Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:07

Moskvada ‘Terrorçu dövlət’ plakatı qaldıranlar saxlandı


Aksiya zaman;
Aksiya zaman;

Moskvanın Lubyanka adlanan hissəsində, Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası qarşısında “Terrorçu dövlət” plakatı qaldırmaq istəyən 4 nəfər saxlanıb.

CurrentTime saytı yazır ki, saxlananlar aksiyanı müxalifətçi Aleksey Navalnının zəhərlənməsinə etiraz olaraq keçirdiklərini bildiriblər.

Bu aksiyada “Vətəndaş cəmiyyəti” və Libertarian Partiyasının üzvləri Vladimir Kaşpurov, Andrey Bulkin, Viktor Tsizmanİlya Krutskix iştirak edirdilər.

Şahidlərin dediyinə görə iki aksiyaçı plakatı asmağa çalışır, digər ikisi isə aksiyanı videoya çəkirdilər.

Tutulanlar Meşşanski rayonunun polis bölməsinə aparılıblar.

OVD-İnfo-nun vəkili Dmitri Zaxarov da polis şöbəsinə gəlib.

Bu da xəbər verilir ki, polis saxlananları dindirib və üstlərini axtarıb.

Dekabrın 22-də FTX-nin qarşısında rejissor Vitali Manskini saxlamışdılar. O piketə əlində göy tumanla çıxmışdı.

Bəzi məlumatlara görə Noviçok zəhərini Navalnının göy rəngli alt tumanına sürtmüşdülər.

“Navalnının tumanını yudunuz, bəs öz tumanınızı necə?..”

Bundan əvvəl başqa bir piket iştirakçısı Lev Qyammer saxlanmışdı.

Onun əlindəki plakatda yazılmışdı: “Navalnının tumanını yudunuz, bəs öz tumanınızı necə?”

Aleksey Navalnının Antikorrupsia Fondunun hüquqşünası Lyubov Sobol dekabrın 25-də saxlanmışdı.

Buna səbəb onun Konstantiv Kudryavtsev adlı bir nəfərin yaşadığı evə gəlməsi idi. Navalnı bildirir ki, Kudryavstev onun zəhərlənməsində iştirak etmiş agentdir.

Sobol başqasının mülkiyyətinə daxil olmaq cəhdində ittiham olunur.

Bellingcat, The Insider, Der Spiegel və CNN telekanalı dekabrın 14-də müştərək təhqiqatlarının nəticəsini dərc etmişdilər.

Bu təhqiqatda iddia olunurdu ki, Rusiya müxalifətçisi Aleksey Navalnının 2020-ci ilin avqustunda zəhərlənməsində FTX-nin kriminalistika institutu ilə bağlılığı olan 8 əməliyyatçısı iştirak edib.

“Zəhərləmək istəsəydilər zəhərləyərdilər...”

Bundan bir həftə sonra Navalnı təhqiqatın 2-ci hissəsini paylaşıb.

O Konstantin Kudryavtsevə zəng edərək özünü Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin köməkçisi kimi təqdim edib.

Navalnının dediyinə görə, bu telefon söhbəti zamanı Kudryavtsev onun zəhərlənməsində iştirak etdiyini və bu məqsədlə Noviçok maddəsindən istifadə olunduğunu əslində təsdiq edib.

Kreml Navalnının zəhərlənməsi ilə hər hansı bağlılığını inkar edir.

FTX isə bildirir ki, sözü gedən telefon danışığı “təxribatdır” və “qondarmadır”.

Rusiya prezidenti Vladimir Putin onun barəsində təhqiqat açıqlanandan üç gün sonra şərh verib.

O ənənəvi illik mətbuat konfransında deyib ki, Navalnını “zəhərləmək istəsəydilər, zəhərləyərdilər”.

XS
SM
MD
LG