Müxalifətdə olan Müsavat Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə qatılmamaqla bağlı qərar verib.
Bununla bağlı partiyanın Divan iclasında dekabrın 15-də qərar qəbul edilib.
Partiyanın başqanı Arif Hacılı AzadlıqRadiosuna bildirib ki, buna səbəb Azərbaycanda seçkiqabağı demokratik mühitin, azad seçkini təmin edən zəruri qanunverici bazanın və bərabər təbliğat imkanların olmamasıdır.
Onun fikrincə, seçki komissiyaları da hakimiyyətin nəzarətindədir:
"Bu de seçkinin obyektivliyini indidən şübhə altına alır. Bundan başqa biz, Müsavat Partiyası olaraq müraciət etmişdik ki, seçkilər elan olunanda müəyyən yumşalma halları baş versin, siyasi məhbuslar azadlığa buraxılsın, sərbəst toplaşmaq, söz və ifadə azadlığı təmin edilsin. Ancaq Azərbaycan hakimiyyətinin atdığı addımlar göstərdi ki, onlar hər hansı müsbət dəyişikliklər etmək niyyətində deyillər".
A.Hacılının qeyd etməsinə görə, sadaladığı şərtlərlə bağlı qısa müddətdə müsbət istiqamətdə dəyişikliklər olsa, Müsavat partiyası öz qərarına yenidən baxa bilər.
Azərbaycan rəsmiləri isə deyirlər ki, ölkədə azad və ədalətli seçkilər üçün lazımi şərait yaradılıb.
Hakimiyyət ölkədə siyasi məhbusların olması ilə də bağlı fikirləri qəbul etmir. Rəsmilər deyirlər ki, seçki komissiyaları da hakimiyyətin nəzarətində deyil.
Mövcud qanunvericiliyə görə, Azərbaycanda komissiyalar üçdə bir prinsipi ilə formalaşır.
Yerlərin üçdə biri hakim partiyaya, üçdə biri parlamentdəki azlıqda olan partiyalara, qalan üçdə biri isə oradakı bitərəflərə məxsusdur. Amma müxalifət partiyalarının vurğulamasına görə, əslində bu bölgü formal xarakter daşıyır.
Hərçənd, parlamentdəki azlıqda qalan partiya təmsilçiləri və bitərəflər belə dəyərləndirməni əsassız sayırlar.
Növbədənkənar prezident seçkisi ilə bağlı indiyə kimi yalnız hakim Yeni Azərbaycan Partiyası öz namizədini açıqlayıb. Bu həmin partiyanın sədri, hazırkı prezident İlham Əliyevdir.
Xatırlatma
Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi.
Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.
Bəzi müxalifət partiyaları isə bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan edirlər.
Azərbaycanda son prezident (2018) və parlament (2020) seçkiləri də vaxtından əvvəl - növbədənkənar keçirilib.
Hakimiyyət bunu islahatların sürətləndirilməsi məqsədilə izah edib.
Müxalifət isə iddia edir ki, Azərbaycanda, hələlik, gerçək islahatlar aparılmayıb.