Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:15

Nardaran əməliyyatında iflic olanın məhkəmədə durumu daha da pisləşdi


Nardaran əməliyyatı zaman güllələnərək hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov. 06fev2018
Nardaran əməliyyatı zaman güllələnərək hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov. 06fev2018

2015-ci il noyabrın 26-da Nardaranda ikisi polis olmaqla, altı nəfərin öldüyü əməliyyat keçirilən evin sahibi, özü də həmin gün güllələnərək hərəkət qabiliyyətini itirən Əbülfəz Bünyadov fevralın 20-də məhkəməsinə gətirilərkən vəziyyəti pisləşib. Məhkəməyə Təcili Tibbi Yardım vasitəsilə xərəkdə gətirilən Ə.Bünyadovun təzyiqi qalxıb, nəfəs almaqda çətinlik çəkib. Bu səbəbdən məhkəmə onun vəziyyətinin nisbətən yaxşılaşması üçün fasilə verməli olub.

Ə.Bünyadov Nardaran hadisələrindən sonra axtarışa verilib, 2017-ci ilin martında həbs olunan Elxan İsgəndərovla birlikdə mühakimə olunur. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Fevralın 20-də keçirilən məhkəmədə prokuror ittiham aktını elan edib. İddia olunur ki, noyabrın 26-da əməliyyat keçirilərkən Ə.Bünyadovun evinə toplaşmış şəxslərdə, o cümlədən "Müsəlman Birliyi" hərəkatının sədri Taleh Bağırov və təşkilatın digər üzvlərində silah-sursat olub, onlar polislərə atəş açıb, qumbara atıb və s. Buna görə Ə.Bünyadova dövlət çevrilişinə cəhd, qanunsuz silah-sursat saxlama, qəsdən adam öldürmə də daxil, 20-dən çox maddə ilə ittiham irəli sürülüb.

Buna da bax: Nardaranlı məhkəməyə xərəkdə gətirildi

“XRİSTİAN BİRLİYİ DƏ YARIŞ KEÇİRSƏYDİ...”

E.İsgəndərov isə "Müsəlman Birliyi" hərəkatının sədr müavini Elçin Qasımovun həbsinə görə 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin qarşısındakı aksiyada iştirakda günahlandırılır. Qəsdən adam öldürmə istisna olmaqla, ona da Ə.Bünyadova irəli sürülmüş ittihamlar verilib.

İttihamın elanından sonra E.İsgəndərov deyib ki, özünü təqsirli bilmir.

Ə.Bünyadov isə özünü təqsirli hesab edib-etməməsi haqda hakimin sualına ümumiyyətlə, cavab verməyib.

Ardınca E.İsgəndərov ifadə verib. Azərbaycan Dövlət Neft Şirkətində mühafizəçi işlədiyini, həm də idmançı olduğuna görə məşqçilik etdiyini deyən E.İsgəndərovun sözlərinə görə, idman yarışları da təşkil edirmiş: "Dost-tanış bilirdi ki, dolanışığa görə yenə iş yeri axtarırdım. "Müsəlman Birliyi" hərəkatı yarış keçirmək istəyirdi. Yarışın təşkili üçün qonorarla məni də dəvət elədilər. Razılaşdım. Mənim üçün fərqi yoxdu, Xristian Birliyi də belə yarışı keçirmək istəsəydi, gedib iştirak edəcəkdim. Çünki yaxşı iş idi. Gəncləri narkomaniyadan, pis vərdişlərdən çəkindirməyə xidmət edirdi. Mən bu cür fəaliyyətimə görə dövlətdən təşəkkür gözləyirdim. Əvəzində 12 aydır ki, heç bir günahım olmadan həbsdəyəm".

Buna da bax: İflic olmuş nardaranlıyla bağlı ekspertizanın nəticəsi bəllidir

E.İsgəndərov təsdiqləyib ki, E.Qasımovun həbs olunduğunu eşidəndə Sabunçu Rayon Polis İdarəsinə gedib. Amma orada heç bir iğtişaş olmayıb: "Polis deyəndə ki, "dağılışın", mən də çıxıb getdim. Sonra icra hakimiyyətinin qarşısında bir nəfər qoluma girdi, dedi ki, "getməlisən". Mən də getdim, 15 sutka verdilər. Çıxandan sonra bir müddət uzaqlaşdım".

“ƏKSİ OLSAYDI, İŞTİRAK ELƏMƏZDİM”

E.İsgəndərov evində axtarış zamanı tapıldığı iddia edilən "Taleh Bağırzadənin müraciəti" adlı kitabçaları ümumiyyətlə, görmədiyini deyir: "Vallahi-billahi görməmişəm. Taleh Bağırzadə ilə namazda tanış olmuşam, xütbələrini eşitmişəm. Onun çıxışlarında dövlətçilik əleyhinə fikir səslənməyib. Əgər əksi olsaydı, mən ümumiyyətlə, iştirak eləməzdim. Vətənini sevməyən adamla necə ünsiyyət saxlamaq olar?"

Buna da bax: 'Nardaran işi-2': 'Biri övladlarını, o biri atasını qorumaq üçün etmədiyini üzərinə götürüb'

Ə.Bünyadova da ifadə vermək təklif olunub. Həmçinin izah edilib ki, onun ifadə verməkdən imtina etmək hüququ da var. Amma Ə.Bünyadov çətinliklə də olsa, ifadə vermək istədiyini, amma indiki durumunun buna imkan vermədiyini məhkəməyə çatdırıb. Bu səbəbdən məhkəmə fevralın 23-nə qədər təxirə salınıb.

Məhkəmədə Ə.Bünyadovun yaxınları hakimlərə müraciət edərək, bu vəziyyətdə məhkəməyə gətirilməklə ona əziyyət verildiyini deyiblər. Bildiriblər ki, bu gün Təcili Tibbi Yardımla gətiriləndə də yıxılıb: "Adama belə əziyyət verməzlər axı..."

Hakim Əfqan Hacıyev cavabında deyib ki, onun işinin ayrılması mümkün deyil. Çünki ekspertiza Ə.Bünyadovun məhkəmə qarşısına çıxa biləcəyi haqda rəy verib.

Buna da bax: Nardaran hadisələrindən 2 il ötdü [Video]

Ə.Bünyadov əməliyyat günü həbs olunsa da, bir ildən artıq müddətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlandıqdan sonra 2016-cı ilin dekabrında barəsində həbs qətimkan tədbiri dəyişdirilmişdi. O, polis nəzarətinə vermə qətimkan tədbiri ilə evə buraxılıb.

Xatırlatma

«Müsəlman Birliyi» hərəkatının sədri Taleh Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və s. maddələrlə 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilib. Amma təqsirləndirilən şəxslər ittihamları rədd edir, saxta olduğunu bildirirlər. Onlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Amma idarənin əməkdaşları məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib edib.

XS
SM
MD
LG