Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:41

"Hər kəs düşünürdü ki, MTN onun yatağındadır"


Eldar Mahmudov
Eldar Mahmudov

►Seks videoları yaymaqla, şərləmələrlə, həbslərlə bir xof yaratmışdılar.

Bütün bunlar hamısı bu şər maşınının özünümüdafiəsinə, özləri haqqında imic formalaşdırmasına xidmət edirdi.

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyevin həbsindən sonra yerli media yazır ki, indi növbə onun qudası, oktyabrın 17-də vəzifəsindən çıxarılmış keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovundur.

Keçmiş nazirin həbsi realdırmı?

AzadlıqRadiosunun suallarına Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu cavab verir:

- Bu, istintaqın gedişindən asılıdır. Əgər istintaqın gedişatında bəlli olsa ki, həbs olunan MTN-çilərdən ibarət dəstənin rəhbəri Eldar Mahmudov olub, – şəxsən mənim buna şübhəm yoxdur, ancaq bu, subyektiv fikirdir, – istintaq bunu faktlarla sübut eləsə, o, həbs olunacaq. Hər halda olunmalıdır, qanun belə tələb edir. Başqa bir tərəfdən, əgər dövlətin təhlükəsizliyinə məsuliyyət daşıyan bir orqanın rəhbəri 11 il ərzində həmin orqanda müxtəlif vəzifələrə gətirdiyi şəxslərin cinayətkar əməllərindən xəbərdar olmayıbsa, onda necə rəhbər olub? Məntiq də başqa şey deyir. Məntiq deyir ki, bu, ola bilməz. Eldar Mahmudovun yaşam tərzi, əldə elədikləri maaşla əldə olunacaq şeylər deyildi.

Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

Ərəstun Oruclu
Ərəstun Oruclu

– Bu cür hadisədən sonra insanların MTN-ə inamı qala bilərmi?

- Təbii ki, inam qırıldı. Çünki 11 ildir bu əməlləri törətmələrinə baxmayaraq, onlar cəmiyyətdə özləri haqda müəyyən qədər, müsbət reputasiya deməzdim, ancaq ən azı dözümlü münasibətə nail olmuşdular. Nə mənada? Bir MTN xofu vardı. İnsanlar qorxurdu. Hətta mən diqqət yetirmişdim, sosial şəbəkələrdə bu nazirliklə bağlı bir şey yazanda, neqativ demirəm, tənqidi bir şey yazanda, insanlar bunu bəyənməyə risk eləmirdi. Hər kəs düşünürdü ki, MTN onun evindədir, yatağındadır, mətbəxində, maşınında, telefonundadır. Belə bir xof yaratmağa müvəffəq olmuşdular. Bu xofu yaratmaqda məqsəd özləri üçün təmiz bir orqan reputasiyası formalaşdırmaq idi, yəni bu orqanın başında dayananlar da təmiz insanlardır. Təbii ki, orqan təmiz idi. Orda yüzlərlə vicdanlı insanlar çalışırdı, bu gün də çalışır. Amma rəhbərliyə gəlincə, artıq məlum məsələdir ki, orda bir cinayətkar dəstə mövcud idi. Güman eləyirəm ki, hələ onların bir çoxu qalmaqdadır, hətta vəzifələrdə qalmaqdadır, nəinki azadlıqda. Bu xofun sayəsində də cəmiyyətdə belə bir fikir formalaşırdı ki, guya bunlar o qədər təmiz olduqlarına görə bunların haqqında heç nə yazılmır, heç nə deyilmir. Ancaq deyilməməyin, yazılmamağın səbəbi başqa şey idi. Seks videoları yaymaqla, şərləmələrlə, həbslərlə bir xof yaratmışdılar. Bütün bunlar hamısı bu şər maşınının özünümüdafiəsinə, özləri haqqında imic formalaşdırmasına xidmət edirdi.

Buna da bax: İtkin düşən neftçilərdən 6-nın cəsədi tapıldı

– Bəs cəmiyyətdə MTN-ə inam var idimi?

- Müəyyən bir zümrədə var idi. Bunlar tənqid olunmadığından bəzi insanlar sadəlövhcəsinə onların təmizliyi, haqlarında deyiləcək bir şey olmadığını düşünürdülər. Ancaq mütləq əksəriyyət, sadəcə, qorxurdu.

Saxlanan MTN vəzifəlisi Akif Çovdarov
Saxlanan MTN vəzifəlisi Akif Çovdarov

– Bəs necə fikirləşirsiniz, inamı bərpa etmək mümkün olacaqmı?

- Mən düşünürəm ki, olacaq. Nəyə görə olacaq, ona görə ki, bu cəza tədbirlərinin özü, birincisi, həmin etimadın yaranmasına kömək eləyir. Artıq o cinayətkar dəstə yoxdur. Digər tərəfdən də, həqiqətən, MTN-ə qaytarılan insanlar öz işlərinə hörməti, dəyəri, sədaqəti olan insanlardır. Təbii ki, onlar orqanın reputasiyasının bərpasında kifayət qədər pozitiv rol oynayacaqlar. Bugünkü rəhbərlik də çox qətiyyətli addımlarla orqanı təmizləyir. Orqan təmizlənəcəksə, əvvəlki keyfiyyətində qalmayacaqsa, reputasiyası da tədricən bərpa olunacaq. Bu, əsas məsələdir. Çünki MTN elə bir orqandır ki, onun fəaliyyəti vətəndaşların etimadından asılıdır.

– Bəs, yenə bir MTN xofu qalacaqmı? Çünki uzun illər bu tendensiya müşahidə olunub.

- Düşünmürəm. Təcrübə göstərdi ki, ümumi götürdükdə, o xof nə orqanın, nə də dövlətin xeyrinə deyil. Hər halda bu müddətdə ən azı o xofun dağımaqda olduğunu görürük.

– Adamlarda bir təəccüb da var ki, necə oldu bunların üstü açıldı?

- Sadəcə olaraq, bütün qırmızı xətlər keçilmişdi. Özü də bir xətt yox, bütün xətlər, hər tərəfdən. İstisna eləmirəm ki, artıq Eldar Mahmudovun müəyyən siyasi iddiaları baş qaldırmışdı. Hər halda, bir çox nazirliklərin, dövlət qurumlarının nəzarətə götürülməsində, digər tərəfdən siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının sıradan çıxarılmasında Eldar Mahmudovun dəstəsinin müstəsna xidmətləri olmuşdu. Faktiki, şərləyib tutan onlar idi. Bu gün görünür ki, bu adamlar özləri dövlətin əleyhinə işləyiblər, ölkənin təhlükəsizliyinə, milli maraqlarına ağır zərbə vurublar. Sual olunur ki, bunu öz təşəbbüsləri ilə ediblər? Şəxsən mən düşünürəm ki, dövlətə qarşı ən böyük casusluğu həyata keçirənlər Eldar Mahmudov və onun dəstəsi olub.

Noyabrın 25-də Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin fəaliyyəti haqda məlumat yayıb. Məlumatda deyilirdi ki, idarə rəisi Akif Çovdarov qanunsuz dəstə yaradaraq sahibkarları azadlıqdan məhrumetmə hədəsi ilə külli miqdarda pul və digər vəsaitlər əldə edib. Bundan başqa Rabitə Nazirliyindəki vəzifəli şəxslərin himayə olunduğu və qanunsuz olaraq sahibkarların telefon söhbətlərinə qulaq asıldığı bildirilir. Rəsmi məlumata görə, 21 nəfər haqda cinayət işi açılıb, bu adamların təxminən 60-dək işadamını taladığı bildirir.

XS
SM
MD
LG