxud kiminsə imicinə, hakimiyyətinə zərbə vurmaq da daxildir. Kimin imicinin zədələndiyini isə demədi”, – Abdalkin AzadlıqRadiosunun “Idel.Realities” portalına deyib.

Bundan başqa Abdalkin Dövlət Dumasında da tənqid olunub. Hakim Vahid Rusiya partiyasından deputat Aleksandr Xinşteyn onu hədəfə alıb. Abdalkin 2018 və 2021-ci illərdə Xinşteynə qarşı uğursuz mübarizə aparıb.

“Düşünürəm ki, 2026-cı ilə sağ çıxsam, onunla daha ciddi rəqabət aparacağam. Xinşteyn də, görünür, bunu bilir və mənim o qədər yaşamağımı istəmir”, – Abdalkin vurğulayıb.

Bilərəkdən qızışdırılan isteriya

Xinşteyn ictimaiyyəti Abdalkini pisləməyə çağırandan sonra deputat hədələyici telefon zəngləri və sosial media mesajları alıb.

“Ona görə reaksiya vermədim ki, bu, bilərəkdən qızışdırılan isteriyadır. Hərəkətimdə qeyri-adi bir şey görmürəm. Sadəcə bir etiraz idi”, – o vurğulayıb.

Abdalkin əriştə etirazının “spontan” baş verdiyini danışır. O, ölkə vətəndaşlarının son 23-30 ildə televiziya ekranlarından siyasətçilər tərəfindən aldadıldığını bildirir:

“Televizor qarşısında qulağında əriştəylə oturmaq cəmiyyətimizin vəziyyətini əks etdirir. Baş verənlərə münasibətimi belə nümayiş etdirdim… Etirazımla yeni bir şey eləmədim – sadəcə, hamının dediyini ifadə elədim”.

2021-ci ildə bir Twitter istifadəçisi də Putinin “Birbaşa Xətt” sual-cavab şousundan öncə qulaqlarında əriştəylə fotosunu paylaşmışdı.

“Çox ehtiyatlı davranmalıyıq”

Abdalkin dərhal onu da əlavə edib ki, Rusiyanın Ukraynanı işğal etməsinə etiraz eləmir, müharibəni həm özü, həm də Kommunist partiyası dəstəkləyir. Ordu veteranı kimi bioloji və kimyəvi silahlar üzrə təlim keçmiş Abdalkin, gərəkərsə, səfərbərliyə hazır olduğunu, bunu istədiyini sözlərinə əlavə edib.

Deputat Putin və Vahid Rusiyanın sosial siyasətinə qarşı çıxdığını, onların yoxsulluq və qanunsuzluqla yetərincə mübarizə aparmadığını söyləyib. O, bütün etirazların qanunvericilik çərçivəsində aparılmalı olduğunu bildirib.

“Çox ehtiyatlı davranmalıyıq… Bəli, bu vəziyyəti sevmirik. Bu qanunları yanlış sayırıq. Adamların fikirlərinə görə təqib olunmasnı yanlış sayırıq… Onlar divantutmanı davam etdirəcəklər. Özümüzü çox ehtiyatla ifadə etməliyik. Ancaq davam etməliyik”, – Abdalkin deyir.

Öncəki etirazlar

Abdalkin 2020-ci ildə Novokuybişevsk şəhərində Putinin 68 yaşı tamam olanda onun maskasını taxmış bir kişiylə görünüb. Maskalı kişi deyib ki, 100 iləcən yaşayacaq, Rusiyanı idarə edəcək, “Rusiyanı ayaq üstə qaldıracaq”.

Deputat 2019-cu ildə şəhər mərkəzi xəstəxanasının direktorunun şəklini yandırıb. 2021-ci ildə Çapayevsk şəhər administrasiyası başçısına şəhər sakinlərindən “minnətdarlıq əlaməti” olaraq bir vedrə öküz peyini verib.

“Son illər etirazlar qadağan olunub. Piketlər təşkil etmək, hətta seçicilərlə görüşmək çətinləşib. Etiraz etmək demək olar, qeyri-mümkünə çevrilib. Ona görə alternativlər axtarmalıyam, çünki adamlar bilməlidirlər ki, ətrafda heç də hamı sakit durmur, etiraz edənlər var”, - Abdalkin deyr.

“Nəyisə açıq deyəndə administrativ və cinayət maddələrini pozursan. Ona görə də metaforalara, Ezop dilinə keçmişəm”, – o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG