Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:20

MTN generallarına hökm oxundu


Natəvan Mürvətova
Natəvan Mürvətova

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində həbs olunmuş şəxslərdən qalan 10 nəfərin, o cümlədən üç generalın məhkəməsi yekunlaşıb. Bir ildən artıq davam edən məhkəmə nəticəsində generallardan MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov 14 il, nazirliyin Monitorinq Mərkəzinin rəhbəri olmuş Teymur Quliyev 12 il, Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətovaya isə 5 il həbs cəzası kəsilib. N.Mürvətovaya münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. İstintaq və məhkəmə dövründə polis nəzarətində olan general xanım hökmdən sonra da həbs olunmayıb.

Hökmdən öncə jurnalistlər N.Mürvətovanın gözləntiləri barədə fikrini soruşsalar da, o, heç nə danışmayacağını bildirib.

***Buna da bax-'MTN işi'ndə MSK-nın sədr müavininin də adı hallanır

Bakı Hərbi Məhkəməsinin sədri və iki hakiminin çıxardığı, amma Sabunçu Rayon Məhkəməsinin binasında oxunan hökmün elanı 8 saatdan çox çəkib. Hökmə əsasən, digər təqsirləndirilən şəxslərdən S.Qurbanovun müavini olmuş Füzuli Əliyev də sabiq rəisi kimi 14 il, Zaur MəmmədovNatiq Alıyevin hər biri 10 il 6 ay, Anar ŞirəliyevEşqin Əliyev isə 3 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslərdən Fərhad Atayev, Elşad Əzizov həbsdən buraxılıb. Onlara şərti cəza verilib.

Keçmiş MTN-çilərə həbslə yanaşı, başqa cəzalar da verilib. Hökmə əsasən, S.Qurbanov, T.Quliyev və N.Mürvətovanın general, F.Əliyevin polkovnik və digər təqsirləndirilən şəxslərin sahib olduqları rütbələrin alınması üçün uyğun qurumlara təqdimat göndəriləcək.

***Buna da bax-Eldar Mahmudovun da dindirilməsi tələb olundu

Keçmiş MTN-çilərə verilən ittihamlar arasında büdcədən agentura və əməliyyatlar üçün ayrılan vəsaitlərin mənimsənilməsi məsələsi də olduğundan Dövlət Təhlükəsizliyi Xidməti bu təqsirləndirilən şəxslərə qarşı 1 milyon manatlıq mülki iddia qaldırmışdı. Məhkəmə DTX-nın mülki iddiasını təmin edib.

Təqsirləndirilən sabiq MTN-çilərin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Onunla bağlı istintaq davam edir. V.Mahmudov keçmiş nazirin köməkçisi olmaqla yanaşı, həm də əmisi oğludur.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.

XS
SM
MD
LG