Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:14

'Cavan oğlansan, üzə durmağı sənə yaraşdırmıram...'


Nardaran məhbusları (illüstrasiya).
Nardaran məhbusları (illüstrasiya).

“Cavan oğlansan, yalandan üzə durmağı sənə yaraşdırmıram. Biz həbsdən çıxacağıq, bəs sən vicdanın qarşısında necə cavab verəcəksən?” - bunu həbsdə olan ilahiyyatçı Zülfüqar Mikayılov öz məhkəməsində dindirilən polis əməkdaşı Emin Səfərova deyib.

Zülfüqar Mikayılov Nardaran hadisələrindən sonra həbs olunub. O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə olunur. Bu qrupda 12 nəfər məhkəmə qarşısına çıxarılıb.

Buna da bax:​ Nardaran məhbusunun 'kars'a salındığı bildirilir

“Hamısını yadda saxlamağa borclu deyiləm”

Bu məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir. Şahidlər isə hələ ki, DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin ("bandotdel") əməkdaşlarıdır. Elə Emin Səfərov da bu idarənin əməliyyat müvəkkili, polis mayorudur.

O bildirib ki, təqsirləndirilən şəxslərdən Zülfüqar Mikayılovu saxlayıblar: “2015-ci ilin noyabrın 26-da Zülfüqar Mikayılovun odlu silah və partlayıcı saxlaması, onun dini ədavətin yaradılmasında Taleh Bağırzadə ilə əməkdaşlıq etməsi barədə əməliyyat məlumatı daxil oldu. Əməliyyat qrupu yaradıldı və mən qrupa rəhbər təyin edildim. Evə gələndə onu saxladıq. Üzərində tapança, evində isə partladıcı maddə olduğunu dedi. Evinə baxış keçirib 2 qumbara, 2 qumbara alışdırıcısı, 4 trotil şaşkası, netbuk və noutbuk götürdük. Evdə heç kim yox idi. Zülfüqar Mikayılova zor tətbiq edilmədi”.

Buna da bax: Prokuror Məşədi Natiqə cəza istəyəcək

Səfərov vəkillərin onların idarədən nə vaxt çıxması, Mikayılov saxlanılarkən Nardaranda 2015-ci il noyabrın 26-da 6 nəfərin öldüyü qanlı əməliyyatın keçirilib-keçirilməməsi, Zülfüqar Mikayılovun evinin yerləşdiyi binanın neçə mərtəbəli olması və s. suallarına “xatırlamıram” cavabını verib: “Çox əməliyyat olub, hamısını yadımda saxlamağa borclu deyiləm”.

"Polislər 100 manatımı da götürdülər"

Təqsirləndirilən Zülfüqar Mikayılov isə Səfərovun yalan danışdığını, əməliyyata ağ saçlı başqa birinin rəhbərlik etdiyini söyləyib: "Məni evin qarşısında yox, maşında saxlayıblar. Mənim üstümə də, evimə də silah-sursatı özləri qoyublar. Hal şahidlərini də idarədə görmüşəm. İki hal şahidinin hərəsinə 5 manat verdilər. Əməliyyatçılar mənim cibimdəki 100 manatı da götürdülər".

Buna da bax:​ 'Nardaran işi-3': Təqsirləndirilənlərin yaxınları zaldan çıxarıldı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşları Hətəm Əliyev, Rövşən Camalov da iş yoldaşları Səfərovun ifadəsinə bənzər ifadə veriblər.

Camalov dindirilərkən təqsirləndirilən şəxslərdən Eldar Bünyatov onun söylədiklərinin həqiqətə uyğun olmadığını bildirib: “Siz mənə dediniz ki, silahları boynuma götürməsəm, yaşlı adamam, məni aparıb incidəcəklər. Konstitusiyanı mənim dayım Cəfər Mövsümzadə yazıb. Bizi neçə maddə ilə yükləyiblər. Mənim 65 yaşım var, 66 yaşa keçirəm. Şəkər xəstəsiyəm, kistam var. Mən avtomat gəzdirən adamam? Mənim üzərimdə heç alma kəsməyə balaca bıçaq da olmayıb”.

Daha bir Nardaran məhbusu çəliklə gəzir

Məhkəmədə həmçinin təqsirləndirilən Əli Hüseynovun vəkili Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Əli Hüseynov dəri eqzeması xəstəliyindən əziyyət çəkir, bel nahiyəsində yırtıq var: “Əli Hüseynov dəri eqzeması xəstəliyinə görə dietik qida qəbul etməli, onun qidasına nəzarət edilməlidir. Onun xəstəliyi dərisinin qırmızımtıl olmasına və qızartılara səbəb olur ki, o da güclü qaşınma verir. Qaşınma isə mikrob yarada bilər. Ona dərman verilməlidir, Müalicə Müəssisəsində isə bu, mümkün deyil. Bundan başqa, onun belindəki yırtığa görə əslində, əməliyyat olunması lazımdır, lakin həkimlər onun dəri eqzeması xəstəliyi olduğu üçün əməliyyatı yox, türkəçarə ilə müalicəni məsləhət biliblər. Əli Hüseynov belindəki yırtığa görə çəliklə yeriyir”.

Buna da bax:​ 'Nardaran işi-2': 'Lapşini həyətdə gəzdirirlər...'

Zeynal Ağayevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Məhkəmə aprelin 17-də davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ 'Nardaran işi-3': 'Bandotdel'də iki Mehman söhbəti

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG