Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:44

Müsavat: 'Referendumun mahiyyəti, zərurəti barədə ictimaiyyətə izahat verilmir...'


Referendum təbliğatı
Referendum təbliğatı

Müsavat Partiyası 26 sentyabr referendumu öncəsi durumla bağlı aralıq hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, indiyəqədərki referendum hazırlıqları dövrü ciddi qanun pozuntuları ilə müşayiət edilib, siyasi qüvvələrə bərabər imkanlar yaradılmayıb.

Sənəddə həmçinin, qeyd edilir ki, Müsavat Partiyası və REAL hərəkatı referendum əleyhinə kampaniya aparmaqdan ötrü təşəbbüs qrupu yaradıb, Milli Şura isə «passiv boykot» qərarı verib.

Buna da bax: ​Müsavat da mitinq qərarı verib

Müsavat Partiyasının təşəbbüsü ilə 41 rayonda ilkin təşəbbüs qrupları yaradılıb, 223 nümayəndənin iştirakı ilə «Respublika» təşəbbüs qrupu təsis edilib.

«Təşəbbüs qrupu üçün imzatoplama kampaniyası dövrü referendumun əleyhinə olan qüvvələr üçün qanun pozuntuları ilə müşayiət olunub. Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvləri, Məsud Rzalı, Fuad Əhmədli, «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirli, «REAL» hərəkatının İcra katibi Natiq Cəfərli, NİDA Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəmanlı həbs olunub. İmza toplanması prosesi zamanı Müsavat Partiyası fəallarına təzyiqlər edilib. Cəlilabad, Masallı, Neftçala, Salyan, Şirvan, Ağcabədi, Tərtər, Abşeron, Qazax və başqa rayonlarda yerli hakimiyyət strukturları müsavatçılara maneçilik törədiblər. İmza toplayanlara, onların yaxınlarına təzyiq göstərilib. İmza vərəqələri oğurlanıb», sənəddə vurğulanır.

Hesabatda referendumun mahiyyəti, keçirilməsinin hansı zərurətdən irəli gəlməsi barədə hökumətin ictimaiyyətə izahat vermədiyi xüsusi qeyd edilir.

Buna da bax: ​Müsavat Mitinq Komitəsi yaradıb

Partiyanın qənaətincə, referenduma çıxarılan məsələlərin rəy bildirilməsi üçün Avropa Şurası Venesiya Komissiyasına təqdim edilməməsi də ciddi nöqsandır.

«Hakimiyyət referenduma çıxarılan məsələlər barədə ictimai diskussiyalar təşkil etməyib. Əksinə, belə diskussiyaların qarşışı TV kanallarında debatların təşkil edilməməsi, referendum mövzusunun müzakirəyə çıxarılmaması ilə alınıb», deyə sənəddə bildirilir.

Sənədə görə, müxalifətin yaratdığı yeganə təşviqat qrupu olan «Respublika»nın qeydə alınmaması referendum öncəsi antidemokratik mühitin əsas göstəricilərindəndir.

Buna da bax: ​Ödənişli təşviqat 'ceyran belində'

Sentyabrın 26-da konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Hakimiyyət rəsmiləri hesab edirlər ki, bu dəyişikliklər cəmiyyətin maraqlarına və ölkənin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

XS
SM
MD
LG