Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:08

Elçin Qasımov hakimə: 'Cinayətkarın böyüyü elə sizsiniz!'


Elçin Qasımov
Elçin Qasımov

2015-ci ilin noyabrında - Nardaran hadisələrindən əvvəl, Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlamışdı.

Noyabrın 5-də onun niyə saxlandığını öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına getmişdi. O vaxt istər Elçin Qasımova, istərsə onun tutulmasına etiraz edənlərə 25-30 sutka inzibati həbs cəzası verilmişdi. Noyabrın 26-da keçirilən və ikisi polis, 6 nəfərin öldüyü qanlı əməliyyatdan sonra durum dəyişdi. Elçin Qasımov və digərlərinə cinayət işi açıldı. Onlar dövlət çevrilişi hazırlamağa cəhddə, terrorçuluqda, silah-sursat saxlamaqda ittiham edildilər.

Buna da bax:​ 'Nardaran işi-2': 'Mənə dedilər 'bandotdel'i polis bölməsi ilə səhv salma'

Elçin Qasımov və daha 11 nəfərin - Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıblar.

Martın 10-dakı məhkəmə iclasında 2015-ci il noyabrın 5-də Sabunçu Rayon Polis İdarəsinin (RPİ-nin) qarşısında yaşanmış olaylar və ardınca gerçəkləşən həbslərlə bağlı dindirmələr keçirilib.

“Kaska və qalxanım çatladı, əl qandalım itdi”

Sabunçu RPİ-nin bir neçə əməkdaşı bu olayda zərərçəkən kimi tanınıb. Onlardan biri - Yunis Məmmədov məhkəmə ifadəsində deyib ki, həmin gün Tofiq Bəhramov adına stadiondakı futbol oyununda asayişi qoruyanda, onlara təcili idarəyə qayıtmaq əmri gəlib. Polis iddia edib ki, onlar idarəyə çatanda təxminən 100-150 nəfərin toplaşıb asayişi pozduğunu görüb: “İdarəyə daş atırdılar. Biz də bir neçə nəfəri saxlayıb idarəyə apardıq. Onda kaska və qalxanım çatladı, əl qandalım itdi”.

Buna da bax:​ 'Nardaran işi-3': 'Üzərimdə kitab olsaydı, polisə getməmiş onu gizlədərdim də'

Yunis Məmmədovun sözlərinə görə, idarənin qarşısına toplaşanlar Elçin Qasımovun azadlığa buraxılmasını tələb edirdilər.

Dindirmə zamanı vəkil İradə Cavadova ondan soruşub ki, bəyəm kiminsə azadlığını tələb etmək qanunsuzluqdur? Hakim Mayıl Bayramov sualı çıxarıb, polisin cavablamasına ehtiyac olmadığını deyib. Hakimin bu davranışı Elçin Qasımovu narazı salıb. Nəticədə hakimlə ilahiyyatçı arasında mübahisə yaranıb. Mübahisəyə o biri təqsirləndirilənlər də qoşulub. Hakim Elçin Qasımovdan əyləşib susmasını tələb edəndə ilahiyyatçının reaksiyası sərt olub: “Heç sənin böyüyün bizə əmr verə bilmir. Hamısının günahı sizdədir. Adamları şərləyib bura salmısınız, danışmağa da imkan vermirsiniz. Cinayətkarın böyüyü elə sizsiniz".

Ara sakitləşəndən sonra dindirmə davam edib. Polis vəkillərin suallarını cavablayarkən deyib ki, zədələnən qalxan da, itən qandal da dövlətə məxsus əşyadır. Ardından müdafiəçilərin “Bəs onda sən nədən ziyan çəkmisən ki, zərərçəkən kimi tanınmısan” sualı cavabsız qalıb.

Buna da bax:​ 'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'

“Məhkəmə aparırsınız, yoxsa teatr qurmusunuz?”

Elçin Qasımov Yunis Məmmədovdan “idarəyə basqın etmək” deyəndə nəyi nəzərdə tutduğunu dəqiqləşdirmək istəyib. Hakim ilahiyyatçının sualını çıxarıb. Hakimin növbəti dəfə eyni addımı atması Elçin Qasımovu əsəbləşdirib: "Siz məhkəmə aparırsınız, yoxsa teatr qurmusunuz? Özünüzü niyə polislərin vəkili kimi aparırsınız?".

Ardından Elçin Qasımov zərərçəkən polisə üzünü tutub: "Sənin bu cür yalan ifadənlə bizim yox, sənin öz taleyin həll olunur. Niyə gəlmisən buraya? Allah sənə hidayət versin. İşə düzəlmək üçün nə qədər pul vermisən?".

İlahiyyatçı sualına cavab ala bilməyib.

Digər polis əməkdaşları - Xaqani DavudovElmir Ələsgərov da bənzər ifadə veriblər.

Təqsirləndirilən şəxslərdən Ağaəli Yəhyayev deyib ki, noyabrın 5-də o da Sabunçu RPİ-nin qarşısında olub. Onun sözlərinə görə, məhkəmədə dindirilən polislər yalan danışır, Elçin Qasımova görə ora yığışanların heç biri qanunsuz davranmayıb və kiməsə daş atmayıb. Ümumiyyətlə, atmağa daş da olmayıb. O, həmin gün idarədə məruz qaldığı işgəncələrdən də danışıb:

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

“Gedib soruşdum ki, Elçin Qasımovu niyə tutmusunuz? Heç sualımı axıra çatdırmağa imkan vermədilər. Vurub çənəmi əydilər, sürüyə-sürüyə idarəyə aparıb atdılar. Məndən sonra da o biri qardaşlarımızı tutub gətirdilər. Orada palaza qoyulan hörmət bizə qoyulmadı. Üstümüzdə gəzirdilər. Bizə “erməni” deyib təhqir edirdilər. Gözümə necə vurdularsa, gözüm şişdi, o vaxtdan gözümdə problem yaranıb”.

Məhkəmə martın 17-də davam edəcək.

Xatırlatma

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ 'Kasıblarla varlılar arasında uçurum dərinləşib'

Təqsirləndirilən şəxslər ittihamları qəbul etmir və Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

BMCMİ əməkdaşları isə təqsirləndirilənlərin işgəncə haqda söylədiklərinin yalan olduğunu deyirlər.

XS
SM
MD
LG