Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:56

'Nardaran işi'ndə hökmlər alqışlarla qarşılandı [video]


'Nardaran işi'ndə hökm oxunacaq. 25yan2017
'Nardaran işi'ndə hökm oxunacaq. 25yan2017

2015-ci il noyabrın 26-da Nardaranda baş vermiş qanlı hadisələrə görə həbs olunan Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin ötən ilin iyulundan başlamış məhkəməsi yanvarın 25-də yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Əlövsət Abbasovun sədrliyilə, Eldar Mikayılov Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyasının hökmü ilə təqsirləndirilən şəxslərdən Taleh Bağırov və Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran hadisələrilə əlaqədar “Facebook” sosial şəbəkəsində yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.

Buna da bax:​ Taleh Bağırov məhkəmədə 'son söz'ünü deyib

Nardaran əməliyyatı

2015-ci il noyanrın 26-da polisin Bakının Nardaran qəsəbəsində əməliyyatında ikisi polis olmaqla 6 nəfər həlak olub. Rəsmi ittihama görə Nardaranda radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərərkən öldürülüblər, qarşıdurmada da 2 polis əməkdaşı həlak olub.
Nardaranda və Sabunçu polis idarəsinin qarşısında verən hadisələrə görə 70-dən çox adam da saxlanmışdı. Onların əksəriyyəti bir neçə gün sonra azad edilib, bir hissəsi isə 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.
Hazırda Nardaran hadisələrinə görə saxlanan 18 nəfərin məhkəməsi gedir.

Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarov cəzasının ilk 5-7 ilini qapalı həbsxana rejimində çəkəcək.

“İttiham aktını heç olmasa, sözbəsöz köçürməzdiniz”

100 səhifədən artıq həcmi olan hökmün elanı səhər saat 11-də başlayıb və axşam saat 16.30-a qədər çəkib. Hökmdə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələr - həbs olunub aparılarkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qalmaları; işgəncə altında ifadələrə imza atmaları; namaz üstündə olduqları vaxt polislərin atəş aça-aça evə hücum etməsi; onların heç birində silah olmaması; ölənlərin hamısının, o cümlədən iki polisin öz həmkarları tərəfindən qətlə yetirilməsi; Taleh Bağırovdan Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə almağa cəhd göstərilməsi haqda deyilənlər hökmdə öz əksini tapıb. Amma hakimlər bu ifadələrə tənqidi yanaşıb və təqsirləndirilən şəxslərin məsuliyyətdən qaçmaq cəhdi kimi qiymətləndirib. Təqsirləndirilən şəxslərin işgəncə altında imzaladıqlarını bildirdikləri istintaq ifadələri əsas götürülüb və hökmə daxil edilib.

Buna da bax: Nardaran işi: 'Deyirlər, Nardarana 12 milyona yol çəkiblər...'

Hətta məhkəmədə dindirilmiş şahidlərin də istintaqdakı ifadələri əsas götürülüb. Hərçənd, şahidlər məhkəmədə dindiriləndə həmin ifadələrdən imtina etmiş, onları fiziki və psixoloji təzyiq altında imzaladıqlarını bildirmişdilər.

“İttiham aktını heç olmasa, sözbəsöz köçürməzdiniz. Ayıbdır...”, - Fuad Qəhrəmanlı hökmün elanı zamanı etirazını bildirib.

“Zülm olan istənilən yer zindandır”

Hökmün elan olunması bir neçə saat çəkdiyinə görə iki dəfə fasilə verilib. Ömürlük həbs cəzası gözləyən Taleh Bağırov məhkəməni izləməyə gələnlərə müraciət edib: “Mənə ömürlük cəza oxunanda məyus olmayın, əksinə, əl çalın. Bu, bizim qələbəmizdi. Zülm olan istənilən yer zindandır. Mən həbsdə daha rahatam, əksinə, sizlərdən narahatam”.

Buna da bax:​ Arif Yunus: 'Bizi vətəndən, faktiki, deportasiya etdilər'

Bir neçə gün əvvəl “Azadlıq” qəzetində Taleh Bağırov haqqında yazı yazmış jurnalist Rövşən Məmmədlinin həbsinə toxunan ilahiyyatçı söyləyib ki, Azərbaycan hakimiyyəti azad sözün, özgür düşüncənin qarşısına silahla çıxdığı gün uduzub.

Taleh Bağırov deyib ki, onlar dövlət çevrilişinə cəhddə suçlanır, əslində isə bu dövləti çevirən hakimiyyətin özüdü: “Bunlar bu gedişlə Azərbaycanı Suriyaya çevirmək yolu tutublar”.

Təqsirləndirilən şəxslər hökmü alqışlarla qarşılayıblar. Onların yaxınları, xüsusən analar isə hakimlərə qarğış ediblər.

Buna da bax: Məşədi Natiqin işinə qapalı məhkəmədə baxılacaq

Hökmün qanunsuz və əsassız olduğunu deyən vəkil Yalçın İmanov apellyasiya şikayəti veriləcəyini bildirib. Müdafiəçi apellyasiya instansiyasından da ədalətli nəticə gözləmir. Onun sözlərinə görə, bu iş Avropa Məhkəməsinə çıxarılacaq. Ona görə də ölkədaxili məhkəmə instansiyalarını keçməyə məcburdurlar.

Xatırladaq ki, prokuror Taleh Bağırova ömürlük, 14 il 6 ay cəza alanlara 15 il, Fuad Qəhrəmanlıya 11 il həbs verilməsini təklif etmişdi.

Tale Bağırovun xanımı Leyla İsmayılzadənin hökmə münasibəti

Tale Bağırovun xanımı Leyla İsmayılzadənin "Nardaran işi" ndə çıxarılan hökmə münasibəti
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

XS
SM
MD
LG