Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:46

Taleh Bağırov məhkəməyə çağrıldı və 'yox' cavabını eşitdi


Nardaran işi, vəkil Fariz Namazlı, arxiv foto
Nardaran işi, vəkil Fariz Namazlı, arxiv foto

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis, 6 nəfərin öldüyü əməliyyatla bağlı daha bir məhkəmə işi yekunlaşır. Əməliyyat keçirilən evin sahibi, hadisə vaxtı onurğasından aldığı iki güllə yarasından iflic olan Əbülfəz Bünyadov və axtarışa verilərək, 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərovun işi üzrə məhkəmə istintaqı iyunun 20-də tamamlanıb.

Bundan öncə Elxan İsgəndərovun vəkili Fariz Namazlı 13 vəsatət qaldırıb. Onların arasında "Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırov da daxil, 41 nəfərin şahid qismində dindirilməsindən tutmuş, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 18 işçisinin, Sabunçu Rayon Polis İdarəsininsə 12 əməkdaşının zərərçəkmiş statusuna xitam verilməsinədək xeyli məsələlər var.

“Nədən zərər çəkdikləri məlum deyil”

"Polis əməkdaşları zərərçəkmiş qismində tanınsalar da, onların nədən zərər çəkdikləri məlum deyil. Özləri də məhkəmədə izah edə bilmədilər ki, konkret kimin, hansı əməlindən ziyan çəkiblər. Elxan İsgəndərov Sabunçu Rayon Polis İdarəsinin qarşısında Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovun həbsinə görə keçirilən aksiyada iştiraka görə ittiham olunur. Amma o hadisə ilə bağlı dindirilən polislərin heç biri Elxan İsgəndərovu tanımır, özləri də bunu dedilər", - vəkil vəsatətini belə əsasldndırıb.

Vəsatətlərin heç biri təmin olunmayıb. Hakim Əfqan Hacıyev qərarını belə əsaslandırıb ki, dindirilməsi istənilən şəxslərin elə bu hadisələrlə bağlı ifadələri başqa hökm və qərarlarda əksini tapıb. Bu iş üzrə qərar veriləndə həmin sənədlərə baxılıb, istinad olunacaq.

Daha sonra məhkəmə istintaqının yekunlaşması məsələsi müzakirəyə çıxarılıb. Buna Əbülfəz Bünyadov da etiraz etməyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinə təcili tibbi yardım vasitəsilə gətirilib, hakim önünə də xərəkdə uzanıqlı vəziyyətdə çıxarılıb.

İyulun 3-də keçiriləcək məhkəmə iclasında prokuror çıxış edib, təqsirləndirilən şəxslərə cəza istəyəcək.

“Evinin qarşısında keşik çəkən polislər...”

Bu arada, Nardaran məhbuslarının yaxınları Ə. Bünyadovun durumuyla bağlı birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Müraciətdə deyilir ki, yataq xəstəsi olan Ə.Bünyadovun vəziyyəti ağırdır. Özünün ən adi ehtiyaclarının ödəyə bilmədiyindən, onun daimi diqqət və qayğıya ehtiyacı var. Onunla birlikdə evdə yaşayan yaxınları - anası, həyat yoldaşı və azyaşlı uşaqları da ona kömək edə bilmirlər: "Əbülfəz Bünyadovun həkim nəzarətinə, müayinəyə və müalicə almağa ehtiyacı var. Evinin qarşısında keşik çəkən polislər onun yanına heç kimi - ən yaxınlarını, hətta həkimini belə buraxmırlar. Aidiyyəti orqanlarabütün müraciətlər cavabsız qalıb və problem həllini tapmayıb. Bu, bir insana, özü də Azərbaycan vətəndaşına və ağır vəziyyətdə olan bir insana ən böyük haqsızlıq və zülmdür”.

Müraciət müəllifləri qeyd edb ki, iflic, yataq xəstəsi olan, hərəkət qabiliyyətini itirmiş bir insanla bu cür davranılması insanlıq və dövlət adına ləkədir.

Onlar Ə.Bünyadova həbs cəzası verilə biləcəyindən də narahatlıqlarını bildirərək, Mehriban Əliyevadan məsələyə müdaxilə etməsini, təzyiqlərin dayandırılmasına yardımçı olmasını istəyiblər.

Xatırlatma

Ə. Bünyadov Nardaran əməliyyatında güllə yarası alıb hərəkət qabiliyyətini itirsə də, digərləri ilə birlikdə onu da həbs ediblər. İstintaq gedişində onun işi ayrılıb. Ə. Bünyadov 1 il 1 ay həbsdə saxlandıqdan sonra durumu ilə əlaqədar 2016-cı ilin dekabrında polis nəzarətinə vermə qətimkan tədbiri ilə buraxılıb. Ona qəsdən adam öldürmə, terrorçuluq, dövlət çevrilişinə cəhd və s. daxil, 20-dək maddə ilə ittiham verilib.

E.İsgəndərova da, qəsdən adam öldürmə istisna olmaqla, Bünyadova verilən ittihamlar irəli sürülüb.

Onların heç biri özlərini təqsirli bilmir, ittihamların tam yalan olduğunu deyirlər.

XS
SM
MD
LG