Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:37

Musharraf barədə ölüm hökmü ləğv olundu


Dekabrın 30-da Kəraçidə keçirilmiş Musharraf-a dəstək aksiyasında şüar: "Qəhrəman xəyanətkar ola bilməz"
Dekabrın 30-da Kəraçidə keçirilmiş Musharraf-a dəstək aksiyasında şüar: "Qəhrəman xəyanətkar ola bilməz"

Pakistanın Ali Məhkəməsi 76 yaşlı keçmiş prezident Pervez Musharraf-ın işinə baxılması üçün xüsusi məhkəmənin yaradılmasını “qeyri-konstitusiya” aktı kimi tanıyıb.

Xüsusi məhkəmə keçmiş prezidenti edam cəzasına məhkum etmişdi. Beləliklə onun barəsində çıxarılmış ölüm hökmü də ləğv olunub.

Ona qarşı hökmdən petisiya vermiş Musharraf-ın şikayətinə baxan Ali Məhkəmənin qərarında deyilir ki, keçmiş prezidentə qarşı dövlət xəyanəti ittihamını araşdıran mühakimə ölkə qanunvericiliyinə uyğun aparılmayıb.

Benazir Bhutto terror aktından az əvvəl
Benazir Bhutto terror aktından az əvvəl

Dekabrın 17-də Musharraf dövlət xəyanətində və ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdi.

Məhkəmənin qərarında deyilir ki, keçmiş prezident 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etməklə konstitusiyanı pozub.

Həmin vaxtlarda Pakistanda etirazlar geniş vüsət almış və Musharraf-ın siyasi rəqibi Benazir Bhutto mühacirətdən vətənə qayıtmışdı.

Lakin bu qayıdışdan bir ay sonra Bhutto çoxminlik nümayişdə törədilmiş terror aktı nəticəsində həlak olmuşdu.

Musharraf ona qarşı bir neçə ittiham üzrə zaminə buraxılmışdı, halbuki o həm də 2006-cı ildə Bəlucistan vilayətinin millətçi lideri Akbar Bugti-nin və keçmiş baş nazir Benazir Bhuttonun qətllərində şübhəli bilinirdi.

Müşarraf-ın özü 2016-cı ildən bəri Dubayda müalicədədir. O iddia edir ki, səhhətində olan çoxsaylı problemlərlə bağlı vətənə qayıda bilmir.

Musharraf Pakistanda 1999-cu il hərbi çevrilişi nəticəsində ovaxtkı baş nazir Benazir Bhuttonu devirərək hakimiyyətə gəlmişdi.

Bhuttonu korrupsiyada ittiham etmişdilər və o qiyabi olaraq 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Pervez Musharraf Pakistanın prezidenti postunda 2008-ci ilədək qalmışdı.

O kütləvi etirazlar nəticəsində istefa vermişdi.

XS
SM
MD
LG