Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:42

“Bu sexləri bağlasalar, acından öləcəyik”


►"Hökumət indi mərkəzdə qara-qura heç nəyin olmasını istəmir."

«Avtomobil nəqliyyatı haqqında» qanuna əlavə və dəyişikliklər avtoservislərin fəaliyyətinə nəzarətin güclənməsini, onlara qarşı standartların tətbiqini nəzərdə tutur

"- Usta, niyə gəlmişdilər?

- Nə bilim, deyir bir-iki günə yoxlamağa gələcəklər.

- Nəyi yoxlayacaqlar, usta?

- Bizi, buraları...

- Ağlın nə kəsir, usta?

- Bilmirəm."

Ustanın bir sözündən sonra 18-20 yaşlı gənc bayaqdan həvəslə təmir etdiyi maşının altından çıxır. O da, bir kənarda təkər yamayan başqa bir işçi də tez-tələsik əllərini çirkli parçaya silib ustanın başına yığışırlar.

Avtoservisin həm ustası, həm də sahibi olduğunu deyən Baloğlan Şirinov əvvəlcə işçilərini sakitləşdirir:

- Siz narahat olmayın, gedin. işinizi görün. Nə olacaqsa, olacaq.

Deyəsən cavab işçiləri qane eləmir. Təkər yamayan narazı vəziyyətdə qarajın o başına gedir. Gənc isə “kaş çörəyimizə bais olmasınlar” deyib mızıldanır.

Usta deyir ki, gələnlər bütün avtoservisləri yoxlayacaqlarını bildiriblər:

- Deyir, qanun çıxıb ki, bəs, hamını yoxlayacaqlar. Gərək sex standartlara cavab versin. Buranı 15 ildir işlədirəm. Standart deyəndə, sexdə hər şey yerindədir. İşçilər, materaillar, xidmət. Ola bilsin, sex bir az kiçikdir. Ancaq mən burda 15-20 adam saxlamıram ki? Düzdür, əvvəl bura qaraj olub. Ancaq kiçik sexlərin 80 faizi elə bu cür qarajlarda yerləşir də. Onda gərək hamısını bağlasınlar, biz də ölək acından.

Buna da bax: AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalist dindirilib

Qanun nə deyir?

Prezidentin imzaladığı «Avtomobil nəqliyyatı haqqında» qanuna edilən əlavə və dəyişikliklərlə bağlı fərman avtoservislərin fəaliyyətinə nəzarətin güclənməsini, onlara qarşı standartların tətbiqini nəzərdə tutur. Standartlara uyğun fəaliyyət göstərmək üçün lazımi şərait, təlim görmüş personal, müasir avadanlıq tələb olunur.

Hüquqşünas Ərşad Hüseynov deyir ki, dəyişikliklər ilk növbədə qanunsuz və qeydiyyatsız işləyən, keyfiyyətsiz xidmət göstərən təmir sexlərinə təsir edəcək. Bakıda isə belə sexlərin sayı onlarladır:

“Avtoservislərin avadanlıqları standartlara uyğun olmalıdır, ümumi texnoloji, fəaliyyətin özünün standartları hazırlanmalıdır. Bunlar qüvvəyə minəndən sonra nəzarət başlayacaq. Burda ən çox sual altında olan kiçik sexlərin fəaliyyəti olacaq. Bu sexlər ya sıradan çıxacaq, ya da böyük avtoservislərə birləşəcəklər. İndiki kimi qarajlarda fəaliyyət göstərmək mümkün olmayacaq. Xidmət haqqının bahalaşması, xeyli insanın işsiz qalması gözlənilir. Hətta süni qiymət artımı da olacaq”.

Hökumət mərkəzdə qara-qura heç nəyin olmasını istəmir

Bəzi avtoservis sahibləri isə deyir ki, bütün bunların baş tutması asan deyil. Zığ şossesi yolundakı kiçik sexlərdə qanunun “onların dağlarına gəlib çıxacağını” gözləmirlər. Burdakı sexlərdən birinin sahibi Firudin Kərimov deyir ki, o da qanun haqqında eşidib. Ancaq narahat deyil:

“Birinci, bu, şəhərdəki məhəllələrin arasındakı sexlərə təsir edəcək. Bilirsiniz də, hökumət indi mərkəzdə qara-qura heç nəyin olmasını istəmir. Vay o qardaşlarımızın halına. Əlbəttə, onlar da bizim kimi dolanışığa işləyirlər. Mən belə başa düşürəm ki, əvvəlcə şəhəri təmizləyəcəklər. Bizə növbə çatanaq qədər də Allah Kərimdir”...

Firudin deyir ki, əvvəldən bu işin sənətkarı olmayıb:

“Məcburiyyətdən bu işi görürəm. Əvvəl taksi sürürdüm. Ancaq bura taksidən yaxşıdır, bir az pul var. Varlıların maşınları çoxdur deyə, bizə həmişə ehtiyac olacaq. Standart deyir, keyfiyyət deyir, lap yaxşı. Şərait yaratsın, pul ayırsın, mən də həmin standartı yaradım. Yoxsa kasıb adamdan bunu gözləmək düzgün deyil. Bir özüməm, bir işçim. Mənim 5 uşağım var, onun 3. Yaxşı, gəlib bağlasınlar. Bəs o 8 uşağa kim baxacaq, yeməyini, əyin-başını kim verəcək? Demək asandır. Böyüklərə nə var ki? Fərman imzalayırlar, ancaq bu fərmanın arxasında nələrin dayandığını düşünmürlər”.

Buna da bax: Pensiya yaşı artırıla bilər

Nə vaxtdan başlanır?

Bütövlükdə bu prosesə gələn ilin əvvəlindən başlanacaq. Prezidentin fərmanına görə, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni standartları 3 ay ərzində hazırlayıb təsdiqləməlidir. Bundan sonra isə Nəqliyyat Nazirliyi 3 ay müddətində təmir müəssisələrini – avtoservisləri bu standartlarla və onun tələbləri ilə tanış etməlidir.

Avtoservislər qanunun və standartların tələblərini pozarsa, onlar İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləyə görə məsuliyyət daşıyacaqlar. Fərmanda nəzarəti hansı orqanın həyata keçirəcəyi dəqiqləşdirilməyib. Ancaq Nazirlər Kabinetinə tapşırılıb ki, nəzarət səlahiyyətlərinin hansı təşkilata verilməsi barədə təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etsin.

Qarajda fəaliyyət göstərən neçə-neçə sex sahibləri isə narahatlıqla həmin vaxtı gözləyir.

XS
SM
MD
LG