Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:47

MTN generalı bəraət istəyir: 'Xidmətlərimi nəzərə alın...'


MTN generalları.
MTN generalları.

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev noyabrın 27-də məhkəmədə son sözünü deyib.

MTN generalı və onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyevin işinə Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Aylardır davam edən məhkəmə prosesi yekunlaşır, təqsirləndirilən şəxslərin son sözündən sonra hakimlər hökm çıxarmaq üçün müşavirəyə gedib.

«MƏNİ İZLƏDİKLƏRİNİ DEDİLƏR»

Öncə A.Mehdiyev son sözünü deyib. Təqsirsiz olduğunu söyləyən polkovnikin sözlərinə görə, onu işadamı Maqsud Mahmudovun MTN-ə çağrılıb dindirilməsi epizoduna görə həbs ediblər. Amma bu məsələdə heç bir günahı yoxdur. MTN polkovniki deyir ki, öz işini görüb – Maqsudovun çağrılması haqda ona tapşırıq veriblər, o da yerinə yetirib. Mehdiyev deyir ki, hazırda iş üzrə zərərçəkmiş qismində tanınan M.Mahmudova qarşı qanunsuz hərəkətlərdə, o cümlədən ondan pul alınmasında iştirakı olmayıb.

***Buna da bax-'MTN işi'ndə 300 minlik təzminat tələbi

«Mən təqsirsizəm, ona görə də xahiş edirəm, haqqımda bəraət hökmü çıxarılsın», – MTN polkovniki son sözünü belə bitirib.

Zərərçəkmiş M.Mahmudov isə deyir ki, 2015-ci il iyulun 5-də Antiterror Mərkəzinin əməkdaşı A.Mehdiyev ona zəng vurub və nazirliyə çağırıb. M.Mahmudovun sözlərinə görə, A.Mehdiyev onu «terrorçu» adlandırıb:

«O, mənim 10 gündür telefon zənglərimi, mesajlarımı izlədiklərini bildirdi. Azər Mehdiyev dedi ki, mən mütəmadi olaraq Ukraynaya getmişəm, orada bir qadın və Bakı şəhərində də zərgər işləyən qızla görüşmüşəm. O, həmin qızın ərinin həbsdən yeni çıxdığını bildirdi. Nazirlikdə məndən əvvəlcə 250 min dollar tələb etdilər. Bildirdilər ki, tələb olunan pulu verməsəm, həmin qadınla görüşdüyümü həm öz həyat yoldaşıma, həm də qadının həbsdən çıxan ərinə deyəcəklər. Bu məbləği onlara verməyə imkanım olmadığını bildirdim. Axırda məndən 120 min aldılar. Pulu hissə-hissə düzəldərək Azər Mehdiyevə verdim».

GENERAL DA BƏRAƏT İSTƏYİR

Daha sonra general E.Quliyev son sözünü deyib. Günahsız olduğunu söyləməklə yanaşı, həm də gileylənib ki, onu siqaret alveri ilə məşğul olan qaçaqmalçılara görə tutub, iki ildir həbsdə saxlayırlar. MTN generalı məhkəmədən bəraət hökmü çıxarılmasını, dövlət qarşısındakı xidmətlərinin nəzərə alınmasını istəyib.

***Buna da bax-'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'

«Mənim Gəncədəki və digər əməliyyatlarda xidmətlərim olub. Amma təəssüf ki, bunların heç biri nəzərə alınmır. Mən özləri cinayət törətmiş adamların yalan ifadələri ilə həbsdə saxlanılıram», - E.Quliyevin sözləridir.

Cinayət işinin materiallarında siqaret ticarəti ilə məşğul olan Sahib QurbanovZaur Əzimovdan keçmiş MTN-çilərin 140 min manat pul almasına dair ittiham var. Adları çəkilən şəxslər zərərçəkmiş qismində tanınıb.

S.Qurbanov ifadəsində deyib ki, Z.Əzimovla yanaşı, Amil Yusifov da onlarla birlikdə alver edib. 2015-ci ilin yanvarında MTN əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretləri saxlayıb:

«Mən Amili qurtarmaq, haqqında cinayət işi açılmaması üçün MTN-in Xəzər rayon idarəsinə danışıq aparmağa getdim. İdarənin əməkdaşı Heydər İslamovla görüşdüm, o, mənim özümün də cinayət məsuliyyətinə cəlb olunacağımı dedi. Bildirdi ki, 40 min versəm, iş bağlanar. Razılaşdım, ertəsi gün 40 min manatı aparıb Heydər İslamova verdim».

100 MİN DÜZƏLDİB VERDİKLƏRİNİ DEYİR

Zərərçəkmişlərin sözlərinə görə, MTN-nin Xəzər rayon idarəsinin rəisi olmuş Rafiq Səfərov nazirliyin Binəqədi şöbəsinə eyni vəzifəyə gətiriləndən sonra yenə onlarla qarşılaşmalı olublar. Xəzər rayonunda onunla işləmiş H.İslamov da Binəqədiyə rəis müavini gətirilib. Əvvəlki hadisədən bir müddət sonra siqaret alverçilərini bu dəfə MTN-in Binəqədi şöbəsinin əməkdaşları saxlayıb. Zərərçəkmiş Z.Əzimovun sözlərinə görə, siqaretləri saxlanılıb və özləri ilə birlikdə MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb:

***Buna da bax - MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində...'

«İdarədə mənə dedilər ki, Amil Yusifovla birlikdə həbs olunacağıq. İstəmiriksə, onda 120 min manat verməliyik».

Zərərçəkmişlərin söylədiyinə görə, sonda 100 min düzəldib, MTN-in Binəqədi rayon idarəsinin rəhbərliyinə çatdırıblar.

Bu məsələ məhkəmədə araşdırılanda E.Quliyev etiraz edirdi. Bildirirdi ki, bu adamlardan pul alınmasının ona heç bir aidiyyəti yoxdur, amma həmin hadisəyə görə ona ittiham veriblər.

Təqsirləndirilən şəxslərin son sözündən sonra hakimlər müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə məlum deyil.

XATIRLATMA

E.Quliyevə CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə), 181 (quldurluq), 182 (hədə-qorxu ilə tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham verilib.

Prokuror E.Quliyevə 15, A.Mehdiyevə isə 13 il həbs cəzası verilməsini təklif edib. Həmçinin, onların rütbələrdən məhrum edilməsini, üzərində həbs olan əmlaklarının müsadirə olunmasını, təqsirləndirilən şəxslərə qarşı istər Dövlət Təhlükəsizliyi Xidməti, istərsə də zərərçəkmişlərin qaldırdığı mülki iddiaların təmin olunmasını istəyib. DTX 7 milyonluq mülki iddia qaldırıb. İttihama görə, agentura şəbəkəsi, əməliyyatlar və s. məqsədlə büdcədən götürülmüş bu qədər vəsait mənimsənilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG