Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:52

Talassemiyalı uşaqların Türkiyədə müalicəsi adı ilə dələduzluq: daha bir nəfər həbs olundu


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Talassemiyalı uşaqları Türkiyədə müalicə etdirmək adıyla valideynlərindən böyük məbləğdə pullar alıb, onları aldatmaqda suçlanan 3 nəfər məhkəmə önünə çıxarılıb.

“Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin rəhbəri Nuridə Seyidovadan və onunla birlikdə ittiham edilən Aynur Bayramova ilə Aysel Məmmədovadan söhbət gedir.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Artıq 36 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, onlardan müalicə adıyla toplam 980 min manat alınıb.

Təqsirləndirilən şəxslərdən N.Seyidova həbsdə, digər ikisi ev dustaqlığında idi. Zərərçəkənlər onların da həbsini tələb edirlər.

“Biz hələ də o borcu ödəyirik”

Mayın 1-də zərərçəkənlərdən Şahbacı İsayeva məhkəmədə yenə bu məsələni qaldırıb:

“Kürəkənim xəstə nəvəmin müalicəsinə 34 min sayıb, Aynura verib. Sübutumuz da var. Biz hələ də o borcu ödəyirik. Bəlkə həbs olunsa, pulumu qaytarar”.

Digər zərərçəkənlərin çoxu bu tələbi dəstəkləyib. Hətta A.Bayramova ilə yanaşı, A.Məmmədovanın da həbsini tələb edən olub: “Həbs olunsun, uşağımın ahı yerdə qalmasın...”

A.Bayramovanın özü və vəkili buna etiraz edərək deyiblər ki, nə məhkəmədən yayınır, nə zərərçəkənlərə, şahidlərə təsir göstərirlər. Bu üzdən, həbs qətimkan tədbirinin seçilməsinə heç bir əsas yoxdur.

“Xərçəng xəstəsi olan balaca uşağım var...”

Prokuror da A. Bayramovanın həbsini istəməyib və deyib ki, digər iki təqsirləndirilən şəxsin məhkəmə dövründə həbs olunmaması məsələsinə hazırlıq iclasında baxılaraq, qərar verilib. Digəl, qısa müşavirədən sonra hakimlər A.Bayramova haqqında ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasına və onun həbsinə qərar veriblər.

Təqsirləndirilən A.Bayramova bu qərara etiraz edərək, həm özünün, həm də himayəsindəki azyaşlı övladının onkoloji xəstə olduğunu vurğulayıb: “Evdə xərçəng xəstəsi olan balaca uşağım var...”.

A.Bayramovanın sağlıq durumu pisləşdiyindən, məhkəmə prosesi təxirə salınıb.

Təqsirləndirilən şəxslərdən A.Bayramova və A.Məmmədova özlərini qətiyyən təqsirli bilmir, heç kimə qarşı dələduzluq etmədiklərini bildirirlər. Onlar baş verənlərə görə N.Seyidovanın məsuliyyət daşıdığını deyirlər.

N.Seyidova məhkəmədə özünü qismən təqsirli bildiyini vurğulayıb.

Zərərçəkmişlər mülki iddialar qaldıraraq, onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Adları çəkilən 3 nəfərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham verilib. Bu maddədə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG