Bakı şəhər İcra Hakimiyyətinin önünə doğru gələn Müsavat Partiyasının bəzi fəalları da deyiblər ki, onlar Konstitusiya Günündə sərbəst toplaşmaq azadlığı istəyirlər, amma buna imkan verilmir.
Fəalların bildirməsinə görə, aksiyaya cəhd zamanı 10-a yaxın şəxs saxlanıb.
Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Bakı şəhər Baş Polis İdarəsindən bundan əvvəl bildirilmişdi ki, piket icra hakimiyyəti ilə razılaşdırılmadığından ona imkan verilməyəcək.
Polisin açıqlaması
Bakı şəhər Baş Polis İdarəsi Müsavat Partiyasının piketi ilə bağlı açıqlama yayıb.
Açıqlamada yazılıb ki, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər.
Şəhər polisindən bildirildiyinə görə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun müvafiq tələblərinə əsasən onlara aksiya yeri kimi Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki «Neftçi» idman klubunun təlim bazası təklif olunub: «Onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar edilib. Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfər Bakı şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınıb».
Amma açıqlamada saxlananlar barədə heç bir qeyd yer almayıb.
Arif Hacılı buraxılıb
Müsavat Partiyasının başqanı Arif Hacılının sərbəst buraxıldığı bildirilir. Bu barədə AzadlıqRadiosuna A.Hacılının özü də məlumat verib. Onun sözlərinə görə, bu gün, noyabrın 12-də günorta saatlarında onu yolda polis saxlayıb: «Azadlıq prospektində Dövlət Yol Polisinin üç maşını maşınımızın yolunu kəsdi. Bir neçə polis işçisi və mülkigeyimli şəxs mənə yaxınlaşaraq bildirdilər ki, qərargaha gedə bilmərəm. Mən etiraz etdim və qərargaha, sonra isə piketə gedəcəyimi bildirdim. Onda mənə onlarla getməli olduğumu bildirdilər və Nərimanov rayonu 18-ci polis bölməsinə gətirdilər. Orada bir neçə saat otaqda saxlayandan sonra sərbəst buraxdılar».
A.Hacılının sözlərinə görə, partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli da sərbəst buraxılıb. Aksiyada və aksiyadan əvvəl saxlandığı bildirilən partiyanın digər üzvləri barədə isə heç bir məlumat verilmir.
Müsavat: ‘Aksiyada saxlananlar buraxılır’
Aksiyada saxlanan müsavatçılardan Qədir Nağiyev, Səxavət Soltanlı, Fərəc Kərimli, Elman Quliyev və başqa daha bir neçə şəxsin sərbəst buraxıldığı deyilir.
Bu barədə Azadlıq Radiosuna Müsavat Partiyasından bildirilib.
Partiyadan qeyd edildiyinə görə, amma Niyaz Nəsir, Namiq Niftiyev və Razim Əmiraslanlıdan xəbər yoxdur. Razim Əmiraslanlının bir gün əvvəl, noyabrın 11-də saxlandığı açıqlanmışdı.
Amma, hələlik, bu məlumatı Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.