Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:07

Moskvada COVID-19 qadağaları uzadılır


Moskva metrosu, arxiv fotosu
Moskva metrosu, arxiv fotosu

Hakim orqanlar Hindistana ağır zərbə vurmuş, sonradan dünyaya yayılmış delta ştammının Rusiyada yoluxmaları artırdığını deyirlər

Moskvanın Meri Sergey Sobyanin bu həftə tətbiq olunan COVID-19 qadağalarının iyunun 29-dək uzadıldığını elan edib. Səbəb gündəlik yoluxmalarda artımdır.

Sobyanin həmçinin Avro 2020 fan zonaların bağlandığını, mindən artıq şəxsin bir yerə yığışmasının yasaqlandığını açıqlayıb.

“Məcburuq”

“Bunu etmək istəmirdim, amma məcburuq. Bu gündən başlayaraq kütləvi tədbirlərdə maksimum min nəfərin bir araya gəlməsinə icazə veriləcək”, – mer vebsaytında yazıb.

“Bütün kütləvi əyləncə tədbirlərini müvəqqəti dayandırır, rəqs zalları və fan zonaları bağlayırıq”, – o deyib. Avro 2020 fan zonası Moskvadakı Lujniki stadionunun yaxınlığındadır.

Mer bu həftə bəyan etmişdi ki, Rusiya paytaxtında koronavirusun yeni, daha aqressiv və yoluxucu variantı yayılır.

Sobyanin bu ay şəhərdə xidmət sektoru işçiləri üçün vaksinasiyanı məcburi edib, bu həftəni qeyri-iş həftəsi elan edib. Bizneslər iyunun 21-dən işi bərpa edəcəklər.

Daha 3 region

İyunun 17-də Rusiyanın daha üç regionu – Moskva regionu, Sibirdəki Kemerovo və Uzaq Şərqdə Saxalin xidmət sektorunda peyvəndləməni məcburi etmək planlarını açıqlayıblar. Buraya pərakəndə satış, təhsil və səhiyyə sektoru da daxildir.

Tənqidçilərin sözlərinə görə, şirkətlərin əməkdaşlarını peyvəndə məcbur etməsinin hüquqi əsası yoxdur.

Rusiya dünyada vaksinasiyaya başlamış ilk ölkələr sırasında olsa da, ölkə boyunca peyvəndlərlə bağlı böyük tərəddüd var.

İyunun əvvəlinə olan informasiyaya görə, 146 milyonluq əhalinin cəmi 12 faizinə azı bir doza vurulub.

Moskvanın 12 milyonluq əhalisinin isə cəmi 15 faizinin peyvəndləndiyi bildirilir.

“Aşırı çətin” vəziyyət

Baş nazir Mixail Mişustin iyunun 17-də vəziyyəti “aşırı çətin” adlandıraraq deyib ki, “vaksinasiya sürətlənməlidir”.

“Ekspertlər təkcə sürətlə yayılan deyil, həm də ciddi ağırlaşmalara səbəb olan yeni ştammların peyda olmasından danışırlar”, – o vurğulayıb.

Hakim orqanlar Hindistana ağır zərbə vurmuş, sonradan dünyaya yayılmış delta ştammının Rusiyada yoluxmaları artırdığını deyirlər.

Delta virusun digər variantlarından daha sürətlə yayılır və xəstəxanalara daha çox yerləşdirilmələrə səbəb olmasına dəlil var.

Rusiyada indiyədək 5.2 milyondan çox yoluxmanın və 128 minə yaxın ölümün təsdiqləndiyi bildirilir. Amma real rəqəmlərin daha yüksək olduğu güman edilir.

XS
SM
MD
LG