Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:19

General və polkovniklərə görə məhkəmə önündə etiraz


MTN generalları
MTN generalları

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin hazırda davam edən məhkəməsində 36 nəfər zərərçəkmiş kimi tanınsa da, onlardan şikayətçi olanların sayı daha çoxdur. Belə şikayətçilərdən olan bir qadın avqustun 30-da onların məhkəməsinə gəlib, vaxtilə başına gələnlərə görə keçmiş MTN-çiləri ittiham edib.

"Həyatımı alt-üst elədilər. 2009-cu ildə yalan uydurdular ki, guya "Razin"də (Bakıxanov qəsəbəsi-red.) telefondan dövlət idarəsinə zəng eləyib, terrorla hədələmişəm. Əslində isə belə bir hal olmamışdı. Sadəcə MTN-nə uyğun maddə ilə məni tutmaq üçün uydurulmuş yalan idi", - şikayətçi belə deyib.

Qapalı məhkəmə

O, əsasən, MTN-in İstintaq İdarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovu suçlayırdı. Polkovnik Ələkbərov hazırda Bakı Hərbi Məhkəməsində mühakimə olunan dörd keçmiş MTN vəzifəlisindən biridir. Digər üç nəfər isə İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyev və bu idarənin iki şöbə rəisi – polkovniklər Yasin Məmmədovla Vüsal Ələkbərovdur.

Sonradan bəraət aldığını deyən qadın ad-soyadının mediada açıqlanmasını istəməyib. Səbəbini də belə izah edib ki, vaxtilə valideynləri onun həbsinə dözməyib vəfat ediblər. Qardaşının xəstə olduğunu vurğulayan şikayətçi onun da mediada bu xəbərləri yenidən oxuyub səhhətinin pisləşməsindən narahatdır.

Sözügedən qadını sabiq MTN-çilərin məhkəməsinə buraxmayıblar. Ümumiyyətlə, vətəndaşları qanunsuz həbs edib hədə-qorxu ilə onların 20 milyon manatdan artıq pullarının ələ keçirməkdə suçlanan general və polkovniklərin məhkəməsi faktiki qapalı keçirilir. Bir ilə yaxındır davam edən məhkəmə iclaslarına jurnalistlər və prosesi izləmək istəyən başqa şəxslər buraxılmır.

Məhkəmə sədrinə ittiham

Şikayətçinin məhkəmə binası önündəki etirazlarıyla əlaqədar Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov gəlib. O, şikayətçidən məhkəmə binasının önündən getməsini tələb edib. Qadın məhkəmə sədrini qanunları ayaq altına atıb keçmiş MTN-çiləri müdafiə etməkdə suçlayıb və getməyib. O, məhkəmə iclasının sonunu – təqsirləndirilən şəxslərin binadan çıxmasını gözləyib. Təqsirləndirilənlərdən general istisna olmaqla, digər üç nəfər həbsdə deyil.

Sahib Ələkbərov məhkəmə binasından çıxanda şikayətçi onun ünvanına kəskin ifadələr səsləndirib. Şikayətçi vurğulayıb ki, sona qədər mübarizə aparacaq, şəxsən onun başına gələnlərə görə cavab verəcəklər. Polkovnik Ələkbərov isə heç bir cavab vermədən sürətlə uzaqlaşıb.

Məhkəmə iclasında isə zərərçəkənlər danışıb. Onlar hakimlərdən, bu məhkəmə prosesinin obyektiv aparılmamasından gileyləniblər.

Sabiq MTN-çilərin işi üzrə artıq məhkəmə istintaqı yekunlaşıb. Prokuror general Şıxəliyevə 14 il, polkovnik Məmmədov və Vüsal Ələkbərovun hər birinə 12 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib. Onlara məxsus üzərində həbs olan əmlakların da müsadirə olunmasını təklif edib. Əmlakların ümumi dəyəri 9 milyon manatdan çoxdur. Onların da əsas hissəsi (7 milyon manatdan çoxu) general və onun ailə üzvlərinə məxsusdur.

Xatırlatma

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Mövlam Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev Yasin Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra azadlığa buraxılmışdı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib.

Təqsirləndirilən Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Məmmədov Sahib Ələkbərov MTN-dən çıxandan sonra vəkil kimi fəaliyyətə başlayıb. Ələkbərov dörd, Məmmədov isə bir ildir ki, Vəkillər Kollegiyasının üzvüdür. Onların adları iş adamları ilə yanaşı, bir sıra siyasi motivli işlərdə hallanıb. Məsələn, Ələkbərov şərti olaraq "Səid Dadaşbəylinin dəstəsi" adlandırılan işin istintaqını aparanlardan olub. Həmin iş üzrə təqsirləndirilənlər qanunsuz həbs olunmaqla yanaşı, həm də Ələkbərov tərəfindən işgəncələrə məruz qaldıqlarını bildirirdilər.

MTN işində zərərçəkmişlər arasında "Texnikabank"ın keçmiş sahibi, "Muğanbank"ın filial müdiri, bir sıra sahibkarlar da var.

Sabiq MTN-çilər isə ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG