Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:34

'Vüsal Ələkbərov işi': 'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'


MTN. İllüstrasiya. Gündüz Ağayev.
MTN. İllüstrasiya. Gündüz Ağayev.

“Generala and verdim Heydər Əliyevin ruhuna, cənab prezidentin canına...”

“Mən iqtidara xidmət eləyən adam olmuşam, indi bu günə düşmüşəm. Üç övladımın evləri bankda batıb. Öz evimi satmaq məcburiyyətində qalmışam. Bütün bunların baiskarı Mövlam Şıxəliyevdir (MTN-in Baş İstintaq İdarəsinin rəisi olmuş general - red.), ilk gündən ona qarşı vuruşuram. Amma onunla bağlı tədbir görülmür”, - MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş polkovnik Vüsal Ələkbərovun işi üzrə zərərçəkmiş Hüseyn Səfərov belə deyir.

Noyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində V.Ələkbərovun şikayətinə baxılıb. Məlum olub ki, zərərçəkmişlərdən Akif Qurbanov apellyasiya şikayətindən imtina edib.

Buna da bax: 'Vüsal Ələkbərov işi': Eldar Mahmudov barəsində qərar çıxarıldı

“Açıb pullara baxdı, sonra Mövlam Şıxəliyevin otağına apardı”

Məhkəmədə iştirak edən zərərçəkmişlərdən biri Hüseyn Səfərov isə deyib ki, mülki iddiasının təmin olunmasını istəyir. 2012-ci ildə MTN-də ondan alınmış iki milyon dolları tələb etdiyini deyən zərərçəkmişin sözlərinə görə, həbs olunarkən “Kapitalbank”ın filial müdiri idi: “Məni şərləyib tutmuşdular. Qohum-əqrəba evləri girov qoydu, bankdan pul götürüblər. O vaxt heç oğlumun 18 yaşı yox idi. Pulu düzəldəndən sonra MTN-ə oğlum gətirdi. Məni də kameradan çıxarıb Vüsal Ələkbərovun otağına gətirdilər. Vüsal düşüb pulu oğlumdan götürdü, kabinetinə gətirdi. Orada başqa müstəntiqlər də var idi. İnsafən, Vüsal açdı pulu, amma heç nə götürmədi, apardı Mövlam Şıxəliyevin otağına”.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

Zərərçəkmiş deyir ki, əsas günahkar M.Şıxəliyevi sayır. Onun cəzalandırılması üçün Prezidentə, Baş prokurora və başqa dövlət strukturlarına müraciət edib. Bir müddət öncə isə Baş prokurorun birinci müavini Rüstəm Usubov onu qəbul edib, deyib ki, narahat olmasın, məsələ həllini tapacaq: “Nə vaxtdır gözləyirəm, amma heç bir addım atılmır. Əgər belə davam eləsə, mən də biləcəm, nə eləyəcəm. Müəyyən tədbirlərə əl atacam. Balalarımı bu vəziyyətdə qoyub gedə bilmərəm”.

Buna da bax: Ekspert: 'Eldar Mahmudovu həbs eləmək prokurorluğun marağındadır'

“Dedi ki, mən kiməm adam tutum, bu işə prokurorluq baxır”

Hüseyn Səfərov prokurorluqda MTN generalı ilə üzləşməsindən də danışıb. Onun sözlərinə görə, istər prokurorluqda, istərsə də sonradan məhkəmədə dindiriləndə M.Şıxəliyev deyib ki, o, kimisə həbs elətdirməyib. Zərərçəkmişin sözlərinə görə, Şıxəliyev məsuliyyəti prokurorluğun üzərinə atıb: “Dedi ki, mən kim idim, adam tutum, istintaqa prokurorluq nəzarət edir”. Prokurorluqda üzləşmədə ona dedim ki, “səni and verirəm, ümummilli lider Heydər Əliyevin ruhuna, sənə “general” rütbəsi verən cənab prezidentin canına, düzünü de, mənim şərlənməyim, pul alınması kimlik idi?” Dedi ki, mənim bu məsələdən ümumiyyətlə, xəbərim yoxdur. Dedim ona ki, “yaxşı, səni and verirəm, həyatdan nakam getmiş 17 yaşlı qızının ruhuna, düzünü de”. Yenə cavab verdi ki, “xəbərim yoxdur”. Ona dedim ki, daha sənə sözüm yoxdur”.

V.Ələkbərovdan şikayəti olmadığını, hətta ona bəraət verilməsi məsələsini də məhkəmənin öhdəsinə buraxdığını deyən zərərçəkmiş deyir ki, yeganə istəyi iki milyonun geri qaytarılmasıdır: “Allah onun da qapısını açsın”.

Buna da bax: Eldar Mahmudovun qohumunun cəzası iki dəfə azaldıldı

Keçmiş bank rəhbəri 600 min istəyir

Digər zərərçəkmiş Müsənnif Salahov isə 600 minlik mülki iddia qaldırıb və bu pulu istəyir. O, həmçinin bu məsələyə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması və s.) baxılması haqda vəsatət qaldırıb. Amma onun vəsatəti təmin olunmayıb.

MTN əməkdaşlarının ondan 500 min və 100 min olmaqla, iki dəfəyə ümumilikdə 600 min dollar aldığını deyən zərərçəkmişin sözlərinə görə, həmin vaxt o, “Texnikabank”ın Sumqayıt filialının rəhbəri idi. Hazırda isə Əmanətlərin Sığortalanması Fondunda işləyir.

Buna da bax: 'Vüsal Ələkbərov işi': Polis rəisinin atasından 1 milyon necə alınıb?

İş adamlarından hədə-qorxu ilə pul almaqla, bəzilərini həbs eləyib, yaxınlarından külli miqdarda pul alandan sonra azadlığa buraxmaqda və başqa əməllərdə təqsirləndirilən V.Ələkbərovun məhkəməsi noyabrın 30-da davam edəcək.

Buna da bax:

MTN işi: Eldar Mahmudov da məhkəməyə çıxarılacaqmı?
Gözlə

No media source currently available

0:00 0:10:02 0:00

Xatırlatma

V. Ələkbərov CM-nin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə təqsirli bilinərək, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, Vüsal Ələkbərovun polkovnik rütbəsi də əlindən alınıb, həmçinin istintaq dövründə üzərinə həbs qoyulmuş bir sıra əmlakları da müsadirə olunub.

Amma V.Ələkbərov özünü təqsirli bilmir. Ona görə də hökmdən apellyasiya şikayəti verib. Şikayətində də təqsirsiz olduğunu yazır və ona bəraət verilməsini istəyir.

XS
SM
MD
LG