5 Oktyabr Beynəlxalq “Müəllimlər Günü”dür. Azərbaycan hökuməti müəllimə diqqət və qayğının ildən-ilə artdığını, onların məişət şəraitlərinin yaxşılaşdığını bildirir.
Turan İnformasiya Agentliyinin məlumatına görə 2018-ci ilin yarım ilində təhsil sahəsində çalışanların orta aylıq əməkhaqqı 360 manata yaxın olub.
Bu maaşa müəllimlər necə dolanırlar? 40 ildir Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən Gülgəz Həsənova deyir ki, müəllimlərin əksəriyyəti sıxıntı ilə keçinir:
“Hər şeyə qənaət edirik. Pula qənaət edirik, pulu ehtiyatla xərcləyirik. Çalışırıq ki, o biri aya çatdıra bilək. Həyatda bu saat çox insan qənaətlə keçinir”.
Təhsil Nazirliyinin məlumatına görə, Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı başqalarından artıqdır. Məsələn, təkcə Bakı şəhər Baş Təshil İdarəsi 2018-ci il yanvarın 1-dən diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqının 552 manata çatdırıldığını bildirir.
Prezident İlham Əliyev də sentyabrın 14-də, Bakının Maştağa qəsəbəsindəki məktəbin açılışında dövlətin müəllimə qayğısından danışıb:
“Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcək”.
İlham Əliyev bildirib ki, hazırda müəllim olmaq istəyənlərin sayı artır.
Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov da bildirir ki, hətta nisbətən artırılandan sonra da müəllimin aldığı maaş onun gündəlik təlabatlarını qarşılamaq üçün yetərli deyil. Diaqnostik Qiymətləndirmədən keçən və maaşı artırılanlar isə olduqca azdır:
“Bu say kütləvi deyil. Yəni, tutalım Bakıda çalışan və 600-700 manat maaş alanlar paytaxtdakıların heç 40 faizini belə təşkil eləmir. Yerdə qalanların aldığı maaş isə 150-400 manat arasındadır. Müəllimlərin aldıqları əməkhaqqı onların 1-2 həftəlik ehtiyaclarının ödənməsinə bəs edir. Ona görə də bəzi müəllimlər məcbur qalıb, dərsdən sonra müxtəlif hazırlıq kurslarında çalışır və ya fərdi şagird hazırlayır”.
Kamran Əsədov düşünür ki, maddi imkansızlıq bəzi müəllimləri şagirdlərə möhtac qoyur.
AzadlıqRadiosu Bakı sakinlərinin də fikirlərini öyrənib:
Təhsil Nazirliyi təhsil sistemindəki problemlərin həlli üçün məktəblərdə rüşvətlə mübarizənin gücləndirldiyini, müəllimlərin işə testlə qəbul edildiyini, eləcə də onların maaşlarının biliklərinə görə hesablanması üçün diaqnostik qiymətləndirmə aparıldığını bildirir.
Amma Kamran Əsədov etiraf edir ki, görülən işləri kifayət hesab etmir. O deyir ki, müəllimlər ən az maaş alanlar kateqoriyasına daxildir, belə olduğu halda nə təhsilin keyfiyyəti arta bilər, nə də ki rüşvətin kökü kəsilər.