Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:10

Müxalifət Novxanıda Rəsulzadənin abidəsi önünə toplaşdı


Müsavat M.Ə.Rəsulzadəni anır. 31.01.2020
Müsavat M.Ə.Rəsulzadəni anır. 31.01.2020

Bu gün, yanvarın 31-də Müsavat Partiyasının fəalları Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından Məhəmməd Əmin Rəsulzadənin 136-cı doğum günü ilə bağlı onun Novxanı kəndindəki abidəsi önünə toplaşıblar. Onlar əvvəlcə kəndin girişindən heykələ qədər yürüş edərək, «Azərbaycan», «Müsavat», «ümummilli lider Məhəmməd Əmin Rəsulzadə» kimi şüarlar səsləndiriblər. Yürüş iştirakçılarının əlində M.Ə.Rəsulzadənin portretləri olub. Onlar həmçinin, Azərbaycanın və Avropa Birliyinin bayraqlarını qaldırıblar.

Daha sonra abidənin önündə bir sıra çıxışlar dinlənilib.

Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər M.Ə.Rəsulzadənin və Xalq Cümhuriyyətinin başqa qurucularının adının əbədiləşdirilməsindən danışıb. O, M.Ə.Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təşəbbüsə toxunaraq vurğulayıb ki, təkcə bununla iş bitmir. İ.Qəmbərin sözlərinə görə, M.Ə.Rəsulzadənin gözəl bir abidəsi Bakının ən yüksək nöqtəsində ucaldılmalıdır, onuna adı Bakı Dövlət Universitetinə verilməlidir.

İ.Qəmbər M.Ə.Rəsulzadənin gətirdiyi dəyərlərdən bəhs edərək onu «Azərbaycanın ən görkəmli dövlət xadimi» adlandırıb.

Arif Hacılı: «Yalnız Azərbaycanın lideri deyil...»

«Məhəmməd Əmin Rəsulzadə yalnız Novxanının, yalnız Abşeronun, yalnız Bakının, yalnız Azərbaycanın lideri deyil. O, dünya tarixinin ən nəhəng şəxsiyyətlərindən biridir».

Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı söyləyib.

A.Hacılının deməsinə görə, onlar Azərbaycanda demokratik cəmiyyət, hüquqi dövlət qurmaq istəyirlər. «Biz istəyirik ki, bu ölkədə talançılıq olmasın, korrupsiya olmasın, rüşvətxorluq olmasın. Biz istəyir ki, bu xalq kimi istəyirsə, öz kəndinə rəhbər seçsin,... kimi istəyirsə, öz ərazisindən parlamentə üzv seçsin, kimi istəyirsə, onu dövlətin başçısı seçsin...», - o, əlavə edib.

Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, vurğulayırlar ki ,ölkədə korrupsiya ilə mübarizədə hakim iradə mövcuddur. Onların fikrincə, ölkədəki seçkilər də xalqın iradəsini ifadə edir.

Milli Şuranın M.Ə.Rəsulzadənin abidəsinə yürüşü. 31 yanvar 2020
Milli Şuranın M.Ə.Rəsulzadənin abidəsinə yürüşü. 31 yanvar 2020

+++

Yanvarın 31-də saat 14-də isə Milli Şuranın tərəfdarları Novxanı kəndinin girişindən onun kəndin mərkəzindəki abidəsinə qədər yürüş ediblər. Əllərində M.Ə.Rəsulzadənin portretlərini tutan yürüş iştirakçıları yolboyu «Azərbaycan», «Rəsulzadə» şüarları səsləndiriblər.

Yürüş iştirakçıları öndə isə üzərində M.Ə.Rəsulzadəyə məxsus «İnsanlara hürriyyət, millətlərə istiqlal» sözləri yazılan iri plakat tutublar.

Daha sonra abidə önündə çıxışlar olub. Tədbirin aparıcısı, Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXC) Rəyasət Heyətinin üzvü İlham Hüseyn Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu 102 il əvvəllə indinin müqayisəsini aparıb. O deyib ki, 102 il əvvəl Azərbaycanda seçmək-seçilmək hüquqi olub: «İndi isə seçki deyəndə yaddaşlara «karusel» (təlimatlandırılan şəxslərin bir neçə məntəqədə səs verməsi), topa bülleten gəlir».

Əli Kərimli: «Azərbaycan yenidən Rəsulzadə yoluna dönəcək»

AXCP sədri Əli Kərimli isə öz çıxışında Məhəmməd Əmin Rəsulzadəni «Azərbaycan dövlətinin ideya atası» adlandırıb. Onun fikrincə, M.Ə.Rəsulzadə Azərbaycandan ötrü ən böyük səyləri, ən böyük fədakarlığı göstərib. Ə.Kərimlinin qeyd etməsinə görə, M.Ə.Rəsulzadə təkcə tarix yaşatmayıb, onu kitablara köçürüb.

AXCP sədrinin vurğulamasına görə, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə işğal ediləndən sonra M.Ə.Rəsulzadə bir gün də bu işğalla barışmayıb.

«Hər bir şəraitdə o, Azərbaycan ideyasını diri saxladı», - Ə.Kərimli əlavə edib.

AXCP sədri hesab edir ki, M.Ə Rəsulzadə hər cür təzyiqə sinə gərməyin nümunəsini göstərib: «Onu qısqanmaq yox, ondan nümunə götürmək lazımdır».

Ə.Kərimli vurğulayıb ki, Azərbaycan üçün onun qədər iş görən, amma onun qədər də qurban verən ikinci şəxs olmayıb.

«Azərbaycan yenidən Rəsulzadə yoluna dönəcək», - deyə o qeyd edib.

Azərbaycan hakimiyyətinin təmsilçiləri isə seçkilərdə xalqın iradəsinin əlindən alınması ilə bağlı deyilən fikirləri düzgün saymırlar. Onlar ölkədə bütün seçkilərin azad və ədalətli şəraitdə keçirildiyini bəyan edirlər. Rəsmilər M.Ə.Rəsulzadəyə qısqanc münasibətin olması ilə bağlı fikirləri də bölüşmürlər.

XS
SM
MD
LG