Aksiya başa çatıb.
Bakı Şəhər Baş Polis İdarəsi də mitinqlə bağlı məlumat yayıb. Həmin məlumatda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqdə min beş yüz nəfər iştirak edib.
Bakı polisi bildirir ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Ancaq təşkilatçılar deyilən sayı qərəzli dəyərləndirmə adlandırıblar.Onlar deyib ki, bu aksiyada polisin bildirdiyindən dəfələrlə çox insan iştirak edib.
***
"Bu meydana gələn, toplaşan insanların hər biri qəhrəmandır".
Bu sözləri isə çıxışının əvvəlində Milli Şuranın sədri C.Həsənli deyib.
O, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularını xatırlayıb, aksiyanın həm də onların anım mərasimi oldugunu ifadə edib.
"Gülüstan ola biləcək bu vətənin bü gün bu duruma düşməsinin səbəbkarı kimdir? Dövlət düşüncəsi, qaygısı olmayanların hakimiyyətdə olması böyük faciədir. Ölkəmizin bu duruma döşməsinin əsas səbəbkarı İlham Əliyev və onun ogru hökumətidir", C.Həsənli deyib.
O, həbsdəki jurnalistləri, siyasətçiləri, REAL Hərəkatının sədri İlqar Məmmədovu, dindarları yada salıb, hakimiyyəti onları azad etməyə səsləyib.
C.Həsənli aksiyaların davamlı olacağını da vurğulayıb.
"İlham Əliyev növbədənkənar deyil, qəfil seçki, alternativsiz seçki, beynəlxalq nəzarətdən kənar seçki keçirir. Bizim hədəflərimiz azad seçkidir, bu millətin seçim haqqının özünə qaytarılmalıdır", o deyib.
***
Milli Şuranın təmsilçisi Gültəkin Hacıbəyli isə çıxıçında hər bir vətəndaşın ləyaqətli yaşamaq haqqının olduğunu vurğulayıb. O, deyib ki, Azərbaycan xalqının əlindən ləyaqətli yaşamaq haqqını alıblar.
"Biz bu haqqın geri alınması üçün mübarizə aparırıq. Biz bu məqsədimizə çatacağıq. Hakimiyyət bu xalqın vicdanlı insanlarını, ləyaqətli qızlarını, oğlanlarını, ziyalılarını, müxalifətçiləri təhqirlərə məruz qoydu, şərlədi, aşağıladı, həbs etdi. Bu gün onların etdiklərinin bircə faizini Avropada mühacir həyatı yaşayanlar özlərinə qaytarıb və hakimiyyət həşir qoparıb ki, bizi təhqir edirlər, müxalifət bunun qarşısını almalıdır, xalq buna etiraz etməlidir", deyən G.Hacıbəyli hakimiyyətin bir çox addımlarının, qərarlarının elə təhqiredici məzmunda oldugunu iddia edib.
"Azərbaycanın İlkiin Rüstəmzadə kimi gəncini 20 yaşı tamam olmamış şərləyib həbsə atmaq kişiliyə yaraşan hərəkətdirmi? Bu gün Azərbaycan müəllimini elə günə qoyublar ki, onun gözləri şagirdlərin əlində qalıb. Azərbaycan xalqını təhqir etmək budur. Təkcə neftdən 150 milyard dollar gəliri olan ölkənin pensiyasçısı Azərbaycan hakimiyyətinin miskin kimi təqdim etdiyi Ermənistanın pensiyasçısından az alır. Azərbaycan xalqına ən böyük təhqir məhz budur", G.Hacıbəyli deyib.
***
Milli Şuranın Koordinasiya Mərkəzinin təmsilçisi Vidadi Mirkamal öz çıxışında hakimiyyəti dürüst olmamaqda ittiham edib.
"Bu hakimiyyət 25 ildir ki, bütün seçkiləri saxtalaşdırır. Hazırkı prezident seçkilərinin özəlliyi var. Bunlar xalqın səsini oğrulayırdılar, ancaq indi bütövlükdə seçkinin özünü oğurlayıblar. Sizlərdən, hətta 5-10 insanın bir yerdə toplaşmasından qorxan bu hakimiyyət seçkiləri 6 ay önə çəkir, seçkini özü bildiyi formada aparmağa çalışır. 15 il ərzində ölkə başçısı Azərbaycana gün ağlaya bilməyibsə, Qarabağı qaytara bilməyibsə, rüşvətxurluğu daha geniş yayıbsa, indən sonra onun yenidən prezident olmasınıən xalqa nə faydası ola bilər?", o, sual edib.
Hakimiyyət təmsilçiləri isə prezident seçkisinin 6 ay önə çəkilməsini bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı bir sıra tədbirlərin və beynəlxalq əhəmiyyətli toplantıların keçiriləcəyi ilə izah edib.Prezident İlham Əliyev isə son çıxışlarının birində deyib ki, prezident seçkilərinin azad və ədalətli keçiriləcəyinə inanır.
***
Müsavat Partiyasının başqanı Arif Hacılı aksiya iştirakçılarına Türkiyədə olan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin salamlarını çatdırıb.
"lham Əliyev deyir ki, Azərbaycan cəmiyyəti demokratiyaya hazır deyil, biz demokratiyaya şərait yaratsaq, radikal dindarlar hakimiyyətə gələ bilər, Azərbaycan Suriyaya, Əfqanıstana çevrilə bilər. Bu belə deyil, Azərbaycan demokratiyaya hazırdır, layiqdir. Müsavat Partiyası hələ 100 il əvvəl xalqla birgə burda Xalq Cümhuriyyət qurub. Bu xalq 100 il əvvəl öz rəhbərlərini özü seçib, dünyaya nümunə göstərib", A.Hacılı bildirib.
A.Hacılı AXC-Müsavat hakimiyyəti dövrünə ekskurs edib, 1993-cü ildə Azərbaycan hakimiyyətinin Qarabağda qələbənin bir addımlığında olduğunu vurğulayıb.
"Ancaq 1993-cü ildə, Yeni Azərbaycan Partiyasının qurtuluş kimi qeyd etdiyi iyunundan sonra Azərbaycanın 6 rayonu işgal olundu. ", deyən A.Hacılı demokratik, azad cəmiyyət qurmaq istədiklərini vurğulayıb.
"Məqsədimiz "onlar getsin, biz gələk" deyil, bizim məqsədimiz azad, demokratik cəmiyyətin qurulmasıdır", o,deyib.
***
Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı çıxışında Azərbaycan prezidentinin növbədənkənar seçkilər təyin etməsinə toxunub.
"Müxalifətin birgə mitinqinin əsas səbəblərindən biri də ölkə rəhbəri tərəfindən ogurluq, xalqdan xəbərsiz seçki qərarı verilməsidir. Bu sekilərin xalqdan xəbərsiz olduğunu dünyaya çatdırmaq üçün burdayıq. Biz bu seçkinin durdurulmasını tələb edirik. Niyə? 100 il bundan əvvəl müsavatçı babalarımız Azərbaycan Cumhuriyyəti quranda Ermənistan Azərbaycanın arxasınca sürünürdü. İndi isə Ermənistanda parlementli respublika qurulması ərəfəsində Azərbaycan hakimiyyəti məsuliyyətsiz qərarlar verməklə öz ömrünü növbəti dəfə uzatmaq istəyir".
S.Soltanlı deyib ki, Azərbaycan xalqı tarixin bütün keçməkeşlərindən üzüağ çıxmış xalqdır.
"Bu xalq zəifdir, mübarizə aprmır, müxalifət zəifdir deyən hakimiyyət qarşısına məqsəd qoymuşdu ki, 2010-cu ildək müxalifəti tam sıradan çıxaracaq. Ancaq siz burda xalqın mübarizədən usanmadığını, bezmədiyini göstərirsiniz", o, qeyd edib.
***
İşıqlıar söndü. Mikrofon işləmir. Müxalifətçilər hökuməti mitinqə maneçilik törətməkdə suçlayırlar. İşıq qısa müddətdə bərpa olundu. Bir qrup polis tribunaya yaxınlaşıb mitinqçilərə "Təhqirə keçməyin" xəbərdarlığı etdi.
***
Azadlıq Radiosunun müxbirlərinin verdiyi xəbərə görə, Milli Şura və Müsavat Partiyasının birgə mitinqi başlayıb.
Mitinqi Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətindən İlham Hüseyn aparır.
O, açılış çıxışında hökumətin siyasətini tənqid edib.
"Bizim bu meydana toplaşmağımızın bəlkə də bir hikməti var. 25 ildir ki, bu ölkədə heç nə məhsul vermir. Səhiyyənin məhusulu zay olub, təhsilin məhsulu zay olub, iqtisadiyyatın məhsulu zay olubh, seçkinin məhsulu zay olub. Zaman göstərdi ki, dövlət adlı ağacın yaxşı məhsul verməsi üçün vətəndaş etirazı ilə onu sulamaq lazımdır", o, bildirib.
Müxalifət liderləri mitinqə gəlməyə başladı. İlk olaraq AXCP sədri Əli Kərimli gəlib.
O, çıxışında hakimiyyəti korrupsiyada ittiham edib. Mitinq öncəsi müxalifət fəallarına, o cümlədən AXCP və Müsavat fəallarına təzyiqlər edildiyini deyib.
"Biz bu mitinqlərin əsas təşkilatçılarından olmuş Gözəl Bayramlıya azadlıq tələb etmək üçün burdayıq. Bayram Məmmədov, Qiyas İbrahimli, Fuad Qəhrəmanlı, Fuad Əhmədli, Tale Bagırov, Mövsüm Səmədov, Elçin Qasımov, Əlikram Xurşidov, Ziya Əsədli, Elçin İsmayıllı və ümumilikdə 150 nəfər siyasi məhbus, vicdan məhbusu bizdən dəstək gözləyir. Biz onların hamısına azadlıq tələb edirik", deyən Əli Kərimli mitinqlərə hazırlıq zamanı basqılarla üzləşdiklərini deyib. O, vurğulayıb ki, mitinqdən əvvəl basqılardan ona görə, bəhs etməyiblər ki, bu, hazırlıq işlərini arxa plana keçirə bilər.
"Mitinq qabağı təzyiqlər haqda ona görə, məlumat vermirik ki, sizlər narahat olmayasınız. Çünki bu təzyiqlər təşkilatçı funksionerlərə aid olur. Bu dəfə də qorxaqlar təşkilatçıların evlərinin qarşısına post qoydular", deyən Əli Kərmli 80-dən artıq təşkilatçı funksionerin basqıya məruz qaldığını iddia edib.
"Qorxaqlar mitinqə mane olmaqdan ötrü əsas təşkilatçı heyəti siyasi məhbus kimi həbsə atıblar. İkinci heyətimizi də həbs ediblər. Müsavat Partiyasının onlarla nümayuəndəsini polisə aparıb təzyiq ediblər. Bütün çalışmalar ona hesablanıb ki, bu mitinqin baş tutmasına əngəllər yaradılsın".
Ə.Kərimli hökumətin siyasətini tənqid edib, son 3 il ərzində xalqın 2 dəfə yarım kasıblaşdırıldığını ifadə edib.
"Ölkənin sərvətlərinə əl qoymusuz, ölkədən daşımısız, ətrafınıza ogruları, korrupsionerləri yığmısınız. Xalqdan ayrı düşmüsünüz, hansı haqqınız var ki, antixalq hakimiyyətini bir daha davam etdirmək fikrinə düşəsiniz? Yetər artıq, antixalq hükumətinə bu ölkədə yer yoxdur!", Ə.Kərimli deyib.
Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmırlar.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.Üstəlik, rəsmilər korrupsiya iddialarını da əsasız sayır, aprelin 11-nə təyin edilən prezident seçkisinin azad və ədalətli şəkildə keçiriləcəyini bəyan edirlər.
***
Mitinqçilər meydana toplaşır.
Onların əlində "Saxta seçkilərə son", "Millət dərddə, hökumət kefdədir", "Səhiyyə can üstədir, təhsilimiz xəstədi" kimi şüarlar var.
Azadlıq Radiosunun müxbirləri xəbər verir ki, mitinqin keçiriləcəyi ərazidə internetdə problem yaranıb. Bu üzdən mitinqdən canlı yayım vermək mümkün deyil.
Milli Şuranın bundan əvvəlki mitinqləri zamanı da eyni problem yaranmışdı. Onda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı hər hansı izahat verməmişdi.
Aksiyanın təşkilatçıları isə bunu süni maneə kimi dəyərləndirib.
***
Bu gün, martın 10-da Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası birgə mitinq keçirir.
Aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqin təşkilatçıları dünən, martın 9-da Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) də olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.
Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəyasət heyətinin üzvü İ.Hüseynin deməsinə görə, polis onlara öncədən elan edilmiş şüarlardan kənara çıxmamaq, qanundankənar addımlar atmamaqla bağlı xəbərdarlıq edib.
Etiraz aksiyasının «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlarla keçirilməsi nəzərdə tutulur.
Aksiyadan öncə, Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirmişdi ki, O, da daxil olmaqla partiyanın 20-dən çox fəalı polisə çağırılaraq hədələnib.
O, sonradan yenidən Bakı Baş Polis İdarəsinə aparıldığını bildirdi. Bu dafə isə ona hər hansı təzyiq olmadığını açıqladı.
Gülağa Aslanlının deməsinə görə, Bakı polisində ona deyiblər ki, əslində bəzi şəxslərin polisə çağırılması heç də mitinqlə bağlı olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsin rəis müavini Səhlab Bağırov da mətbuata açıqlamasında bəyan edib aksiyada əvvəlcədən elan edilən şüarlardan əlavə şuarların səsləndirilməsi yolverilməzdir.