Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:14

'Nardaran işi-2': 'Biri övladlarını, o biri atasını qorumaq üçün etmədiyini üzərinə götürüb'


Nardaran məhbusları. İllüstrasiya. Gündüz Ağayev
Nardaran məhbusları. İllüstrasiya. Gündüz Ağayev

Nardaran hadisələrindən sonra həbs olunub, ondan artıq ağır maddələrlə suçlanan 12 nəfərdən ibarət daha bir qrupun məhkəməsi yekunlaşmaq üzrədir.

Aralarında “Müsəlman Birliyi” hərəkatının sədr müavini, ilahiyyatçı Elçin Qasımovun da olduğu bu 12 nəfər 2017-ci ilin yanvarından Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Şərti olaraq, “Nardaran işi-2” adlandırılan bu işdə məhkəmə istintaqı yekunlaşıb, prokuror təqsirləndirilən şəxslərə 13 ildən 16 ilə qədər həbs cəzası verilməsini istəyib. Hazırda bu prosesdə vəkillərin müdafiə çıxışı mərhələsidir.

Buna da bax: 'Nardaran işi-2': Prokuror: 'Elçin Qasımov və Ağaəli Yəhyayevin hər birinə 16 il...'

Dekabrın 22-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslərdən ikisinin – Əli Şahbazov və Əmirəli Əliyevin vəkili İradə Cavadova çıxış edib. Bildirib ki, hüquqlarını müdafiə etdiyi hər iki şəxs günahsız, onlara verilən terrorçuluq, dövlət çevrilişinə cəhd, silah-sursat saxlama və s. ittihamları isə saxtadır.

“Dövlət hesabına vəkillər heç bir iş görməyib”

İradə Cavadova deyir ki, bu adamlara ibtidai istintaq dövründə dövlət hesabına təyin edilən vəkil onların müdafiəsi üçün heç bir iş görməyib. Hətta Əmirəli Əliyev dövlət hesabına təyin olunmuş vəkilin müdafiəçi kimi üzərinə düşən vəzifəni yerinə yetirməməsindən müvafiq orqanlara şikayət məktubu da göndərib.

Buna da bax:​ Nardaran işi-2: 'Radara düşdüyümü dedilər. Mən maşın sürə bilmirəm...'

İradə Cavadova
İradə Cavadova

Söhbət Vəkillər Kollegiyasının üzvləri Aytən Əliyeva, Aydın Əliyevdən gedir.

“Əmirəli Əliyev ifadəsində də bildirdi ki, dekabrın 3-də 30 nəfərə yaxın maskalı şəxs onun evinə basqın edib. Üç oğlu ilə birlikdə onu tutub aparıblar. O, övladlarını buraxılması müqabilində istənilən sənədə qol çəkməyə razılaşıb. Beləliklə, övladları ilə hədə-qorxu gəlib, ondan törətmədiyi cinayətlə bağlı etirafedici ifadəyə imza atdırıblar. Onun imzaladığı ifadələri müstəntiq yazıb. Bu adam özü yazıb-oxuya bilmir. Təəssüf ki, Əmirəli Əliyevə dövlət hesabına təyin olunmuş vəkil heç bir addım atmayıb – nə bir vəsatət qaldırıb, nə də ona qarşı qanun pozuntuları ilə bağlı harasa şikayət edib. Əmirəli Əliyev bildirir ki, onun barəsində həbs-qətimkan tədbirinin müddəti uzadılarkən məhkəmədə vəkil iştirak etməyib. Amma necə olubsa, Aytən Əliyeva adlı vəkil həmin gün guya, Əmirəli Əliyevlə bağlı istintaq hərəkətlərində iştirak etməsi haqda sənədlərə imza atıb”, - İradə Cavadova bildirib.

Buna da bax: Nardaran sakini: 'Atamın məzarının şəklini paylaşdığıma görə həbs ediblər'

Digər müvəkkili Əli Şahbazovun da ibtidai istintaq dövründə dövlət hesabına təyin olunmuş vəkil tərəfindən keyfiyyətli müdafiə olunmadığını deyən İ.Cavadovanın sözlərinə görə, o da təzyiq və hədə-qorxu altında etiraf xarakterli ifadələri imzalamaq məcburiyyətində qalıb:

“Necə ki, Əmirəli Əliyev övladlarını qorumaq üçün protokolu imzalayıb, Əli Şahbazov da yaşlı atasına görə eyni addımı atıb”.

“Ən dəhşətlisi qanun adı altında törədilən ədalətsizlikdir”

Buna da bax: ‘Nardaran işi-3’: 'Bu adamlar terrorçu deyil, günahsızdır'

Vəkil deyir ki, hüquqlarını müdafiə etdiyi şəxslərin evlərindən silah-sursat, “Hacı Taleh Bağırzadənin müraciəti” adlı kitabça tapılması haqda iş materiallarında yazılanlar yalandır. Müdafiəçinin sözlərinə görə, sözügedən kitabça ümumiyyətlə, mövcud olmayıb, onu sonradan kustar üsulla hazırlayıb, iş materiallarına əlavə ediblər: “Beş səhifəlik həmin kitabçada guya, Taleh Bağırovun çağırışları yer alıb. Orada “Nardaranda baş verənlər”, “Elman Ağazadəyə, Elçin Qasımova edilən zülmlər” ifadələri yer alıb. Nardaranda noyabrın 26-da əməliyyat keçirilən gün Taleh Bağırov həbs olunub. Elman Ağazadə də ondan bir neçə gün sonra həbs edilib. Taleh Bağırov hadisələri necə öncədən görüb, onları bu kitabçaya daxil edə bilərdi? Deməli, Taleh Bağırov bu kitabçanı həbsindən sonra saxlandığı təcridxananın zirzəmisində yazıb, ya da onu başqa adamlar məqsədli şəkildə hazırlayıb, iş materiallarına əlavə ediblər. İndi də belə qələmə verirlər ki, guya, təqsirləndirilən şəxslərin hamısının evindən çıxıb”.

Buna da bax: Nardaran hadisələrindən 2 il ötdü [Video]

Hüquqlarını müdafiə etdiyi şəxslərin barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyən vəkil çıxışının sonunda hakimlərə çağırış edib: “Aristotel deyirdi ki, bütün ədalətsizliklər arasında ən dəhşətlisi qanun adı altında törədilən ədalətsizlikdir. Mən sizi ədalətli olmağa çağırıram”.

Məhkəmə dekabrın 25-də digər vəkillərin çıxışları ilə davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir.

Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı “Facebook” səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı “Nardaran-3” olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il azadlıqdan məhrum edilib.

“Nardaran məhbusları” məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bu yaxınlarda daha az cəza alan “Nardaran məhbusları”ndan 18 nəfər vaxtından əvvəl məhkəmənin qərarı ilə azadlığa çıxıb. Onların bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qalmışdı.

XS
SM
MD
LG