Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:08

'Müəllif daha çox şöhrət və pul istəyirsə...'


A.Qavrilov
A.Qavrilov

Rusiyalı ədəbiyyat tənqidçisi, redaktor və teleaparıcı Aleksandr Qavrilov əsasən yazıçı Aleksey İvanovu kəşf etməsi ilə tanınır. Tənqidçi Rusiyanın znak.com portalına müsahibəsində cəmiyyətdə baş verməkdə olan mədəni dəyişikliklərə maraqlı prizmadan münasibət bildirib.

Tarixi məqam

«Bu gün müəlliflik qarşılıqlı münasibətlərin və mətnlərin yeni tipləri ilə bağlıdır. Avropanı XX əsrin sonunadək mədəni cəhətdən bu qədər güclü və ekspansiv edən kitab və müəlliflik tipi konkret bir məqamda meydana gəlib. Sokratın öz tələbəsinə «heç nəyi qeyd etmək lazım deyil, xatırlamaq lazımdır; insan yazanda vacib şeyləri yadında saxlamır, yaddaşını məşq etdirmir və onu tədricən itirir» dediyi məqamda. Bu zaman onun digər şagirdi – Platon müəlliminin sözündən çıxaraq bu dialoqu yazıb və onu zaman səyahətinə buraxıb. Məhz bu andan etibarən Avropada kitabdan mənanın kapsullaşdırılaraq dəyişilmədən gələcək zamana göndərilməsi texnologiyası kimi istifadə olunmağa başlayıb. Biz bu epoxanın nə zaman bitdiyini də yaxşı bilirik: YouТube meydana çıxandan bəri hər kəs ehtiyacı olan ...şifahi nitq nümunəsini taparaq olduğu kimi, birbaşa, heç kimin vasitəsilə ötürülməyən şəkildə görə bilər.

Platon zəmanəsindən bəri çox uzun bir müddət kitab zamanları keçməklə gələcəyə getmək baxımından mütləq monopoliyaya malik idi. Əsrlərlə qala bilən iki cür müəlliflər var idi – yazıçılar və rəssamlar. Bu günsə hər şey dəyişir. Hərəkətli şəkillər bu monopoliyanı kitabın əlindən alır, get-gedə daha çox ərazini tutur ... və gələcək mədəni tezaurusun əsasına çevrilməyə başlayır.

Cəmi-cümlətanı yarım əsr bundan əvvəl Pavka Korçaqin və Bazarovu tanıyanlar sovet adamı sayılırdı. Günümüzdə isə böyük Avropa mədəniyyətinə aid adam böyük ehtimalla «Ulduz müharibələri»ndəki Xan Solonu Filip Pulmanın ...qəhrəmanlarından daha yaxşı tanıyır. Bu gün seriallar eynilə XIX əsrdə romanların oynadığı rolu oynayır. İnsanların qonaq otağında toplaşaraq dairəvi şəkildə əyləşməsi, kitabı, yaxud jurnalı açaraq Dikkensin «Balaca Dorrit» romanının növbəti fəslini oxuması ilə eyni mədəni davranış tipi.

​Bu gün mətnlə bağlı bu davranış tipini təsəvvür etmək mümkün deyil: axı şifahi qiraətə kim qulaq asacaq? Ancaq hərəkətli şəkillər, seriallar ətrafında toplaşmaq başqa məsələ. ...Biz xoşumuza gələn dünyalara dönə-dönə qayıdacağıq, ancaq artıq hərəkətli şəkillərin köməyi ilə.

Kitaba kim sadiq qalıb...

Yalnız əyləncəli hekayələrə ehtiyac duyan istehlakçı artıq daha keyfiyyətli, daha əlçatan videolara baxmağa başlayıb. ...Onlar tamamilə videolara keçiblər və demək olar, heç nə oxumurlar. Kitab oxumaq asandır, yoxsa hərəkətli şəkillərə baxmaq? Nə daha maraqlıdır, kitab oxumaq, yoxsa dostlarla kvest-ruma getmək? Fikrimcə, bugünkü tiplərin, texnologiyaların və qiraətin həcminin qırılması məhz bununla izah olunur. Kitaba o adamlar sadiq qalıb ki, kitab onlar üçün sadəcə asudə vaxt deyil.

Buna görə də, əgər müəllif böyük şöhrət və böyük pullar arzusundadırsa, sadəcə ədəbi əsər yox, həm ədəbi əsərlərlə, həm də bu dünya haqda digər ifadə formaları ilə təqdim edilə bilən böyük bir dünya yaratmağa hazır olmalıdır...

Məni daim mədəniyyətdəki dəyişikliklər haqda faciəvi olmayan tərzdə danışdığıma görə qınayırlar. ...Mən vəziyyəti belə görürəm: müəllifin öz mətnlərinin taleyinə birbaşa təsir etmək imkanı yaranır. Hyu Haui adlı maraqlı Amerika yazıçısı var. O, əvvəlcə böyük bir nəşriyyatda triller və detektivlər seriyasını nəşr etdirib. Sonra nəşriyyatın mətnlərin başına açdığı oyunları görüb öz şəxsi nəşriyyatını açıb. Üstəlik də, «Müəllifin qazancı» adlı sayt açıb master-klaslar verir, Amerikada və dünyada kitab bazarındakı vəziyyət haqda təhlillər dərc edir. ...Demək Haui həm də istedadlı marketoloq və çox səviyyəli yazıçı imiş.

...Cəmi 20 il əvvəl müəllif deyirdi: mənim kitabım populyar deyil, çünki nəşriyyat idiotdur, onu heç kimə göstərməyib, mətbuatda sitatlar yerləşdirməyib, tənqidçilərlə danışmayıb, məni radioya çıxarmayıb... Bu günsə o bunları etiraf etməlidir: həm də mən öz kitabımdan sitatları sosial şəbəkələrdə yerləşdirməmişəm, Amazon-da kitabdan parçalar qoymamışam və s.».

XS
SM
MD
LG