Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:00

'MTN işi'ndə zərərçəkənlər prezidentdən kömək istəyir


MTN
MTN

«MTN işi»ndə zərərçəkənlərin bir neçəsi vaxtilə «Texnikabank»da böyük məbləğdə əmanəti olmuş adamlardır. 2007-2008-ci illərdə MTN-də bu bankla bağlı araşdırmalar zamanı o adamlar da müəyyənləşdirilib və bir-bir nazirliyə çağrılıb.

«MƏNƏVİ TERROR»

Cinayət işinin materiallarına görə, onları həbslə hədələyib külli miqdarda pullarını alıblar. Hətta elələri də olub ki, tələb olunan pulu vermədiyinə görə həbs edilib. Təxminən iki-üç ay həbsdə saxlanılandan sonra yaxınları tələb olunan 1-2 milyonu düzəldib, həbsdən buraxılıb.

2015-ci ilin oktyabrında MTN ətrafında məlum olaylardan sonra o adamlar da prokurorluğa şikayət ediblər. Onlar MTN-çilərin işi üzrə istintaqa cəlb olunub, zərərçəkmiş statusunda tanınıblar. İndi də məhkəməyə gəlib pullarını tələb edirlər.

Buna da bax-'Vüsal Ələkbərov işi': Polis bölmə rəisi necə MTN-çilərin qurbanı olub?

Amma prosesin gedişi zərərçəkənləri qane etmir. Ona görə də bir neçəsi fevralın 17-də prezident İlham Əliyevə məktub göndərib, kömək istəyiblər.

Zərərçəkmişlər yazır ki, onların həm bir vətəndaş, həm də əmanətçi kimi hüquqları pozulub. Başlarına gələnləri «mənəvi terror» adlandıran şikayətçilər hesab edir ki, onların bankdakı əmanətləri haqda məlumatın MTN-ə çatmasında «Texnikabank»ın keçmiş rəhbəri Etibar Əliyevin də günahı var. Onun da məsuliyyətə cəlb olunmasını istəyirlər.

TexnikaBank
TexnikaBank

«GÜNAHIMIZ NƏ İDİ Kİ?»

«Fəlakət hesab etdiyimiz xoşagəlməz hadisədən illər keçsə də, biz indiyədək şok vəziyyətindəyik. Bizim hər birimizi bu gün də bir sual düşündürür ki, görəsən qanuni yolla banka əmanət etibar etmək nə vaxtdan dələduzluq sayılır? Əsl dələduzluq vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, hədə-qorxu yolu ilə özgənin malını, pulunu ələ keçirməkdir. Günahımız nə idi ki, MTN-də son qəpiyə qədər pullarımızı aldılar, həm də bankdakı əmanətlərimiz batdı?!», – prezidentə yazırlar.

Zərərçəkənlər məktubda dövlət başçısından MTN-n İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyevin də cinayət məsuliyyətinə cəlb olunmasına göstəriş verməyi xahiş edirlər.

Buna da bax-Çovdarov məhkəməsinin qəribə zərərçəkənləri...

Həm Etibar Əliyev, həm də Mövlam Şıxəliyev «MTN işi»ndə şahid qismində dindirilib. Keçmiş bankir MTN polkovniki Vüsal Ələkbərovun məhkəməsinə çağrılsa da, səhhətində problemlər olduğunu deyib və gəlməyib.

Zərərçəkənlər müraciətin surətini ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin rəhbəri Fuad Ələsgərova da göndəriblər.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafındakı olaylardan sonra nazirliyin 21 keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Hazırda 19 nəfər həbsdədir. Cinayət məsuliyyətinə cəlb olunanlardan birinin - general Natəvan Mürvətova barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. O, məhkəməyə evdən gedib-gəlir. Daha bir nəfər - polkovnik İlqar Əliyev həbsindən təxminən iki ay sonra Bakı istintaq təcridxanasında intihar etdi.

Generallar da daxil olmaqla, keçmiş MTN-çilərə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG