Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Polkovnik: 'Pulları verdiyim adam özünü asdı'


Keçmiş MTN binası
Keçmiş MTN binası

"Pulları verdiyim adam bir müddət əvvəl özünü asdı..." – keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin keçmiş rəis müavini İlqar Əliyev haqda bu sözlər Bakı Ağır Cinayətlər Məhkəməsində səslənib.

Bir il öncə, dekabrın 20-də Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasında intihar etmiş MTN polkovnikinə pul verdiyini iddia edənin özü də polkovnikdi – “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi Əlövsət Məhərrəmov.

Buna da bax:​ Kəmaləddin Heydərovun 'dayısı oğlu' məhkəmə qarşısında

670 MİN MANATLIQ ZİYAN

2015-ci ilin fevralından həbsdə olan Əlövsət Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə mühakimə olunur. O, özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edib, müxtəlif adamlardan işə düzəltmək adıyla pul alıb onları aldatmaqda suçlanır. Cinayət işinin materiallarında yazılanlara görə, bu cür aldatma nəticəsində polkovnikin adamlara vurduğu ziyan cəmi 670 min manatdı.

Məhkəmədə prokuror Əlövsət Məhərrəmovdan zərərçəkmişlərdən aldığı 670 min manata qədər pulun yerini soruşub. O, suala "pulları verdiyim adam özünü asdı”, – deyə cavab verib.

Prokuror özünü asanın kimliyini öyrənmək istəyəndə isə Məhərrəmovun cavabı belə olub: "MTN polkovniki İlqar”.

Buna da bax: MTN-çilərin həbs müddəti artırılıb

Məhkəmədə Əlövsət Məhərrəmovun həyat yoldaşı Mehriban Abdullayeva da dindirilib. O, zərərçəkmişlərin tələbi ilə məhkəməyə çağrılıb.

EVƏ AYDA 500 MANAT GƏTİRİRMİŞ

Əlövsət Məhərrəmovla rəsmi nikahlarının olmadığını, onun evə ayda cəmi 500 manat maaş gətirdiyini deyən Mehriban Abdullayeva həyat yoldaşının başqa adamlardan aldığı pullardan xəbərsiz olduğunu vurğulayıb.

Oğlunun işə düzəlməsi üçün Əlövsət Məhərrəmova 6 min 250 manat verdiyini iddia edən Validə Məmmədova isə deyir ki, bu məsələdən polkovnikin arvadının da xəbəri vardı.

Buna da bax:​ Dövlət içində dövlətə çevrilən MTN

"Mehriban, sən özün Nəsimi Rayon Polis İdarəsində mənə dedin ki, Əlövsət tərəzinin bir gözünə pulu, bir gözünə də səni qoyur. Bu pulları haradan almışdı Əlövsət?", – Validə Məmmədova məhkəmədə keçmiş rəisin arvadından soruşub.

Mehriban Abdullayeva isə cavabında ümumiyyətlə, belə fikir söyləmədiyini bildirib.

Validə Məmmədova hakimlərə müraciət edərək deyib ki, Mehriban Abdullayeva da ərinin yanında işləyirdi və onun bütün hərəkətlərindən xəbərdar idi.

Buna da bax: Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi

“DEDİ GÖRÜNTÜLƏRƏ BAXIB MƏSƏLƏSİ AYDINLAŞDIRACAQ”

Mehriban Abdullayeva Dəmiryolu Xəstəxanasında işlədiyini təsdiqləyib.

"Mən Əlövsətin evinə getdim, Mehribanla görüşdüm. Ərinin məndən pul aldığını dedim. Mehriban dedi ki, əri iş yerində olan kameraları evə gətirib. Görüntülərə baxıb, məsələni aydınlaşdıracaq, mənim pulumu qaytaracaq. İndi mənə 6 min 250 manat verməlidilər", - deyə Validə Məmmədova bildirib.

Buna da bax:​ Keçmiş milli təhlükəsizlik nazirinə 14 il cəza kəsildi

Mehriban Abdullayeva isə onun söylədiklərini inkar edib: "Mən elə söz deməmişəm. Mən demişəm ki, evdə bahalı qablar, qızıl var, onları satım, bir də televizoru verim. 600 manat verdim. Televizoru da istəmədi. İndi mən aylıq 350 manata kolbasa sexində işləyirəm. Əlövsət də həbsdədir. Ona və uşaqlarıma baxıram. Uşaqlarımın atasıdır. Deyirəm ki, bir gün çıxıb gələcək. Haradan alım sənə o qədər pul verim?”

Məhkəmə dekabrın 23-də davam edəcək.

XS
SM
MD
LG