Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:55

Həbsdə intihar edən MTN polkovnikinin ailə üzvləri əmlaklarını tələb edir


İlqar Əliyev
İlqar Əliyev

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat zamanı həbs olunan, iki ay sonra - dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edən polkovnik İlqar Əliyevin ailə üzvləri Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. Onların şikayəti MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev haqqında hökmdəndir.

İ.Əliyev uzun illər MTN-in Antiterror Mərkəzinin rəis müavini olub. MTN işi üzrə həbs olunanların işləri qruplaşdırılanda İ.Əliyevin işi keçmiş rəisi E.Quliyev və Antiterror Mərkəzinin əməkdaşı olmuş polkovnik Azər Mehdiyevlə birləşdirilib. Ona görə Bakı Hərbi Məhkəməsində adları çəkilən şəxslərlə yanaşı, İ.Əliyevlə bağlı məsələyə də qiymət verilib.

***Buna da bax-Həbsdəki MTN generalı: 'Günü bu gün də banka borcum var'

Mərhum polkovnik barəsində cinayət işinə onun ölümü ilə əlaqədar xitam verilib. Amma İ.Əliyev həbs olunarkən üzərinə həbs qoyulmuş əmlakların müsadirəsi haqda qərar çıxarılıb. Bu qərar da hökmdə öz əksini tapıb. Bakı Hərbi Məhkəməsi belə nəticəyə gəlib ki, İ.Əliyevin özünə və yaxınlarına məxsus həmin əmlaklar cinayət yolu ilə əldə edilib.

Ailə üzvləri isə bu qərarla razılaşmır, ona görə də hökmdən apellyasiya şikayəti veriblər. Onların şikayətinə də Bakı Hərbi Məhkəməsində E.Quliyev və A.Mehdiyevin işini araşdıran hakimlər kollegiyası baxacaq.

***Buna da bax-Üç generala 44 il həbs cəzası istənildi

Mərhum polkovnik və yaxınlarına məxsus, müsadirəsinə qərar verilmiş əmlaklar arasında Bakının Badamdar, Nərimanov rayonu ərazilərində, Nabranda, Şamaxıda, Göyçayda torpaq sahələri, Mərdəkan qəsəbəsində və başqa ərazilərdə evlər var.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra nazirliyin general-mayoru E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, nazirliyin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi. Amma bu vəzifədə təxminən bir ay işləyəndən sonra o da həbs olundu. O, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, hədə-qorxu ilə tələb etmə və başqa əməllərdə suçlanır.

E.Quliyev onun tabeliyində işləmiş A.Mehdiyevlə birlikdə mühakimə olunub. E.Quliyevə 10 il 6 ay, A.Mehdiyevə isə 8 il həbs cəzası verilib. Mehdiyev də hökmdən apellyasiya şikayəti verib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG