Müsavat Partiyasının başqanı Arif Hacılı noyabrın 19-da mətbuat konfransı keçirərək son günlər ölkə mediasında «siyasi mühacir» qalmaqalı ilə bağlı mənsub olduğu partiyaya qarşı səslənən ittihamlara cavab verib.
A.Hacılının deməsinə görə, Rəşad Məmmədov adlı şəxsin Almaniya hüquq-mühafizə orqanlarına müraciətindən sonra o ölkədə araşdırmalar başlanıb: «Amma saxlananların bir çoxunun Müsavat Partiyasının üzvü olması haqqında deyilənlər əsassızdır».
Onun sözlərinə görə, bu məsələlərlə bağlı adı çəkilənlərdən yalnız Mehdi Xəlilbəyli Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) sıravi üzvüdür.
A.Hacılı əlavə edib ki, Müsavat AKM Müsavat Partiyasının strukturu deyil. Onun sözlərinə görə, bu qurum Almaniya qanunvericiliyinə uyğun fəaliyyət göstərən bir təşkilatdır. A.Hacılının qeyd etməsinə görə, sadəcə, Müsavat AKM-in bir çox üzvləri Müsavat Partiyasının üzvləridir.
O vurğulayıb ki. R.Məmmədovun partiyaya hər hansı aidiyyəti yoxdur.
A.Hacılı bu məsələni Almaniya hüquq-mühafizə orqanlarının ədalətlə araşdıracağına əmin olduğunu söyləyib: «Bu məsələnin araşdırılmasında biz də maraqlıyıq, əgər bu məsələdə partiya üzvü olan kiminsə günahı aşkarlanarsa, partiya tərəfindən müvafiq tədbir görüləcək».
«...məhkəməyə verəcəyik»
A.Hacılı deyib ki, Müsavat AKM-in rəhbər heyəti buraxılıb, konfransa hazırlıq gedir, konfransa qədər isə 5 nəfərə quruma rəhbərlik etmək səlahiyyəti verilib.
O əlavə edib ki, eyni zamanda, Müsavat Partiyası Divanın 4 üzvündən ibarət xüsusi komissiya yaradılıb və bu məsələləri araşdırır.
Bütün ittihamlara cavab olaraq A.Hacılı qeyd edib ki, Müsavat Partiyası bu məsələdə zərərçəkən tərəf olduğu üçün məsələnin hərtərəfli araşdırılmasında maraqlıdır: «Bu ittihamları araşdırdıqdan sonra partiyaya ittihamlara cavab olaraq məhkəmələrə müraciət edəcəyik, cinayət xarakterli ittihamlara görə bu ittihamı irəli sürənləri məhkəməyə verəcəyik».
A.Hacılı deyib ki, bu məsələdə Müsavat Partiyasının günahlandırılmasında bəzi qüvvələrin maraqları üst-üstə düşür. O qeyd edib ki, bunda hakimiyyət də maraqlıdır.
A.Hacılının bu sözlərinə, hələlik, hakimiyyət rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Amma bu günlər Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu hadisələrlə bağlı status paylaşıb. Orada Ə.Həsənov iddia edib ki, «araşdırmalar radikal müxalifətin Qərbdə insan alveri ilə məşğul olan mafioz qurumlar kimi qəbul edildiyini aşkarlayır».
Xatırlatma
Ötən həftə Almaniya polisinin ölkədəki qanunsuz miqrasiya halları ilə bağlı reydlər həyata keçirdiyi bildirilmişdi. «Spiegel» jurnalının Almaniya federal polisinə istinadla yaydığı məlumata görə, 180 polisin cəlb olunduğu belə bir reyd Şimali Reyn-Vestfaliya və Hessendə qanunsuz yolla Azərbaycandan adam gətirən dəstəyə qarşı da keçirilib.
Polis Köln, Düsseldorf, Frankfurt və Visbadendəki 13 obyektdə axtarış aparıldığını, Koblenzdə iki nəfər haqqında həbs qərarı verildiyini açıqlayıb.
Almaniyanın swr.de saytı isə polisə istinadla 8 nəfərin şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu yazıb. Xəbərdə qeyd olunub ki, həmin şəxslər 3 min-10 min avro əvəzində ən azı 20 nəfəri qaçaq yolla Azərbaycandan Almaniyaya aparıblar.
Bəzi Azərbaycan saytları və ictimai fəallar isə saxlananlar arasında Müsavat AKM-in də bir neçə üzvünün olduğunu iddia etmişdilər.
Bu əməliyyat tədbirlərinin təkcə Almaniyada deyil, digər Avropa ölkələrində də həyata keçirildiyi açıqlanıb. Almaniya polisinin noyabrın 13-də yaydığı məlumatda yazılıb ki, insan alveri şəbəkəsinin aşkarlanması üçün Britaniya, Macarıstan, Rumıniya və Türkiyə polisləri də bu əməliyyata cəlb olunublar.